Uşaqlıq xatirələrindən yadımda qalan hadisələrdən bir də budur ki, valideyinlər ipə-sapa yatmayan, dəcəl uşaqlarını qorxutmaq üçün "sakit ol, yoxsa, xoxan gəlib, səni aparar" deyə bildirirdilər. Nə işdirsə, həmin dəcəl uşaqlar hədədən sonra bir neçə gün sakitliyə riayət edir və bəzən də, yanına- yörəsinə boylanıb, nəsə axtarırdı, amma az sonra, ənənəsini davam etdirirdi. Bu gün cəmiyyətimizdə baş verən bəzi hadisələr dəscəl uşaqların şuluqluğuna bənzəyir. Ancaq bir fərq var ki, uşaqlar, sadəcə, çoxsaylı sualları və ya hay-küyləri ilə valideynlərini yoruldularsa, indiki böyüklər şuluq əməlləri ilə cəmiyyətimizə zərbələr vururlar. Düzdür, şuluqluq edən böyüklərə də, "xoxan gəlib səni apara bilər" deyilsə də, onlar dişlərini ağardıb, gülümsəməklə fəaliyyətlərini davam etdirirlər. Həm də, bu kateqoriyadan olan məxluqlara ağıl vermək, düz yola çağırış etmək də mənasızdır. Çünki el məsələdir, "başdan boş adama ağıl qoymaq, qayanı qaşımaq qədər mənasızdır". Heç də, müraciət etdiyim mövzuda "qəhrəmanlarımın" qoldan güclü, başdan o məsələ olduqlarnı demək fikrində deyiləm. Ancaq mövcud faktlar müəyyən şübhələr doğurur. Elə götürək bəzi-bəzi şuluq işlər görən ağ xalatlıları. Bu məxluqlar getdikcə, cəmiyyət üçün altdan-altdan ziyanvericilik edən məxluqlara çevrilirlər. Fərq etmir, bu ağ xalatlı xəstəxanada həkim işləyir, yoxsa bazarda mer-meyvə satır və ya qəssabxanada ət satır. Hamsı bir amala və əqidəyə, yəni müxtəlif qeyri-qanuni yollarla zərər vurmağa çalışırlar. Fakt. Dəfələrlə qəssabxanada ət satan ağ xalatlı satıcının, ölmüş eşşək, at və it ətlərini əhaliyə qoyun, quzu əti olaraq sırımağa çalışdıqıarını mətbuatdan oxuyub, TV-lərdə narahat baxışlarla seyr etmişik. Həbs edilənlərin əksəriyyətinin təkrar əməl sahibləri olduqlarını da eşitmiş və ya görmüşük. Bazarda meyvə-tərəvəz satan ağ xalatlı şəxsin tərəzidə alıcını cəkidə aldatdığını da görmüşük. Əminliklə demək olar ki, artıq qorxulu ağ xalatlı kabusa çevrilən bu məxluqlar kateqoriyasında, ən vahiməlisi, əynində ağ xalat olan bəzi həkimlərdir. "Hippokrat andı"na xilaf çıxan bəzi həkimlərin insan qatilinə çevrilmələrindən, ürək ağrısı ilə bəhs etməmişdən əvvəl, ölməz şairimiz Səməd Mənsurun "Ey həkim" şeirinə müraciət etmək yerinə düşərdi:

Eşqdən qəlbimdə bir pünhan mərəz var, ey həkim!

Xəlqə pünhan dərdim izhar etmə zinhar, ey həkim!

Nə cibimdə parə, nə evdə çörək var, ey həkim!

Nəbzimi bihudə sıxma, çəkmə azar, ey həkim!

Ət yemək pəhrizini əmr etmə kim bazarda,

Hər qədər axtarsa, ət tapmaz xiridar, ey həkim.

Bəli, bəzi həkimlər otağına daxil olmaqda olan xəstəyə "kliyenti" kimi baxır. Xəstəni danışdırıb, əyninə-başına altdan-altdan göz gəzdirb, onun hansı imkana malik olduğunu müəyyənləşdirməyə çalışır. Açıq desək, həkim xəstəni müayinə və ya əməliyyat etdikdən sonra, sonda özünü alverçi kimi aparır, qiymət sövdələşməsi edir. Bir məlum fakt da var ki, bu ağ xalatlı həkim xəstəni düzgün əməliyyat edə bilmədiyindən, xəstə həyatını itirir. Statistik məlumatlara əsasən, son vaxtlar demək olar ki, Azərbaycanda həkimlərin səhvi, bacarıqsızlığı nəticəsində əmək qabiliyyətini itirən, doğuş zamanı ana və uşaq ölümləri, ürək, qaraciyər əməliyyatları zamanı cərrahiyyə masasında ölənlərin sayı daha çoxdur. Həmin ağ xalatlılara qarşı isə, heç bir hüquqi tədbir görülməyir. Bu isə, qanunvericiliyin tələblərinə ziddir. Çünki həkimin cinayət məsuliyyətinə cəlb edilməsi "Əhalinin sağlamlığı haqqında" Qanunla, "İnzibati xətalar Məcəlləsi" və Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə tənzimlənir. Ən rüsvayçı hal isə, ondan ibarətdir ki, həkim səhlənkarlığı səbəbindən, həyatlarını itirən xəstələrə görə, ödənilən pul sonradan geri qaytarılmır. Bu isə, insani dəyrələrin bu tip həkimlər üçün əhəmiyyətsiz olduğunu və onlar üçün başlıca prinsipin pul olduğunu göstərir. Belələrinə qınaq xarakterli hansı adın verilməsinin müsbət nəticə verəcəyini isə, cəmiyyət fikirləşib tapmalıdır.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə