Düşmən gələcək təxribatlarına zəmin yaratmağa çalışır- MN

İşğal altında olan Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə kəşfiyyat məlumatı daxil olub. Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən SİA-ya məlumat verilib.

Ehtimal olunur ki, fosfor tərkibli döyüş sursatının qeyd olunan ərazilərə gətirilməsində düşmənin məqsədi ilk növbədə onun Azərbaycan Ordusunun bölmələrinə qarşı tətbiq edilməsidir. Digər tərəfdən isə həmin sursatın guya bölmələrimiz tərəfindən əraziyə səpələndiyi barədə dezinformasiya yaymaqdır.

Artıq oktyabrın 30-da Ermənistan tərəfi guya Azərbaycan Ordusunun ağ fosfor tərkibli silah tətbiq etməsi barədə yalan və saxta məlumat yayıb və beləliklə də gələcək təxribatları üçün zəmin yaradır.

Bir daha bildiririk ki, Azərbaycan Ordusunun silahlanmasında qadağan olunmuş heç bir döyüş sursatı yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...