Milyonlarla dünya azərbaycanlılarının qürur mənbəyi

Ümummilli lider Heydər Əliyevin Vətəninə, xalqına tükənməz sevgisi hər kəsə daim örnək olacaq

Azərbaycan geridə qalmış respublikadan çiçəklənən, inkişaf edən bir diyara çevrildi

"Zaman hakim, tarix isə yaddaşdır" deyimi əbəs yerə yaranmayıb. Hansısa hadisə ilə bağlı dəyərləndirmə aparanda mütləq tarixi vərəqləməyə, zamanın "hakimliyi" fonunda təhlillər aparmağa böyük zərurət duyulur.

Vaxt ötdükcə, illər bir-birini əvəzlədikcə dəyərləndirmələrimizə yeni-yeni əlavələr olunur, hadisələrin mahiyyətini daha dərindən dərk edirik. Bu gün müstəqil Azərbaycanın uğurlarından geniş bəhs edəndə tarixi paralellərin aparılmasına yaranan zərurət özünü daha qabarıq şəkildə büruzə verir. Eyni zamanda, bu təhlillər zamanı tarixi şəxsiyyətlərin, ölkəni uğurlara aparan inkişaf strategiyasının müəllifinin liderlik keyfiyyətləri də xüsusi önəm kəsb edir. Çünki ölkə o zaman inkişafa doğru irəliləyir ki, ona güclü siyasi lider rəhbərlik edir.

Bu gün böyük fəxr və qətiyyətlə qeyd edirik ki, müstəqil, qüdrətli, müasir Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Tariximizin bu səhifəsini vərəqləmədən öncə dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə gördüyü işlərə, onların bazası əsasında müstəqillik tariximizdə həyata keçirilən tədbirlərə diqqət yetirməliyik.

Ümummilli lider Heydər Əliyevin "Milli azadlığa nail olmaq üçün xüsusən bizim xalqımızda milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır" tezisi məhz hakimiyyətinin birinci dövrü üçün xarakterik idi. Həmin dövrdə milli dövlət anlayışı yasaq idi. Lakin ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti, yüksək idarəçilik qabiliyyəti, ən əsası bacarığı əsasında xalqımızın şüurunda "mili maraqlar" anlayışı dərindən kök saldı. Məhz sovetlər birliyi dövründə milli maraqların real siyasətdə reallaşması 80-cı illərin sonunda ölkədə milli hərəkatın genişlənməsi üçün zəmin hazırladı, 1991-ci ildə dövlət müstəqilliyimizin qazanılması üçün baza yaradıldı.

Ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə gələcəkdə Azərbaycanı müstəqil dövlət kimi görmək istəyindən irəli gələn addımlarının miqyası geniş idi. Azərbaycanlı gənclərin keçmiş ittifaqın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, müstəqil dövlətin qarantı olan ordu üçün hərbi kadrların yetişdirilməsi məqsədilə böyük səyləri nəticəsində C. Naxçıvanski adına hərbi liseyi yaratması və s addımlar bu məqsədə xidmət edirdi. Ən əsası ulu öndər Heydər Əliyev hər bir ölkənin inkişafında əsas faktor olan iqtisadi tərəqqini düşünərək, 1969-1982-ci illərdə uğurlu siyasəti ilə ölkəmizi geridə qalmış respubilkadan çiçəklənən, inkişaf edən bir diyara çevirdi. Ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşması və digər istiqamətlərdə əldə olunan uğurlar ümummilli lider Heydər Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir. Azərbaycanın 22 illik müstəqillik tarixində qazandığı uğurlar məhz həmin dövrdə formalaşan möhkəm bazaya əsaslanır.

Azərbaycanın dövlət müstəqilliyi tarixi nailiyyətimizdir

Sovetlər birliyi dövründə ölkəmizi qabaqcıl respublikalar sırasına çıxaran ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı dövlətçilik tarixinin yeni mərhələsinin, müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu. Müstəqilliyimizin ilk illərində Azərbaycanın yaşadığı ağır durum yaddaşlardadır. Xaos, anarxiya, özbaşınalıq o illərin xarakterik cəhətləridir. Xalq sabaha ümidini itirmişdi. Azərbaycanın bir dövlət olaraq varlığı sual altında idi. Belə çətin dövrdə xalq ayağa qalxdı, dahi şəxsiyyət Heydər Əliyevi təkidlə hakimiyyətə dəvət etdi. Daim dövləti, xalqı üçün yaşayan, bütün ömrünü vətəninin, xalqının, ölkəsinin gələcəyinə həsr edən ulu öndər Heydər Əliyev ölkənin, xalqın bu ağır durumuna biganə qalmadı, xalqın səsinə səs verdi, hakimiyyətə qayıdışı ilə sabaha ümid yaratdı. "Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır" söyləyən ümummilli lider Heydər Əliyev bu məqsədə nail olmaq üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbayanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında birliyə çağırdı. Bir sözlə, müstəqil, iqtisadi cəhətdən qüdrətli, vahid, dünya birliyinin tanıyıb, hörmət etdiyi Azərbaycan kimi bir dövləti yaratmaq xilaskar olaraq ulu öndər Heydər Əliyevə nəsib oldu. Azərbaycan xalqının yüksək səviyyədə qeyd etdiyi bayramları sırasına 15 iyun Milli Qurtuluş Gününün daxil olması təbii ki, səbəbsiz deyil. Bu tarix bir daha Azərbaycan dövlətinin, xalqının həmin illərin çətinliklərindən, ağır durumundan qurtuluş günü oldu. Həmin tarix bugünkü uğurlarımızın başlanğıc nöqtəsi, müstəqilliyimizin əbədiliyinin, dönməzliyinin ən yüksək səviyyədə qeyd olunduğu gün oldu.

Demokratik prinsiplər strateji kursun əsası kimi dəyərləndirilir

Ümummilli lider Heydər Əliyevin ilk mərhələdə həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsinə xidmət edən genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını doğrultmaqla ölkəmizin dünya birliyinə açılan yoluna işıq" saldı. Uğurlu daxili siyasət nəticəsində ölkədə sabitliyin yaradmasına nail olan ümummilli lider bu fikri də bildirirdi ki, müstəqillik yollarında ilk addımlarını atan ölkənin beynəlxalq aləmdə özünü təsdiqləməsində, varlığı barədə aydın təsəvvür yaratmasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının böyük əhəmiyyəti vardır. Beynəlxalq aləmdə sabitlik diyarı kimi tanınan Azərbaycan malik olduğu təbii resurslardan səmərəli istifadə etməklə iqtisadi inkişafın təmin edilməsinə səy göstərdi.

Dünya siyasətində dəst-xətti ilə seçilən, dövlət başçıları arasında fenomen istedadı və bacarığı ilə fərqlənən Heydər Əliyev şəxsiyyəti müdriklik simvolu kimi nümunə göstərilirdi. Bu, cəsarət və qətiyyət, liderlərə məxsus dönməzlik və məğrurluq müasir Azərbaycanın qurucusu olan dahinin həyat amalının gerçəkləşməsinin parlaq ifadəsi kimi Azərbaycanın imicini, nüfuzunu yüksəltdi. Azərbaycanın gələcək inkişaf yolunun parametrlərini zəngin dövlətçilik təcrübəsinə əsasən xalqa çatdıran ümummilli lider əsas vəzifə kimi respublikada dövlət quruculuğuna diqqət yetirdi. "Müstəqil Azərbaycanda hüquqi demokratik dövlət qurulmalıdır, Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir və tarixi ənənələrindən, milli ənənələrdən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir"" söyləməklə dünya siviliyaziyasına daxil olmağın yollarını müəyyənləşdirdi, prioritetləri qarşıya qoydu. Demokratik prinsipləri bu günümüzün, gələcəyimizin əsası kimi dəyərləndirən ulu öndər Heydər Əliyev bildirirdi ki, dövlət quruculuğunda nəinki tarixi və milli ənənələrimiz nəzərə alınır, həm də dünya təcrübəsindən, demokratik prinsiplərdən istifadə edilir.

"Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar"

Ulu öndər Heydər Əliyev demokratik sivilizasiyalı cəmiyyətdə insan hüquqlarının qorunması, çoxpartiyalı sistemin yaradılması baxımından qanunlara əsaslanan mövqeyini bəyan etdi. 1995-ci il noyabrın 12-də ulu öndərin rəhbərliyi əsasında işlənib hazırlanan Milli Konstitusiyamızın ümumxalq səsverməsi yolu ilə qəbulu da insan hüquq və azadlıqlarının qorunmasına xidmət edən ən mühüm addımlardandır. Sənəddə əksini tapan maddələrin üçdə iki hissəsi insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir. 1998-ci ildə Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm hökmü ləğv olundu. Bu gün dünyanın bir çox qabaqcıl ölkələrində belə ölüm cəzasının hələ də ləğv olunmadığını və mütəmadi olaraq tətbiq edildiyini nəzərə alsaq, ulu öndərin bu addımının nə dərəcədə böyük hüquqi, tarixi dəyərini dərk etmiş olarıq. Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistlik nəticəsində 1995-ci ildən əfv və amnistiya təsisatları bərpa edildi, həmin dövrdən etibarən imzalanmış sərəncam və fərmanlara əsasən minlərlə vətəndaşımız azadlığa qovuşdu. Bu günədək imzalanan 50-dən artıq əfv fərmanı əsasında on minlərlə məhbus cəzaçəkmədən azad edilib. Bu fərmanların 32-si məhz ulu öndər Heydər Əliyev tərəfindən imzalanıb. Qəbul olunan Amnistiya Aktları on minlərlə məhbusa şamil edilib. Hər bir Amnistiya Aktı humanizm prinsiplərinin, humanizm ideyalarının qələbəsi kimi dəyərləndirilib.

Atılan bu addımlar dövlətin siyasətində insan amilinə nə qədər yüksək dəyər verildiyini nümayiş etdirir. Ulu öndər Heydər Əliyev bildirirdi ki, əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.

Mətbuat azadlığı demokratik cəmiyyətin əsas atributu kimi bərqərar oldu

Demokratiyanın vacib amillərindən biri kimi söz, mətbuat azadlığının inkişafı istiqamətində də ulu öndər Heydər Əliyevin atdığı addımlar daim təqdir olunur. Mətbuatın dünya təcrübəsindən bəhrələnməsi, xüsusilə KİV-in maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, o cümlədən jurnalistlərin peşə səviyyəsinin yüksəldilməsi və hüquqlarının qorunması üçün bütün zəruri addımlar atılmış və tədbirlər həyata keçirilmişdir. Ulu öndər Heydər Əliyevin "Bunu dəfələrlə demişəm. Azərbaycanın müstəqilliyi dönməzdir. Azərbaycanda verilmiş bütün bu azadlıqların hamısı dönməzdir. Azərbaycanda mətbuat, fikir azadlığı dönməzdir - burada heç bir şey ola bilməz, heç kəs də bundan narahat olmasın" fikri bu sahəyə diqqət və qayğısının bariz nümunəsidir.

Mətbuatımızın inkişaf tarixinə nəzər salsaq qeyd edə bilərik ki, bu tərəqqi daha çox 1998-ci ildə senzuranın ləğvindən sonra nəzərə çarpmağa başladı. Ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, müstəqil elektron KİV-lərin, jurnalist qurumların və bu sahədə qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi demokratik mətbuatın mövcudluğunu təsdiq edən amillərdir. Ümummilli lider Heydər Əliyevin milli mətbuatımız qarşısındakı xidmətləri ictimai-siyasi miqyasına, tarixi əhəmiyyətinə və mahiyyətinə görə olduqca böyükdür. Ölkədə azad və müstəqil mətbuatın inkişafı, jurnalistlərin hüquqlarının qorunması üçün köklü istlahatlar aparıldı, qanunlar qəbul edildi. "Bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-in maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir" söyləyən ulu öndər Heydər Əliyev daim azad mətbuatın inkişafına diqqət göstərmiş, atdığı addımlar davamlılığı ilə diqqət çəkmişdir. Ümummilli liderin 2002-ci ildə "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi də bu diqqət və qayğının təsdiqi idi.

"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir"

Dahi şəxsiyyət demokratikləşmə prosesinin iqtisadi inkişafda rolunu daim önə çəkirdi. Bu fikir də daim bildirilirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. İqtisadi tərəqqi digər sahələrin inkişafı üçün əsasdır. Müstəqillik əldə etdikdən sonra öz sərvətlərinin tam sahibi olan Azərbaycan xalqının gələcəyini düşünən və ölkənin iqtisadi inkişafı üçün ən səmərəli yollar axtaran ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin əsasında neft amilindən istifadə etməklə Azərbaycanın dünya iqtisadi bazarına inteqrasiyası kimi önəmli məsələ dayanırdı. Neft strategiyasını müəyyənləşdirməklə Azərbaycanın tarixində yeni bir mərhələnin başlanğıcı qoyuldu. "1994-cü ildən Azərbaycan özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha səmərəli istifadə etməkdən asılıdır" söyləyən ulu öndərin proqram xarakterli bu sözləri tək neft sənayesinin deyil, iqtisadiyyatın bütün sahələrinin inkişaf yollarını aydın göstərir. Dünyada elə dövlət yoxdur ki, müəyyən qədər təbii sərvətlərə malik olmasın. Azərbaycan isə payına düşən sərvətlərin zənginliyinə, strateji əhəmiyyətinə görə daha fərqlidir. Bu gerçəkliyi də unutmaq olmaz ki, təbii ehtiyatlardan düzgün istifadə edildikdə o, zəngin sərvətə çevrilir. Neft strategiyasının əsasını da bu prinsiplər təşkil edir.

Neft strategiyasının əsasını təşkil edən Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarından səmərəli istifadə, xarici ölkələrin tanınmış neft şirkətləri ilə birgə fəaliyyətə əsaslanan, neft və təbii qaz hasilatının artırılmasını təmin edən yeni yataqların kəşf olunub birgə işlənməsi istiqamətində görülən işlər miqyasına və geosiyasi əhəmiyyətinə görə yeni mərhələlər üzrə davam etdirilirdi. Təbii ehtiyatların xalqa məxsusluğunu sözdə deyil, əməldə göstərilməsinin tərəfdarı olan ümummilli lider Heydər Əliyev Dövlət Neft Fondunu yaratmaqla əldə olunan gəlirin şəffaf və ədalətli bölünməsini təmin etdi. Bu gün Neft Fondunun aktivlərinin həcmi 35 milyard dollardan çoxdur.

Dövlət siyasətinin əsas prioritetləri kimi böyük əhəmiyyətə malik, Avropa və dünya birliyi dövlətlərinin enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş sayılan Azərbaycanın lider dövlət kimi tanınmasının təməlində də ulu öndər tərəfindən qoyulan daxili və xarici siyasətin uğurlu həlli dayanır. Bütün xalqlar və dövlətlərlə qarşılıqlı anlaşma və əməkdaşlıq siyasətini yeridən, Azərbaycanın ən tanınmış beynəlxalq təşkilatlarda təmsil olunub, söz sahibi nüfuzu qazanması müdrik bir siyasətin məntiqi nəticəsi kimi bu gün də özünü doğruldur. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin dünyada doğurduğu əks-səda Azərbaycana marağı artırmaqla respublikamızı Cənubi Qafqazda lider dövlət kimi tanıtdırdı. Bu gün Azərbaycanın iştirakı olmadan regionda hansısa iqtisadi və siyasi layihəninin həyata keçirilməsinin qeyri-mümkünlüyü də deyilənlərin təsdiqidir. Gerçəkləşən hər bir layihə yeni layihənin gündəmə gətirilməsinə stimul verir.

Vətən birdir və hamı bu Vətən uğrunda çalışmalıdır

Ulu öndər Heydər Əliyevin bu çağırışı dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın birliyində, həmrəyliyində əsas amilə çevrildi Müstəqillik yollarında ilk addımlarını atan hər bir dövlətin qarşısında dayanan həlli vacib məsələləri önə çəkərkən, ulu öndər Heydər Əliyev milli birliyi, həmrəyliyi xüsusi vurğulayırdı. Ulu öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə biri-birindən çətin, o dövrdə həyatı əhəmiyyətli məsələlərin həlli üçün vacib olan xalqın birlik və həmrəyliyinin təminatı konsepsiyası hazırlandı. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası da 1991-ci ilin 16 dekabrında ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. O illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri olan Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini önə çəkdi, Ali Məclisin qərarı ilə dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edildi.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı dövrdə fəaliyyətinin əsas istiqamətlərindən biri məhz dünya azərbaycanlılarının birliyinin yüksək sviyyədə təmin edilməsi oldu. Ayrı-ayrı ölkələrdə Azərbaycan cəmiyyətlərinin, mərkəzlərinin yaradılmasına nail olan ümummilli lider onların vahid mərkəzdən idarə olunmasının vacibliyini bəyan etdi. 2001-ci ilin noyabrın 9-10-da ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi ilə soydaşlarımızın həmrəyliyi təmin edildi, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əsas amil olan diasporun təşkilatlanması üçün hüquqi bazanın əsası qoyuldu, görüləcək işlərin bir mərkəzdən idarə olunması üçün Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı.

Ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də mühüm addımlar atıldı. Ulu öndər Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı əsas diqqəti bu məsələyə yönəldərək, Ermənistanın işğalçılıq siyasətini dünyaya bəyan etdi. Azərbaycan ətrafında yaradılan informasiya blokadasının yarılması ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri idi. Məlumdur ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın bir sıra problemləri yaşamasında ölkəmiz haqqında məlumatsızlıq da mühüm rol oynamışdı. Erməni yalanları ayaq tutub yeriyir, Azərbaycan beynəlxalq ictimaiyyətə işğalçı dövlət kimi təqdim edilirdi. 1992-ci ildə ölkəmizə qarşı tətbiq olunan "Azadlığı müdafiə aktına" ədalətsiz 907-ci düzəlişin əlavə olunmasında da erməni diasporunun bu yalan təbliğatı əsas rol oynamışdır. Bu düzəlişin ölkəmizə maddidən çox, mənəvi ziyanını önə çəkən ulu öndər Heydər Əliyev dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ probleminin əsil mahiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq, ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılmasına müvəffəq oldu.

Ordu ölkəmizin, dövlətimizin müstəqilliyinin dayağıdır

Ulu öndər Heydər Əliyev diplomatik mübarizənin gücləndirilməsi ilə yanaşı "Bizim məqsədimiz müharibə etmək deyil. Ordumuzun yaranması, formalaşması, möhkəmlənməsi yalnız və yalnız Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün lazımdır. Biz düşdüyümüz vəziyyətdən sülh yolu ilə çıxmaq istəyirik" söyləyərək ordu quruculuğu sahəsində mühüm addımlar atdı. 1994-cü ilin mayın 12-də atəşkəsin əldə olunması Azərbaycanın hər bir sahədə inkişafının təmin olunmasında əhəmiyyətli rol oynadı.

Hər bir dövlət onda güclü olur ki, onun möhkəm iqtisadiyyatı və güclü ordusu var. Müharibə şəraitində yaşayan ölkə üçün güclü ordunun yaradılmasının nə dərəcədə zəruri olduğu aydındır. Ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında sülh siyasətinə üstünlük verən ulu öndər Heydər Əliyev ölkənin suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının təmin olunması üçün hərbi siyasətin düzgün qurulmasını vacib amillərdən biri kimi qarşıya qoyurdu.

Müstəqilliyimizin ilk illərində digər sahələrdə olduğu kimi ordu quruculuğunda da hərc-mərclik, vahid komandanlığın olmaması, ordunun torpaqlarımızın qorunmasına deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalına səbəb oldu. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mövcud problemlər öz müsbət həllini tapdı. Belə ki, orduda vahid komandanlıq yarandı, qeyri-qanuni silahlı dəstələr ləğv olundu. Ordu quruculuğu prosesinin sürətlənməsi Azərbaycanın sülh danışıqlarında mövqelərini daha da möhkəmləndirdi.

Ulu öndər Heydər Əliyev bildirirdi ki, sülh danışıqlarını cəsarətli aparmaq üçün güclü, qüdrətli ordu gərəkdir. Bu istiqamətdə atılan addımların uğurlu nəticəsi göz qabağındadır. Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Azərbaycanın güclü, peşəkar, işğal altında olan torpaqlarımızı azad etməyə qadir ordusu var. Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli qərarına əsasən 26 iyun Silahlı Qüvvələr günü elan edilmişdir.

Zabit kadrların hazırlanması daim xalqın müstəqil gələcəyini görən ulu öndər Heydər Əliyevin xüsusi diqqət göstərdiyi məsələ olub. Onu da qeyd edək ki, bu gün orduda xidmət edən zabitlərin böyük əksəriyyəti ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə böyük səylər nəticəsində yaratdığı C.Naxçıvanski adına hərbi liseyin yetirmələridir.

Yeni Azərbaycan Partiyası: Uğurlarımızın bələdçisi

Ümummilli lider, eyni zamanda, müasir Azərbaycanın siyasi həyatının ən əlamətdar hadisələrindən olan Yeni Azərbaycan Partiyasının yaradıcısıdır. Xalqın istəyi, zamanın tələbi ilə yaradılan bu partiya dövlətə, xalqa xidməti fəaliyyətinin əsas istiqaməti kimi qəbul edərək, qısa zamanda milyonların sevgisini qazandı. 1992-ci ilin noyabrın 21-də Naxçıvanda təsis konfransını 550 nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 600 mindən artıq üzv birləşir.

Müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Yeni Azərbaycan Partiyasının yaradılmasının obyektiv zəruriyyətdən doğduğunu söyləyən ulu öndər Heydər Əliyev bildirmişdir ki, belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Dahi şəxsiyyətin xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı müraciətinə cavabında əksini tapan bu fikirlər bu günümüzün reallıqlarında da öz əksini tapıb. Yaranmasından 7 ay keçdikdən sonra iqtidar partiyası kimi fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası daim siyasi xəttinə, tutduğu yola sadiq olub, dövlətə, xalqa xidməti əsas prinsip kimi qəbul edib. Azərbaycanın müstəqillik tarixində keçdiyi inkişaf yoluna bələdçilik edən YAP qazanılan uğurlara böyük töhfələr vermiş, xalqın istəyini və etimadını doğrultmuşdur. Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Bu gerçəkliyi ölkədə keçirilən seçki prosesləri də təsdiqləyir. Partiyanın tarixinə yazılan qələbələr ulu öndər Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin siyasətinə inamın təsdiqidir.

2003-2013: Böyük yolun davamı

Azərbaycan 2003-cü ildən böyük siyasətçi, dahi şəxsiyyət ulu öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla irəliləyir, biri-birindən əhəmiyyətli uğurlara imza atır. Fəaliyyətə başladığı ilk gündən xalqı qarşısında görəcəyi işlərin prioritetlərini açıqlayan, "Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm" söyləyən cənab İlham Əliyev son on ildə uğurlu addımları ilə hər vədini konkret əməli işdə təsdiqlədiyini nümayiş etdirdi. Ulu öndər Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" tezisini həyata keçirdiyi siyasətin önündə saxlayan dövlət başçısı İlham Əliyev bildirdi ki, iqtisadi artım qeyri-neft sektorunun da hesabına olmalıdır. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların uğurlu nəticəsi 2009-cu ildən dünyanı bürüyən iqtisadi və maliyyə böhranından ölkəmizin uğurla çıxmasında da özünü göstərdi. Belə ki, böhrandan uğurla çıxan Azərbaycan iqtisadi artımın sürətinə görə dünyanın diqqətini özünə yönəltdi. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, böhran hər bir ölkənin hansı potensiala malik olduğunu bir daha nümayiş etdirdi. Modernləşməni, yeniləşməni həyata keçirdiyi siyasətin əsası kimi qəbul edən möhtərəm Prezidentimiz çıxışlarında bu fikri dəfələrlə qeyd edir ki, bəşəriyyətin üzləşdiyi qlobal problemlər ənənəvi iqtisadi və sosial inkişaf modelinə yenidən baxmağı tələb edir. Gələcək nəsillərin inkişaf və rifah içində yaşaması bugünkü çağırışlara düzgün cavabların tapılmasından çox asılıdır. Dövlətimizin hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməsi daim yeni-yeni hədəflərin müəyyənləşdirilməsinə yol açır. Yazının əvvəllində də qeyd oldunğu kimi, müstəqilliyimizin ilk illərində ölkədə sabitliyin, əmin-amanlığın yaradılması istəyini ortaya qoyan xalqımız bu gün Azərbaycanın daha da qüdrətli, zəngin dövlətə çevrilməsindən, inkişaf etmiş ölkələr sırasında addımlamasından bəhs edir. Bu hədəflərə çatmaq üçün isə bütün imkanların mövcudluğu böyük inam və qətiyyətlə bildirilir.

Ümummilli lider Heydər Əliyev 2003-cü il prezident seçkilərindən öncə xalqa müraciətində bildirmişdir: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Möhtərəm Prezidentimiz İlham Əliyev son on ildə bu etimadı yüksək səviyyədə doğruldaraq, 2008 və 2013-cü il prezident seçkilərində inamlı qələbəsi ilə Heydər Əliyev siyasətinə sadiqliyini bir daha nümayiş etdirdi. Bu ilin oktyabrın 9-da keçirilən prezident seçkilərində iştirak edən beynəlxalq təşkilatların, dövlətlərin müşahidə missiyası belə bir fikri xüsusi qeyd etdilər ki, seçkilərin nəticələri Azərbaycanda həyata keçirilən demokratik islahatların təntənəsidir. Azərbaycanın seçki təcrübəsinin digər ölkələrə nümunə olduğunu qeyd edən Qərb və Avropa təmsilçiləri cənab İlham Əliyevin qələbəsini xalqın liderinə inamının, etimadının böyüklüyü kimi dəyərləndirdilər.

Son on ilin uğurları fonunda 9 oktyabr prezident seçkilərində qələbəsini təmin edən möhtərəm İlham Əliyev gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər əsasların olduğunu vurğuladı: 2Azərbaycan daha da güclü dövlət olmalıdır. Biz qüdrətli Azərbaycan dövləti qururuq və əminəm ki, quracağıq. Bütün hədəflərə çatmaq üçün bizim müstəqil siyasətimiz davam etməlidir. Xalq bu siyasəti dəstəkləyir. Xalq bu siyasətə öz səsini vermişdir. Xalqın inamı və mənə on ildən sonra yenidən böyük etimad göstərməsi, əlbəttə ki, məni həm ruhlandırır, həm məsuliyyətimi artırır, həm də yeni təşəbbüslərin irəli sürülməsi üçün mənə bir siqnal verir".

Dövlət başçısı İlham Əliyevin fərmanı əsasında təsdiqlənən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ölkəmizin qarşısında yeni-yeni imkanlar açır. İmkanların artmasını, Azərbaycanın bir dövlət olaraq dünyada söz sahibi olmasını şərtləndirən əsas amil isə Heydər Əliyev siyasətinin uğurlu davamıdır.

Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Daim vurğuladığımız kimi, Heydər Əliyevin həyat və fəaliyyəti bir məktəbdir. Hələ neçə-neçə nəsillər bu məktəbi öyrənəcək, Azərbaycanın uğurlu inkişafına dəstək olacaq. Nə qədər müstəqil Azərbaycan dövləti, xalqı var, ulu öndər Heydər Əliyev ürəklərdə yaşayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə