Elə bunu əldə rəhbər tutan Azərbaycan televiziya məkanı hər il yayda olduğu kimi, bu yay da televiziya kanallarında təkrar film, serial, köhnə şou və konsert proqramları, verilişlərlə efir vaxtını doldurur. Əslində bu, təzə xəbər deyil, qeyd etdiyim kimi hər ilki ənənədir.

Ötən şənbə bir qədər televiziya izləmək qərarına gəldim. İdarəetmə pultunu götürdüm əlimə, bir kanal, iki kanal, ümumilikdə bir neçə televiziya kanalına baxmalı oldum. Ona görə baxmalı oldum ki, birinə baxdım, gördüm təkrar veriliş, o birinə çevirdim, gördüm yenə təkrar veriliş, məcbur qalıb o birinə çevirdim, gördüm yenə təkrar. Qayıtdım birinci rastlaşdığım təkrara. Təsadüfə bax ki, həmin verilişə vaxtilə baxmışdım. Baxmasaydım, bu dəfə baxanda yenə mənə yeni gələ bilərdi. Yox, ekranın bir küncündə təkrar sözü yazılmışdı. Sadəcə baxmamış olsaydım o zaman maraqlı gələrdi, təkrar olsa da.

Təəssüf doğuran hal budur ki, verilişdə artıq dünyada olmayan insanla bağlı hissə də var idi. Həm də bu hissə onun sağlığında şou aləmində qalmaqala səbəb olan məsələlərdən idi. Düşündüm ki, bir neçə il öncə böyük səs-küy yaradan, aylarla davam edən bir prosesi yenidən təkrar olaraq efirdə yayımlamaq görəsən nə dərəcədə düzdür? O hissəni kəsmək də olardı. Lakin yəqin kiminsə ya yadına düşməyib, ya da diqqətini cəlb etməyib.

O biri kanalların birində kənd həyatından təkrar veriliş gedirdi, o birində isə serial təkrarı vardı. Bir qədər də kənd həyatından olan verilişə baxdım. Sonra o biri kanala keçidim, serialın bir parçasına baxdım, gördüm yox, baxmaq mümkün deyil, yavaşca televizoru söndürdüm.

Yuxarıda da qeyd etdiyim kimi, hər il yay fəslinin iki ayı-iyul və avqust aylarında televiziya kanalları beləcə “təkrar biliyin anasıdır” deyiminə riayət edirlər. Hələ məlum televiziya kanalında şənbə-bazar günlərinin Hindistan günləri elan olunduğunun da şahidi olmuşuq. Hind filmlərinə o qədər baxmışdıq ki, hər birini əzbər bilirdik. Şou proqramlar da var həmin kanalda ki, yay, qış, yaz payız təkrar yayım vaxtı var. Bax ki, baxasan. Bez ki, bezəsən.

Anlayırıq, yay fəslidir, məzuniyyətə, istirahətə gedən var. Yəqin bu təkrarlar da televiziya kanallarında yay fəslində işçi sayının az olmasından, yeni verilişlərin çəkilməməsindən irəli gəlir. Maraqlıdır, ona görə maraqlıdır ki, tamaşaçı nə etsin ki, siz məzuniyyətə, istirahətə getmisiniz. O, baxmağa veriliş axtarır. Tamaşaçı da sizə qoşulub istirahətə getməyib ki... Oturub evində, televizorun idarəetmə pultunu da alıb əlinə, telekanallarda gəzir o başa, gəlir bu başa. Baxmağa, əylənməyə, vaxtını keçirməyə, istirahətini səmərəli qurmağa çalışır. Yayın istisindən evdən bayıra çıxa bilməyib axşamı gözləyir ki, hava sərinləsin, küçəyə çıxsın. Bütün bu vaxt ərzində isə televizora baxmasın, nə eləsin? Baxıb da təkrar, təkrar, təkrar görəndə bəs nə etsin? Bunların əksəriyyətinə baxıb axı...

Yaxşı, deyirsiniz ki, təkrar biliyin anasıdır. Onda bütün tamaşaçılar adından xahiş edirəm ki, təkrar verilişləri, şou proqramları, film və serialları təqdim edəndə bizə bir az “yazığınız” gəlsin. O bəzi seriallar var ey, baxanda adamı hələ qışda tər basırdı, onların bu yayın istisində təkrarını yayımlayıb bizi suda boğmayın axı. Baxmaqdan gözlərimiz kor olan o şou proqramlara da bir əl gəzdirin. Təkrar olar bir, iki, üç dəfə. Ta daimi yox.

Digər verilişlər də var ki, onların hansı ildə çəkildiyini, hansı hadisələrin yeniləndiyini, kimlərin həyatda olub-olmadığına bir nəzər salın. Bəzən bir verilişdə baxıb görürsən, burada bir məsələdən bəhs olunur, hansı ki, o məsələ bir neçə ildir, öz həllini tapıb. Təkrar verilişdə isə köhnə məsələ müzakirə olunur. Qalırsan çaş-baş. Deyirsən axı dünən ayrı söz deyirdilər, görəsən yalanmış?

Dünyasını dəyişənlərə hörmət etmək isə hər birimizin borcudur. Unutmayaq ki, sabah hər birimiz haqq dünyasına yolçu olacağıq.

“Təkrar biliyin anasıdır”, - deyib tamaşaçının yaddaşını möhkəmləndirmək fikrində olan əziz telekanal əməkdaşları, indi ki, bizə təkrarları təqdim edirsiniz, bu halda bizim köhnə yerli filmlərimizi yayımlayın bir-birinin ardınca. Çünki onlara hər dəfə təkrar baxanda da yenə nə isə öyrənirik. Baxaq və gözləyək, görək bu cür filmlərin yenisi nə vaxt efirlərimizi bəzəyəcək... Nə qədər ki, belə filmlər ərsəyə gələ bilmir, “təkrar biliyin anasıdır” deyək, lakin heç olmasa bu gözəl filmləri təkrar-təkrar seyr edək. Digər təkrarlara isə, vallah, ehtiyac yoxdur...

Mətanət MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə