Elçin Bayramlı

Elmi faktlar və adi müşahidələr sübut edir ki, planetimiz qəsdən dağıdılır

“Biz ətrafımızı o qədər dəyişmişik ki, indi orada mövcud olmaq üçün özümüzü kökündən dəyişməliyik…” Viner Norbert (ABŞ riyaziyyatçısı, “kibernetikanın atası”)

Qlobal istiləşmə şəraitində Arktika və Antarktidakı, həmçinin Qrenlandiyadakı buzlaqların əriməsi sürətlənib. Artıq buz təbəqəsindəki ərimənin qarşısını almaq mümkün deyil. Son 20-30 ildə bu ərimə daha da sürətlənib və buz təbəqələri çox böyük ölçülərdə yoxa çıxıb. Hətta təxminən 10 il qabaq BMT baş katibi Arktikanın əriməsini öz gözləri ilə görmək üçün gəmi ilə şimal qütbünədək getdi. Əvvəllər buz təbəqəsindən atom buzqıran gəmilərlə belə yaxınlaşmağın mümkün olmadığı yerlərə adi gəmi ilə rahatca gedib gəldi.

Son bir neçə min ildə bircə dərəcə belə istiləşməyən planetimizin orta temperaturu son 1 əsrdə 3 dərəcə artıb ki, bu da faktiki fəlakət siqnalıdır. Antarktidada tarixdə ilk dəfə 20 dərəcədən yuxarı temperatur qeydə alınıb. Sibirdə temperatur 40 dərəcəyə çatıb. Son elmi məlumatlar ərimənin ehtimal olunandan 100 dəfə daha sürətlə getdiyini göstərdi. Hesablamalara görə, təkcə Qrenlandiyanın əriməsi dəniz səviyyəsini 7 metr qaldıracaq, bu özlüyündə böyük fəlakətdir, bunun üzərinə Arktika və Antarktidanın da əriməsini əlavə etsək, vəziyyəti təsəvvür etmək çətin olmaz.

Daha açıq desək, bunlar nəhəng qlobal kataklizmlərin başlayacağını göstərən əlamətdir. Dağlarda buzlaqların əriməsi isə tezliklə qlobal içməli su böhranı yaradacaq və hətta su müharibələrinin baş verəcəyi ehtimal olunur. Konkret olaraq bu proses antropogen təsirlərin, yəni birbaşa insan fəaliyyətinin nəticəsidir. Baxmayaraq ki, iri sənaye oliqarxlarının oyuncaq “elmi” mərkəzləri diqqəti problemin əsas səbəbindən yayındırmaq üçün bəşəriyyətə nağıl danışırlar. Guya ki, bu vəziyyət Günəşdə gedən hansısa proseslər, nə bilim, kosmosda baş verən hansı proseslərin təsiri ilə imiş. Halbuki elmi faktlar və adi müşahidələr sübut edir ki, planetimiz qəsdən dağıdılır.

Burada yeganə təqsirkar insanların özləridir. Kapitalizm sistemi planetdə bütün canlı aləmin axırına çıxmağa rəvac verir. Lazımsız istehsal həcmi, vəhşicəsinə istehlak qudurğanlığı, lüzumsuz rəqabət mühiti və çoxlu sərvət əldə etmək həyasızlığı dünyanı məhvə aparır. Qısası, öz evimizi, yəni dünyamızı şüursuzcasına dağıtmaq, bütün canlı üçün biz insanlar əlimizdən gələn hər şeyi edirik.

Ultrakomfort həyat arzusu, fasiləsiz istehlak xəstəliyi, dəb və özünü başqalarından üstün göstərmək sindromu dünyanın axırına çıxır. Bəzi nüfuzlu alimlərin fikrincə, artıq planetimizi, canlı aləmi xilas etmək, bu qorxunc prosesi dayandırmaq və hər şeyi geri qaytarmaq üçün son imkanlar da itirilib.

Ekoloq alimlər artıq planetimizdəki ekoloji proseslərin qarşısıalınmaz, geridönməz formaya keçdiyini etiraf ediblər. Yəni biz ,necə deyərlər, “bir balaca” gecikmişik. BMT-də dünya dövlətlərinin nümayəndələri müzakirə apardılar ki, qlobal istləşmənin sürətini azaltmaq üçün istehsal və atomosferə tullantılarının həcmi azaldılsın.

Hətta maksimum tədbirlər belə ümumi orta temperaturun artımını 3 dərəcədən aşağı salmağa qadir deyil. Halbuki dövlətlər minimum azalmanı belə qəbul etmək istəmirlər. Bunun üçün Kioto protokoluna baxmaq kifayətdir. İri dövlətlər protokola qoşulmamaqla göstərdilər ki, onlar planetimizin xilasında yox, özlərinin müvəqqəti nüfuz və üstünlüyündə maraqlıdırlar. Kasıb ölkələr isə deyirlər ki, biz də sizin kimi yaşamaq istəyirik, ona görə də sənayeni azalda bilmərik.

Misal üçün, ABŞ təkbaşına dünya ekologiyasının korlanmasında 40 faizlik paya malikdir. Halbuki onun əhalisi dünya əhalisinin cəmi 3 faizini təşkil edir. Çin və Hindistan deyirlər ki, biz hərəmiz milyard yarım əhalini təmin etməliyik, insanlarımızın varlı ölkələrdəki kimi yaşamaq haqqı var, ya hamı eyni yaşayacaq, ya da biz heç nəyi ixtisar edən deyilik, yəni zərərli sənaye sahələrini və onun tullantılarını azaltmayacağıq. Bax, dünyamız belə bir şüursuz vəziyyətdə dağılmağa doğru gedir. Bunun səbəbi, hələ də dünyamızda ədalətli və ağıllı insan cəmiyyəti qura bilməməyimizdədir. Nə qədər ki, insanlar sağlam təfəkkürə yiyələnə bilməyib, labüd bəşəri fəlakətdən sığortalanmaq mümkün olmayacaq. Artıq sonun başlanğıcındayıq...

Bütün xəbərlər Facebook səhifəmizdə