Vəli VƏLİYEV
Ermənilər nə istəyir, sülh, yoxsa müharibə? Çünki aralıq heç nə olmur. İkisindən birində yaşamalısan. Ermənilər 30 il bundan əvvəl sovet şinelindən çıxanda ölkələrin zəifləmiş damarından tutaraq havadarlarına arxalanıb müharibə yolunu seçdilər. 30 il sonra isə zorla əldə etdiklərini zorla da itirdilər. Yəqin ki, yadınızdadır, Ermənistanın Sarkisyan soyadlı “yarımdoğulmuş” prezidenti də bunu deyirdi. Ərz edirdi ki, biz Qarabağı qanla almışıq. Yəni qanla, müharibə ilə də qaytara bilərik. Nəhayət arzusuna çatdı, işğal etdiyi, yağmaladığı, dağıtdığı, viran qoyduğu torpaqları dabanına tüpürərək tərk etdi yox, toz oldu...
Müharibədən iki il keçər-keçməz Ermənistanın baş naziri bəyan etdi ki, danışıqlarda Qarabağa aid məsələlərin müzakirəsi aparılmayacaq, çünki onun buna vəkaləti yoxdur. Yəni Qarabağda yaşayan ermənilər qarşısında öhdəliyi də yoxdur. Əlbəttə, bu, ilk baxışdan uğur sayılacaq qədər möhtəşəm göründü. Amma zaman keçdikcə erməni liderin ikibağlı oyun oynadığı üzə çıxdı. Əvvəlcə söylədiyini indi danır, sözünün antonimini sinonim kimi təqdim etməyə çalışır. “Qarabağ Azərbaycanın ərazisidir”, deyən Nikol Paşinyan bu gün separatçıların “problemlər”ini qabardır, onların “humanitar fəlakət” yaşadığını haray-həşir salaraq bəyan edir, ev sahibindən icazə almadan Qarabağa yardım “TIR”ları göndərir. Ssenarisi “suya düşəndən”, fiaskoya uğrayandan sonra isə son ümid yeri saydığı BMT Təhlükəsizlik Şurasına müraciətlər edir. O ümid yeri ki, 30 il əvvəl Azərbaycanı ümidsizliyə düçar etmişdi. 4 qətnamə qəbul etsə də, heç birini həyata keçirə bilməmişdi, ya da istəməmişdi. Daha doğrusu buna heç cəhd də etməmişdi.
Avqustun 16-da Vaşinqton vaxtı ilə saat 15:00-da BMT Təhlükəsizlik Şurasının 5 daimi, 10 qeyri-daimi üzvləri bir araya gələcək və Qarabağdakı ermənilərin harası ilə yemələrinin yollarını müzakirə edəcəklər. Bəs nə bilmişdiniz, sən demə “ac”, “susuz”, mədə divarları bir-birinə sürtülməkdən “mazol”u çıxmış ermənilər Ağdam tərəfdən gələn qidanı qəbul etməkdə çətinlik çəkirmişlər. Onların iştahası yalnız Laçın tərəfdən gələn qidalara kodlaşdırılıb. Əks təqdirdə qida qəbul etməmək səbəbindən gəbərib gedəcəklərmiş. Guya ki, dünyanın ağıllı başları, kos-koca dövlətləri də erməni bəhanələrindən bixəbərdirlər. Atalar məsəlidir, “ac qılınca çapar”, yəni ac adam qidanın haradan – göydən, yerdən, sağdan, soldan gəldiyinin fərqinə varmaz, hətta tiyəsi pambıq kəsən qılıncın üstünə də tərəddüd etmədən gedər. Dünyanın inkişaf etmiş iri dövlətlərini, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvlərini başa düşdük, onlar aclıq nədir bilməzlər, ömrü boyu da başqa millətlərin, müstəmləkə altında inlətdikləri xalqların hesabına özlərinə xoş güzəran düzəldiblər. Bəs qeyri-daimi üzvlər arasında olan kasıb, inkişafdan geri qalmış, xalqı aclıq yaşayan ölkələr niyə erməni yalanlarına uyurlar? Niyə dünyanın harın, gözləri ayaqlarının altını görməyən, həqiqəti yalana qurban verən dövlətlərinə aclığın nə olduğunu başa salmırlar, anlatmırlar? Demirlər ki, ay ağalar, aclıq belə olmur. Ac adam əppəyin kimdən gəldiyinin fərqinə varmaz, haram-halallığı da bir anlıq unudar. Amma bu ermənilər “aclıq” sözünü belə təhqir edirlər, dünyada yardımlaşma missiyasına ləkə vururlar, etibarı bütövlükdə dəfn edirlər.
Hərdən Beynəlxalq Qırmızı(Qızıl) Xaç Komitəsinə (BQXK) yazığım da gəlir. Görün, bu beyməlxalq təşkilat nə günə düşüb ki, hətta ermənilərin yalan maşınına təkər olmağı da özlərinə sığışdırıblar. Ermənilərin BQXK-nin maşınlarında qanunsuz, xüsusən də hərbi təyinatlı yükləri daşımaları bu təşkilatın nüfuzuna ölümcül zərbə vurduğu da kimsəni narahat etmir. Halbuki, bu maşınlarla yalnız humanitar yüklər daşınmalıdır. Beynəlxalq Qırmızı Xaç Komitəsinin bu günə qədər mübahisəyə birdəfəlik son qoyacaq bircə bəyanatını belə eşitmədik. Komitənin Bakıda da bürosu var, niyə ermənilərə yükləri Ağdam istiqamətindən də gətirə biləcəklərini demir? Bəlkə, Bakı bürosu başqa işlərlə məşğuldur, bizim xəbərimiz yoxdur? Bütün hallarda humanitar yardımla məşğul olan bu təşkilatın da deyəcəyi çox sözlər var, amma...
Ermənilərin bütün ümidləri BMT Təhlükəsizlik Şurasının toplantısınadır. Ermənistanın XİN başçısı Ararat Mirzoyanın son xarici səfərləri siyahısına nəzər saldıqda işğalçı ölkənin əsl niyyətini ifşa etmiş olarıq. Erməni rəhbərlər üzdə “Qarabağ Azərbaycan ərazisidir” desələr də, astarda fərqli mövqedə dayanıblar. Onlar Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərini də inandırmağa çalışıblar ki, Azərbaycanın etdikləri qanunsuzdur və adekvat addım atmaqla qətnamələr, hətta sanksiyalar tətbiq etmək olar. Postmüharibə dövründə ermənilərin yalan təkidi üzərindən beynəlxalq təşkilatlarda, o cümlədən BMT TŞ-də bəzi müzakirələr aparılıb. Amma ümidlər arzu olaraq qalıb. İnanırıq ki, dünya ölkələri həqiqəti bir daha çeynəməz, haqlının tərəfində dayanar, erməni yalanlarına boyun əyməzlər. Və bununla da ermənilərin və Ermənistan rəhbərliyinin son ümidi də dəfn edilmiş olar.
Bütün xəbərlər Facebook səhifəmizdə