30 ilin partiyaları seçkiyə nə üçün hazır deyillər, bu, çox maraqlıdır. Axı seçkiyə hazırlıq nəyə deyilir, bu, daha maraqlıdır. Səni kim dəstəkləyəcəksə, gələn il də dəstəkləyəcək, ondan bir il sonra da. Belə isə seçkidən imtina etmək nə deməkdir? Axı seçki bu partiyalara özlərini göstərmək, varlıqlarını bir daha nümayiş etdirmək imkanı verir. Hər dəfə çoxsaylı tərəfdaşları olduğunu böyük iddia ilə vurğulayanlar üçün seçki bütün bu deyilənlərin təsdiqi olmayacaqdımı?

Hə, başqa bir məsələ də var axı. Oxu və oxuma məsələsi. Əslində hər iki partiya mənsubları seçkilərin elan olunduğu gün bəlkə də sevincdən gecə səhərədək yatmayıb. Çünki 30 ildir, bunlar hər seçkidə ümidlərlə yaşayır, lakin seçki sonrası ümidləri sulara düşür. Lakin "Allahdan ümid üzülməz",- deyib növbəti seçkilərdə yenidən baş qaldırırlar. Lakin bir-iki seçkidir ki, onları iştirak etməyə qoymurlar. AXCP-Müsavat da, necə deyərlər, kürəklərini yerə vurmaq istəməyib, bunun adını qoyurlar boykot. Lakin bu, əslində belə deyil. Hər iki partiya seçkidə canı-könüldən iştirak etmək istəyir, sadəcə icazələri verilmir. Elə bu dəfə də aldıqları qara xəbər arzularının üzərindən qara bir xətt çəkdi. Qranddaşları buyurdu ki, oxuma. Yəni seçkidən çəkil, iştirak etmə.

İllərdir, havadarlarının "oxu, oxuma" əmri ilə "Fatı qalx, Fatı otur" missiyasını həyata keçirən AXCP-Müsavat ayrılmaz cütlüyü belə olan anda daha nə deyə bilərdi ki...

Yığışıb qurultay keçirənədək bir daha da düşünüb-daşındılar. Belə bir qənaətə gəldilər ki, əslində qərbdaşları doğru əmr buyurur ki, oxuma. Guya oxumuş nə olacaqdı ki. Bu avaza məntəqələrə heç bir nəfər də yaxınlaşmayacaqdı, bu partiyalar da olub-qalan nə "nüfuzu" vardısa, 7 fevralda itirib çəkilib bir küncdə fikrə dalacaqdı. Çünki illərdir, bu partiyalar yoxdur. Azərbaycan vətəndaşı bu adda partiyaları 90-cı illərdə gömüb. O 90-cı illər ki, vədlərin biri bir qəpikdən sırınırdı camaata. Yalanlar isə bu vədlərin əsas leymotivini təşkil edirdi. Camaatı meydanlara səsləyən, yayın istisində, qışın soyuğunda onların saatlarla günün, şaxtanın qarşısında qalmasına səbəb olan bu partiyalar bax bu xalq üçün nə edə bildilər? Heç nə etmədilər, hələ üstəlik ölkədə görülən işlərə də qara örtük salmağa cəhd göstərdilər, lakin bunun da heç bir faydası olmadı. Çünki xalq kimin itirdiyini, kimin qazandığını, kimin kimlərin səhvlərini düzəltdiyini yaxşı bilir. Və qarşıdakı seçkilərdə onlarla namizəd olsa belə, onlar arasından kimi seçməyi də artıq çoxdan müəyyən edib.

Siyasi partiyaların üzərinə düşən vəzifələr var. Onlardan elə başlıcası da seçkilərdə iştirakdır. Artıq tək funksiyası seçkilərdə iştirak etmək olan AXCP-Müsavat bunu da boykot edəndən sonra fəaliyyətləri, varlıqları nədən ibarətdir, görəsən. Politoloq Yusif Bağırzadə də bu barədə fikirlərini mətbuata açıqlayıb: Siyasi partiyaların birinci funksiyası seçkilərdə iştirak etməkdir. Xüsusən, müxalif partiya iqtidara gəlmək, yaxud qanunverici orqanda təmsil olunmaq üçün bütün seçkilərdə aktiv iştirak etməlidir. Siyasi fəaliyyətin ana qayəsi, təməl bazası budur. Digər bir tərəfdən isə "Siyasi Partiyalar Haqqında" yeni Qanun istənilən səviyyəli seçkilərdə iştirakı partiyaların qarşısında bir vəzifə kimi qoyur. Bu baxımdan seçkiləri boykot qərarı ilə çıxış etmək həm də üzərinə düşən vəzifələri icra etməmək anlamına gəlir.

Belə qənaətə gəlmək olar ki, AXCP-Müsavati bilə-bilə belə bir oyuna gətirirlər ki, narazılıq, ixtilaf yaransın. Bu iki partiya isə yenə də qranda satıldı. Beş günlük dünyada "oxu, oxuma" əmri ilə yaşamaq nə deməkdir, bunu AXCP-Müsavat heç düşünürmü?

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə