Dilimizdən hörümçək sancar-sancmaz? KÖŞƏ YAZISI

İndiyə qədər bir sıra dilçi mütəxəssislərimiz zaman-zaman dilimizə yatmayan bəzi ifadələri orfoqrafiya lüğətimizə salıblar. Olsun, yəni elə sözlər olur ki, onların vacibliyi bəzən öz əhəmiyyətini saxlayır və gec, ya da tez dilimizə uyğunlaşırlar zorən də olsa. Müasir zamanımızın inkişafını, elmi-texnoloji tərəqqisini nəzərə alsaq bir sıra terminlərin və s. sözlərin də yeniləndiyinin şahidi oluruq. Bu baxımdan, anlaşılan tərəflər də olur.

Amma elə sözlərimiz də var ki, onları dəyişərək əcaib-qəraib tərzdə xalqa təqdim etmək ümumiyyətlə, məzhəbibilinməz bir məsələyə çevrilir. Elə götürək son bir neçə gündə hörümçək sözünün spayder ifadəsi ilə dəyişdirilməsi ətrafında yaranmış fərqli-fərqli, əsasən də mənfi yöndə səslənən fikirləri. Əcəba, çox maraqlıdır ki, bunu hansı əsasla, hansı düşüncə tərzi ilə ediblər? Məgər söz tapmadılar dəyişdirməyə? Yaxud, o boyda Dilçilik institunda bir nəfər tapılmadımı binəva hörümçəyi spayderə çevirənlərə iradını bildirsin və desin ki, bəs “ay balaaaa, spayder nədir, yox bir treyler..?!”

Bilirsiniz niyə ay bala? Ona görə ki, orfoqrafiya lüğətinin məsul redaktoru məsələ ilə bağlı münasibətində gah işçi qrupunun gənclərdən ibarət olduğunu deyib və hörümçək sözünün unudularaq lüğətə salmadıqlarını qeyd edib, gah da vəziyyətdən çıxmaq üçün spayder ifadəsinin avtomobilə aid bir hissə (?) olduğunu deyib. Sizi inandırım ki, bugünə qədər avtomobillərdə spayder adlı hissənin və ya hissəciyin olduğunu bilməmişəm. Hətta özüm-özümdən şübhələndim, bir gör nə qədər texniki bilgi sarıdan geri qalmışam ki, bu yaşıma qədər maşınlarda spayder hissəciyinin olduğunu bilməmişəm. Beləliklə, utana-utana maşınlardan başı çıxan, onların texniki hissəciklərindən anlayan bir dostuma müraciət etdim və soruşdum ki, bəs ay qaaa, spayder nəmənə zaddır ki, bugünə qədər onu şey edə bilməmişəm? Qayıdıb mənə qıyqacı nəzərlərlə baxıb nə desə yaxşıdır? Dedi, get yazı-pozunla məşğul ol, maşın-muşunlarda belə hissə olmur, ya da get özünü həkimə-zada yoxlatdır, yəqin son vaxtlar normadan artıq yazılar yazırsan, beynin yorulub...

Bu minvalla güclə də olsa spayder sözünün avtomobillərə aid olmadığını öyrəndim, bir də öyrəndim ki, sən demə Dilçilik institunda gənclərdən ibarət işçi qrupu fəaliyyət göstərirmiş. Bunu lüğətin məsul redaktoru olan şəxs deyib. Amma onların, yəni gənclərin hörümçək sözünü lüğətə salmağı unutmaları isə əslində bəhanədir. Çünki əvvəl-axır onun son variantını nəzərdən keçirən peşəkar mütəxəssislər var, buna isə şübhə yoxdur...

Nə isə, Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətindən hörümçək sözünün çıxarılması yerinə isə spayder sözünün salınmasında gənclərin yeri və rolunu qınamıram, çünki indinin gəncləri yeniyetmə və ya uşaqlıq çağlarında Hollivudun çəkdiyi “Hörümçək adam” filminə çox, hətta dəfələrlə baxıblar. Orada əsərin qəhrəmanının da adı Spaydermen idi. Yəqin uşaqlıqlarındakı hisslərini lüğətimizə daşımaqla öz qəhrəmanlarını milli şəkildə əbədiləşdirməyə çalışıblar həmin gənclərimiz. Amma unudublar ki, istənilən azərbaycanlı bundan sonra da hörümçəyə elə hörümçək də deyəcək. Hətta spayder desə belə adamın dilindən hötümkək sancar, özü də hörümçəklərin sancması yaman ağrılı olur deyilənə görə. Hələlik məni sancmayıb, amma bir dəfə cürət edib spayder ifadəsini işlədəcəm ki, görüm o sancma nə təhər olur?

Hə, unutmamış onu da deyim ki, sən demə hörümçək sözü lüğətdən çıxarılsa da, bu sözdən yaranan hörümçəkkimilər, hörümçəyəbənzər, hörümçəyəoxşar tipli sözlər saxlanılıb. Amma nahar yerə! Baltanı vurmusunuzsa kökündən vurardınız barı. Hörümçəkkimilər olardı spayderkimilər, hörümçəyəbənzər olardı spayderəbənzər, hörümçəyə oxşar da olardı spayderəoxşar.

Nə isə, deyəsən çox dərinə getdim, ancaq bəlkə də, bu məsələnin üzərindən sakitcə keçə bilərdim. Vecsiz olaraq deyərdim: “mənə nə, əşşi cəhənnəmə ki!”. Dedim də, amma bu yerdə həmin ifadə də məni düşündürdü və hörümçək toru kimi tutdu. Özü də bir filmimizi yadıma saldı, “Şərikli çörəyi”. Orada Qırçı Məhəmməd demişdi: sözə bax e, “cəhənnəmə ki...”

Bütün xəbərlər Facebook səhifəmizdə