Kişi sözü bu qədərmi ucuzlaşıb, bu qədərmi qiymətdən düşüb, bu qədərmi adiləşib? Yeri gəldi-gəlmədi “adam kişi olar” kəlməsi işlənir. Hətta o qədər işlənir ki, lap çürüyü çıxır. İndiki bəzi gənclərə nə olub görəsən. Bəzi sözünü xüsusilə vurğulayım, çünki sözümün canı var. “Sehirli xalat” filmində bir deyim var: “Bu yaramaz uşağın böyüyüb kim olacağını düşünəndə, adamın tükləri biz-biz olur”. Adam baş açmır ki, yedikləri yeməkdənmi, içdikləri sudanmı bu günə qalıblar. Saç düzümü, geyimi, xarici görünüşü bir tərəfə qalsın, danışıqları adamın ətini tökür. Bizim gəncliyimizdə oğlanlar arasında zarafatla deyilən bir söz vardı. Biri dostuna “kişi ol” deyəndə qarşı tərəf də ona eyni zarafatla “kişilər 41-45-də qaldı” deyərdi. Gənclər deyəndə də söyləyəcəklərim qətiyyən hamısına şamil olunmur. 44 günlük vətən müharibəsində canı-qanı, sağlamlığı bahasına qələbə qazanan da kişilik məktəbindən keçən gənclərimizdən olub. O gənclər ki, kişi sözünün ağırlığını, qiymətini bilib, o sözə görə canından, sağlamlığından keçiblər.
Bayaq da qeyd etdim ki, sözümün canı var. Hər gün ictimai nəqliyyatdan istifadə edirəm. Keçən gün marşruta minib arxa tərəfə irəlilədikcə arxa tərəfdəki səs-küydən elə bildim dava edirlər. Bir neçə gənc oğlan elə mübahisə edirlər ki, səsləri bütün avtobusu bürümüşdü. Deyərdim ki, ətrafdakılar bəlkə də qorxularından, ya da “abırsızdan abrını gözlə” məsəli səslərini çıxarmırdılar. Oğlanlardan biri o qədər əsəbi idi ki, az qalırdı qarşısındakılarla əlbəyaxa olsun. Əsas sözü də “adam kişi olar” idi. Yanındakı dostları da gülməklərilə onu daha da özündən çıxarırdı, az qalırdı qarşısındakıları boğsun. Bunların mübahisəsindən belə başa düşdüm ki, söhbət mərcdən gedir. Mərcləri də bu olub ki, tanınmış blogerlə oynaya bilsən, biz sənin arxandayıq, hətta buna görə sənə qonaqlıq verəcəyik. Açıq-aydın danışıqlarından belə başa düşülür ki, gecə bu oğlanlardan əsəbi olanı sosial şəbəkələrdən birində tanınmış xanım blogerə dəfələrlə hədiyyə yollayıb, əlində olan-qalanını qıza peşkəş edib. Sonra həmin qız da ona oyun təklifi göndərib, dəfələrlə oynayıblar və oyunda uduzub. Sonuncu oyunu oynamağa onu yanındakı dostları vadar edib. Oğlana deyiblərmiş sən sonuncu oyuna qoşul, biz sənə xal-hədiyyə atacağıq və səni uduzmağa qoymayacağıq. Nəticədə isə oyunun sonunda verdikləri “kişi sözü”nün üstündə durmayıblar və oğlan uduzub.
Bunların davalarına baxa-baxa birdən yadıma Bakı milyonçuları Mayılovla Hacı Zeynalabdin Tağıyevin mərci düşdü. Uzun sözün qısası, rus müğənnisinin şəhərimizdə opera binasının olmadığı səbəbindən bir daha buraya gəlməyəcəyini rişxəndlə dediyinə görə, bu söz milyonçu Mayılova o qədər ağır gəlir ki, 1 ilə binanı tikdirəcəyini deyir. Bunu eşidən Hacı Zeynalabdin Tağıyev Mayılovla 1 ilə binanı tikdirəcəyi təqdirdə çəkilər bütün xərci ödəyəcəyinə mərc kəsirlər. Gözünə döndüyüm Mayılov da indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrını 1 ilə yox, 9 aya tikdirir. Mərcin nəticəsi məlumdur. İndi deyəcəyim odur ki, zamanında KİŞİLƏR gələcək nəsillərə miras qoymaq üçün milyonlarından keçib, heç uf da deməyiblər. Həmin KİŞİLƏR şəhərimizin gözəlliyi, insanların mədəni istirahəti üçün sərvətlər xərcləyiblər. İndi deyənləriniz olacaq ki, kimi kimlərə tay edirəm. Qətiyyən, sadəcə, bir anlıq mərclərin fərqi ağlımdan keçdi. Fikirləşdim ki, indiki bəzi “kişi”lərlə keçmişin KİŞİLƏRİNİN mərci fərqli olub, ya mərclərin kişilərə görə fərqi dəyişib?
Afət Tahirqızı
Bütün xəbərlər Facebook səhifəmizdə