İki ağanın bir nökəri və ya iqtidarın satdığı vətəndaş nə etməlidir?

Ermənistan iqtisadiyyatına məsul olan iki nazirin, habelə Xüsusi İstintaq Xidmətinin rəhbərinin dəyişdirilməsini prezident Serj Sarqsyanın komandasının nəzarətində olan kütləvi informasiya vasitələrində "ölkənin siyasi idarəetmə sistemində köklü islahatların başlanğıcı" kimi qələmə verildi.

İslahatlar kimi qələmə verilən bu hakimiyyət rokirovkaları əslində Sarqsyan iqtidarında heç nəyi dəyişmir və sırf kütlənin yeniliklər tələblərinin bir qədər səngidilməsi məqsədilə qəbul edilmiş qərarlardır.

Yerevandakı iqtidar belə demokratiya görüntüsü cəhdlərində də avam davranır. Çünki parlament və prezident seçkilərindən sonra nəticələrdən narazı qalan, Yerevanın Ağsaqqallar Şurasına seçkiləri isə məzhəkə sayan kütləni heç olmasa, bir qədər sakitləşdirmək üçün ən azı daha iki vəzifəli şəxs - baş prokuror və Dövlət Gəlirləri Komitəsinin sədri işindən kənarlaşdırılmalıydı.

Olmadı, çünki Sarqsyan hakimiyyətə gəldiyi ilk gündən bəri yürütdüyü kadr siyasətinin məcrasından qətiyyən çıxmaq istəmir.

Prezident Serj Sarqsyan və baş nazir Tiqran Sarkisyanın ilk səlahiyyət müddətlərinin başa çatmasına az qalmış ölkədə iqtisadi vəziyyət mənfi pik nöqtəsinə çatmışdı. Prezident seçkilərindən də vətəndaşların narazılığı o həddə çatmışdı ki, elə İrs Partiyasının sədri Raffi Hovannisyanın marionetka olduğunu bilmələrinə rəğmən, Ermənistan seçicilərinin 40 faizi ona səs verdi.

Bunu iqtidar anladı və heç təsadüfi deyil ki, seçkilər başa çatandan az sonra maaşlarla təqaüdlərin məbləğinin artırılacağı bildirildi.

Ermənistan hakimiyyəti etiraf etməsə də, anladı ki, artıq itirməyə heç nələri qalmayan, ölkədən mühacirət etməyə imkanları olmayan insanlar qiyama qalxa bilər.

Ölkə iqtisadiyyatına investisiyalar praktiki olaraq 0 həddindədir. Baş nazir Tiqran Sarkisyanın amerikalı Con Heffernin müşayiəti ilə ABŞ-a rəsmi səfərini Yerevan iqtidarı az qala milyardlarla dollarlıq sərmayənin ölkə iqtisadiyyatına cəlb edilməsi istiqamətində "çox əhəmiyyətli və effektiv addımlardan biri" kimi hay-küylə təqdim etmişdi.

Di gəl, ABŞ-ın Yerevandakı səfiri ilə yanaşı, Britaniya və Fransanın da Ermənistandakı diplomatik nümayəndəliklərinin rəhbərləri müsahibələrində indiyədək dəfələrlə bildiriblər ki, indiki vergi-gömrük sistemi və seçki özbaşınalıqları şəraitində ağlı başında olan heç bir sərmayədar ölkəyə gəlməz, iqtisadiyyata pul yatırmaz.

Serj Sarqsyan hakimiyyəti çox kiçik və kasad resursları ilə baş-başa qalıb.

Hannibalizm qanunlarına görəsə, ibtidai şüura malik insanlar yeməyə heç nə tapmayanda bir-birlərini dadlı təam qismində görməyə başlayır, az sonra hücum çəkərək öldürür və yeyirlər.

Ermənistanda bütün "yad"lar yeyilib, hakimiyyət yenə yem istəyir.

Sarqsyan iqtidarının indi iki yolu var: ya hannibalizmə başlayan sistem öz daxilində nisbətən ən zəif fərd sayıla biləcək məmur və oliqaxları "yeməli", ya da sistemə cüzi dəyişikliklər edərək hakimiyyətə bir qədər təmiz hava buraxmalıdır.

Yerevanın Ağsaqqallar Şurasına keçirilən seçkilərdən sonra artıq tam bəlli oldu ki, Sarqsyan hakimiyyəti bütünlüklə marginallaşıb, dövlət və xalqla əlaqələri itirib. İqtidar indi yeni və absurd qanunlar qəbul edərək vətəndaşların durumunu daha da ağırlaşdırır.

Ermənilərin vəziyyəti tam fəlakətə çatanda Sarqsyan iqtidarının absolyut gücsüzlük dönəmi başlanacaq.

O vaxta hələ var, çünki vətəndaşlarla əlaqələr tam qırılmayıb. Əlaqə qırılarsa, Konstitusiyaya və xalqın maraqlarına zidd qanunlara itaətsizlik ilk mərhələ olacaq. Daha sonra dükan və maşınların yandırılması mərhələsi yaşanacaq. Həmin mərhələ yaşanandan sonra nələrin olacağını bilmək üçün "ərəb baharı"nı xatırlamaq kifayətdir.

Ermənilər hakimiyyətin sərtləşən yumruğunun zərbələrinə digər yanağını çevirməklə yox, yumruqla cavab vermək niyyətindədir.

Ən azı ona görə ki, prezident seçkilərindən sonra ermənilər Serj Sarqsyanın komandasından nə isə gözləmirdilər. Onlar ümidlərini itiriblər və bu səbəbdən də böyuk pərişanlıq yoxdu.

Hakimiyyətdə, ölkə rəhbərliyində olan adamların ləyaqətsiz, yalançı və şərəfsiz olmalarına şübhənin yoxluğu Ermənistanın başlıca probleminə çevrilir.

Axı, gerçəkdən də, Ağvan Hovsepyanın baş prokuror, Qagik Xaçatryanın Dövlət Gəlirləri Xidmətinin rəisi, İrs Partiyasının sədri Raffi Hovannisyan və "Çiçəklənən Ermənistan"ın lideri Qagik Sarukyanın "müxalifət liderləri" olduğu vəziyyətdə ermənilər nəyə, niyə inanmalıdırlar - bəlli deyil.

Prezident Serj Sarqsyana gəldikdə - Erməni Milli Konqresinin sədri Levon Ter-Petrosyanın dediyinə görə, "bu adam ləyaqətini və şərəfini çoxdan itirib".

Ermənistan uçuruma doğru yuvarlanmaqdadır. Ölkənin bütün inkişaf perspektivləri çoxdan sönüb. Yerevan indi, sadəcə, mövcudluğunu təmin etməklə məşğuldur.

Ölkədə iqtisadi geriləmə 30 faizə çatıb, xarici dövlət borcunun ümumi həcmi 3 dəfə artıb, mühacirət səviyyəsi ölkə əhalisinin sayının 1/3 hissəsini təşkil edir.

Son illərdə Ermənistan əhalisinn 12 faizi vətənini tərk etmiş mühacirlərə çevrilib. Bu adamlar vətəndaş pasportlarını hələlik saxlasalar da, ən yaxşı halda ildə bir dəfə qohumlarını görmək üçün vətənə qayıdırlar və ölkənin ictimai-siyasi həyatında əsla iştirak etmirlər.

Yerevandakı iqtidar belə dərin, fəsadlı və çox ağır böhranlı durumun, geriyə doğru yuvarlanan durğunluğun saxlanmasında, qorunmasında maraqlıdır.

Durum hakimiyyət üçün çox sərfəlidir. Çünki Serj Sarqsyan mövcud situasiyanı dəyişməz saxlamaqla bütün təsir imkanlarını və təzyiq rıçaqlarını qorumuş olur. O, iqtidarını hifz edir.

Sarqsyanın belə davranışı yerli oliqarxlarını özlərini sərbəst hiss etmələrinə şərait yaradır və bu adamlar Ermənistan iqtisadiyyatına nəzarət edərək narahat olmurlar. Axı onlar ölkədəki mövcud hakimiyyətin formalaşmasında istifadə edilən başlıca kriminal resursdur və bunu bildiklərindən harınlayaraq istədiklərini edirlər.

Belədə "iqtisadi inkişaf" statistik fırıldaqlar və saxtakarlıqlar sayəsində yalnız kağız üzərində olacaq, iqtisadiyyat çökəcək, mühacirət daha da güclənəcək.

Yerevandakı iqtidarın bundan sonra atacağı addımlar, qəbul edəcəyi qərarlar, yürüdəcəyi siyasəti təxminləmək çətin deyil.

Parlament, prezident və bələdiyyə seçkilərindəki total fırıldaqlara göz yuman Qərb ilə hakimiyyətin varlığını təmin etmiş Rusiyanın arasında barraj vuran Serj Sarqsyan və onun komandası seçkilərdən əvvəl verdikləri vədləri, boyunlarına götürdükləri öhdəlikləri yerinə yetirməyə başlamalıdır.

Vaxt çatıb və əgər rəsmi Yerevan "müttəfiq borc"larını reallaşdırmağa başlamasa, Rusiyanın qəzəbi ağır ola bilər. Cənubi Qafqazdakı yeganə strateji müttəfiqi üzərində nəzarəti daha da artıraraq xarici siyasətə total kontrola nail olmağa çalışan Moskva Yerevandakı kriminal-oliqarxik yığnağın Qərbə meyillənməsinə əsla yol verən deyil.

Eyni zamanda Qərb də seçki fırıldaqları ilə bağlı sərt pressinq siyasətinə əl atmayaraq bunun müqabilində Serj Sarqsyandan bəlli vədlər aldığı üçün indi "hesabların ödənmə vaxtı"nın çatdığına işarə vurur.

Yerevan aşkar Moskvaya meylli siyasət yürütməyə davam edərsə və Ermənistanın Rusiyanın regiondakı iri hərbi bazası formatında saxlayarsa, ABŞ ilə Avropa Birliyinin səbr kasalarının tükənəcəyi şübhə doğurmur. Belə şəraitdə Qərb və Rusiyanın tələbləri arasında qalan Yerevan mütləq şəkildə yeni davranış variantı tapmalıdır.

Sarqsyan da indi həmin variantın axtarışı ilə məşğuldur ki, hər iki tərəfi razı salmaqla iqtidarda qalsın.

Orta statistik ermənilər, ölkənin adi vətəndaşları böyük güclərin vecinə deyil: onları geosiyasi məqamlar ilgiləndirdiyindən hansısa yerevanlı Samvel və ya gümrülü Siranuşun insan haqları, vıətəndaş hüquqları, perspektivi və indiki yaşam səviyyəsi ön planda olan məsələ qismində qəbul olunmur.

Böyük dövlətlərin oyunları da böyük olduğundan, kiçik fiqurlar yalnız statistika üçündür.

Ermənilərin bir qismi ümidlərini Qərbə bağlayıb, bir qismi isə hələ də sadəlövhcəsinə inanır ki, Rusiya belə "biabırçılıqlar"a dözməyərək Serj Sarqsyanı dəyişməyə vadar edəcək. Hər iki tərəf kökündən yanılır.

Serj Sarkisyan Rusiyadan aldığı əmr və göstərişləri olduğu kimi icra etdikcə ona toxunan qüvvə olmayacaq. Və eyni zamanda o, Qərb qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə yaşanan ətaləti "Rusiyanın təzyiqləri" ilə izah etdikcə, ABŞ və Avropa Birliyi də gözləmə mövqeyində qalasıdır.

Göründüyü kimi, ermənilərin nicatı yalnız özləridir və kənar qüvvələr, iri güclərdən kimsə onlara yardım edəsi deyil.

Yerevandakı iqtidar komandası ölkəni məhvə aparan siyasəti sayəsində hakimiyyətini qorumaqdadır və belə şəraitdə mümkünsüz təsir bağışlayan səylər edərək situasiya dəyişdirilməlidir. Ermənistan özündə belə qüvvə tapacaq, bəlalara müqavimət göstərəcək, yoxsa uçuruma yuvarlanma davam edəcək - bilinmir.

Hər şey ermənilərin özlərindən asılıdır.

Novruz Sultanov

Bütün xəbərlər Facebook səhifəmizdə