Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini yenidən bərpa etdikdən sonra hakimiyyətdə olan səriştəsiz rəhbərlərin fəaliyyətsizliyi az qala ölkəmizi məhvə aparırdı. Xalqımızın keçdiyi tarixə nəzər salsaq, görərik ki, Səfəvilər hakimiyyəti illərində, xanlıqlar dövründə və Demokratik Cümhuriyyətin fəaliyyəti çağlarında müstəqil Azərbaycan dövlətinin yaradılması, möhkəmləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün gərgin mübarizə aparılmışdır. Lakin xalqın ümummilli müstəqillik məfkurəsini reallaşdırmaq kimi tarixi missiyanı çiyinlərinə götürmək qüdrətinə malik, xalqın qüvvəsini, əzm və iradəsini bu missiya ətrafında birləşdirə biləcək, milli dövlətçilik ənənəsi yaradıb formalaşdıracaq siyasi rəhbərə daim ehtiyac olmuşdur. Müasir dövrümüzdə bütün dünyada qüdrətli şəxsiyyət və dövlət xadimi kimi tanınmış, müstəqil Azərbaycan dövlətinin yaradıcısı və əbədiliyinin təminatçısı, xalqın milli mənəvi varlığının qoruyucusu olan umummilli lider Heydər Əliyev xalqının müqəddəratını böyük və işıqlı gələcəyə yönəltmək kimi ən çətin və ən şərəfli tarixi missiyanı uğurla həyata keçirmişdir.1991-ci il ölkəmizin tarixinə qızıl hərflərlə yazıldı. Həmin ilin oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyi və suverenliyi beynəlxalq aləmə bəyan edildi. Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası qarşısında hüquqi dövlət prinsiplərinin reallaşdırılması üçün zəruri tədbirləri həyata keçirmək vəzifəsi dururdu. 1993-cü ildə xalqımızın tələbi və təkidi ilə ikinci dəfə hakimiyyətə gələn ulu öndər müstəqilliyimizin möhkəmlənməsi üçün çox mühüm addımlar atdı. Məhz xalqın tələbi ilə 1993-cü il iyunun 24-də Milli Məclis Heydər Əliyevə Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini verdi. Ölkədə hərbi və siyasi böhran isə davam etməkdə idi.1993-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkiləri respublikamız üçün, həqiqətən, tarixi hadisəyə çevrildi, xalqımızın iradəsini parlaq şəkildə nümayiş etdirdi. Azərbaycan Heydər Əliyevə səs verdi. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra prokurorluq orqanlarının da fəaliyyətində yeni bir dövr başlanmışdır. Bu dövrdə müstəqil dövlətçiliyimizin əleyhinə olan cinayətlər, görkəmli ictimai və dövlət xadimlərinə qarşı törədilən terror aktları, dövlət əmlakının mənimsənilməsi, bank-maliyyə sistemində baş vermiş ağır cinayət hadisələri, o cümlədən sadə vətəndaşlarımızın əmanətlərinin talan edilməsi kimi ağır cinayət hadisələri məhz prokurorluq orqanlarının

əməkdaşları tərəfindən peşəkərcasına istintaq edilmiş, təqsirkar şəxslər layiqli cəzalarını almışlar. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət və hərbi çevrilişlərinə cəhdlərin qarşısı alınmışdır. Həmin hadisələrlə bağlı cinayət işlərinin istintaqının aparılmasında prokurorluğun bir qrup əməkdaşı xüsusi ilə fərqlənmişdir. Ən qısa zaman kəsiyində Ulu Öndərin səyləri ilə ölkəmizdə demokratik, siyasi, iqtisadi-mədəni və hüquqi islahatlar aparıldı. Başlanılmış islahatlar fonunda ən mühüm hadisələrdən biri 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə müstəqil Azərbaycan dövlətinin yeni Konstitusiyasının qəbul edilməsidir.

Həyatımızın bütün sahələrində olduğu kimi, prokurorluqda da əsaslı dəyişikliklər baş verdi. Yarandığı vaxtdan çətin bir yol keçən prokurorluq məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə vacib və mühüm orqan kimi yetişmiş və bu hüquqi sahəyə hər cür qayğı göstərilmişdir.Müstəqilliyin ilk günlərindən, hələ Naxçıvan Muxtar Respublikasinda işləyərkən, eləcə də hakimiyyətə qayıtdığı vaxtdan ulu öndər Heydər Əliyevin əsas məqsədi tam hüquqi dövlət qurmaq, demokratik qanunlar qəbul etmək və dövləti qanunlarla idarə etmək idi. Ona görə də qanunların icrasına nəzarət edən, eləcə də cinayətkarlığa qarşı mübarizə aparan bir orqan kimi prokurorluğun rolu daha da gücləndirildi.

Ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli sərəncam imzalamışdır. Beləliklə, milli prokurorluğumuzun yaradıldığı tarix rəsmən bəlli oldu. Eyni zamanda, ölkəmizin ali qanunu olan Konstitusiyaya müvafiq olaraq müstəqillik dövrünün tam yeni məzmunlu prokurorluğunun hüquqi vəziyyəti və statusu, cəmiyyətdə yeri və rolu məsələsinə dövlət başçısı səviyyəsində münasibət bildirilməklə, prokurorluğa inam və etimad ifadə olundu. Hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yoluna qədəm qoymuş respublikamızda Heydər Əliyevin rəhbərliyi ilə hüquqi islahatlar, o cümlədən onun tərkib hissəsi olan məhkəmə-hüquq islahatları uğurla həyata keçirilmiş və hazırda da bu islahatlar möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Prokurorluq hakimiyyət orqanlari içərisində xüsusi yer tutmaqla dövlət başçımızın nəzarəti və dəstəyi ilə cinayətkarlığa qarşı mubarizə vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində mübariz bir orqana çevrilmişdir.

Azərbaycan müstəqilliyini qazandıqdan sonraki dövr ərzində qəbul olunmuş çoxsaylı qanun və məcəllələr, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası, "Məhkəmələr və hakimlər haqqında", "Konstitusiya məhkəməsi haqqında", "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunlar, Cinayət, Cinayət-Prosessual, Cəzaların icrası, Mülki, Mülki-Prosessual, İnzibati xətalar məcəllələri və bir sıra mühüm normativ-hüquqi aktlar bütövlükdə demokratik cəmiyyətdə prokurorluğun statusunu müəyyən etmişdir. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, noyabr 1995-ci il tarixli ilk Konstitusiyanın qəbulundan sonra Milli Məclis tərəfindən Avropa standartlarına və beynəlxalq hüquq normalarının tələblərinə uyğun 1500-dən artıq qanun, qərar və digər normativ hüquqi aktlar qəbul edilmişdir.

Regionların inkişafında özünə daha çox xüsusi yer edən Naxçıvan Muxtar Respublikasıdır. Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən məhkəmə hüquq islahatlarının gedişində prokurorluq orqanlarının normal və səmərəli fəaliyyəti üçün zəruri olan hüquqi bazanın yaradılması müstəsna əhəmiyyət kəsb edir Naxçıvan Muxtar Respublika Prokurorluğu, hakimiyyət orqanları içərisində xüsusi yer tutmaqla dövlət başçısı İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbovun nəzarəti və dəstəyi ilə cinayətkarlığa qarşı mubarizə, vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində mübariz bir orqana çevrilmişdir. 2004- cü ilin 8 yanvarında keçirilən ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında Muxtar Respublika Ali Məclisinin sədrinin göstərişini əsas götürərək Naxçıvan Muxtar Respublika Prokurorluğu, qanunların öyrənilməsi, hüquqi mariflənməsi, cinayət baş vermədən qarşısının alınması istiqamətində qabaqlayıcı profilaktik tədbirlər hayata keçirir, vətəndaşların huquqi maarifləndirilməsinin yüksəldilməsi, onlar tərəfindən qanunçuluğa, etik normalara riayət edilməsi məqsədilə Muxtar Respublikanin rayon və kəndlərində mütəmadi olaraq maarifləndirmə işləri aparır, seminar, müşavirələr təşkil edirlər. Naxçıvan Muxtar Respublikasının 2011-ci ildə "Cinayətsiz Məkan" elan olunması bu istiqamətdə aparılan profilaktik tədbirlərin lokal regional və qlobal müstəvidə Azərbaycanın digər regionları üçün yaxşı təcrübə olmasını bir daha təsdiqləyir, əhəmiyyətli və zəruri edir.

Müstəqil Azərbaycan dövlətinin dünya birliyinə inteqrasiyası proseslərinin daha intensiv xarakter aldığı son illərdə Azərbaycanın prokurorluq orqanlarının beynəlxalq əlaqələrinin dairəsinin genişləndirilməsi, nüfuzlu beynəlxalq təşkilatlar və dünya ölkələrinin prokurorluqları ilə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi istiqamətində səmərəli tədbirlərin həyata keçirilməsi təmin olunmuşdur. Əminliklə deyə bilərik ki, prokurorluq orqanları bundan sonra da insan hüquq və azadlıqlarının müdafiəsi, pozulmuş hüquqların bərpası istiqamətində qanunla üzərinə qoyulmuş vəzifələrin dönmədən yerinə yetirilməsi üçün bütün imkanlardan səmərəli istifadə edəcək, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin məqsədyönlü dövlətçilik fəaliyyətində ona dəstək olacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə