Bu günlərdə bir qrup avropalı deputatın Azərbaycanın icazəsi olmadan Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ regionuna səfər etməsi ciddi etirazlara səbəb olub. Regionda geosiyasi vəziyyətin mürəkkəb olduğu bir zamanda bu hərəkət başadüşülən deyil. Şübhə yoxdur ki, belə addımlar bölgədə mövcud olan münaqişələrin ədalətli həlli imkanlarını heçə endirir.
İkili standartın daha bir nümunəsi
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda sülhün və regional inteqrasiyanın ən böyük əngəlidir. Bunu hətta böyük dövlətlərin başçıları belə etiraf edirlər. Yaxın Şərq ölkələrində siyasi çaxnaşmaların başlamasından sonra məsələnin bu tərəfi daha aktual səviyyəyə yüksəldi. Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll edilməsi postsovet məkanında sabitliyin, demokratiyanın və dayanıqlı inkişafın mühüm şərti kimi qəbul edildi.
Lakin məhz bu məqamların fonunda həmin problemə böyük dövlətlərin münasibəti hazırda vəziyyəti daha da mürəkkəbləşdirir. Meydana sağlam məntiqlə izahı çətin olan faktorlar çıxır. Hər şeydən əvvəl, Qərb ölkələrinin rəsmi dairələrinin və parlamentarlarının ziddiyyətli və ikili standarta uyğun olan hərəkətləri narahatlıq doğurur.
Bu günlərdə bir qrup avropalı deputat rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Ermənistan tərəfindən işğal altında olan ərazilərinə səfər ediblər. Onlar keçirdikləri görüşlər zamanı erməni separatizminə dəstək verib, müxtəlif bəhanələrlə Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmağa çalışıblar. Bəziləri hətta "bizim timsalımızda etibarlı müdafiəçilərinizi görə bilərsiniz" kimi vədlər veriblər. Belə fikirləri ifadə edənlər sırasında ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən olan Fransanın təmsilçisi də olub.
Cənubi Qafqazda yaranmış geosiyasi vəziyyətin fonunda avropalı deputatların bu davranışları nonsensdir. Belə ki, burada regionda sülh və sabitliyin bərqərar olmasına, demokratiyanın möhkəmlənməsinə hansısa yardımdan söhbət gedə bilməz. Əksinə, bu istiqamətdə aparılan işlərin hamısının üstündən qırmızı xətt çəkmək deməkdir. Belə ki, bölgədə geosiyasi vəziyyət son dərəcə həssas bir məqama çatmışdır. İstənilən kiçik təxribatçı hərəkət qeyri-müəyyənliyə, qarşıdurmalara və yeni münaqişələrin alovlanmasına səbəb ola bilər.
Məsələ ondan ibarətdir ki, avropalı deputatlar Xankəndində separatçılarla rəsmi şəxslər kimi danışmaqla faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alıblar. Bu isə Avropa İttifaqı və Avropa Parlamentinin qəbul etdiyi sənədlərə, qətnamələrə ziddir. Əgər həmin təşkilatlar deputatlardan izahat tələb etməsə, onda onların ədalətli və obyektiv mövqedə olduqlarına böyük şübhələr yaranacaq. Hələlik nə Avropa İttifaqı, nə də Avropa Parlamentindən bu məsələ ilə bağlı səs çıxmır.
Problemin digər tərəfi eyni bir regionda mövcud olan münaqişələrə fərqli meyarlarla yanaşmanın müşahidə edilməsi ilə bağlıdır. Nəzərə alınmalıdır ki, Avropa İttifaqı Gürcüstanın ərazi bütövlüyünü hər bir halda müdafiə edir. Hətta həmin istiqamətdə aktiv fəaliyyət göstərir. Abxaziya və Cənubi Osetiyaya avropalı deputatlar səfər etmirlər. Hansısa təmasları olduqda isə daim Gürcüstanın ərazi bütövlüyünə uyğun olan fikirlər bildirirlər. Bu reallığın fonunda avropalı deputatların Dağlıq Qarabağda söylədikləri riyakarlığın iyrənc forması təsiri bağışlayır. Ən pisi isə odur ki, belə mövqe tutmaqla Cənubi Qafqazda geosiyasi riskləri və təhlükələri aradan qaldırmaq mümkün deyil.
İslamofobiya yeni səviyyədə
Burada bəzi dairələrin islamofobiyadan əziyyət çəkməsini də unutmaq olmaz. Bu tendensiya təəssüf ki, getdikcə daha geniş və dərin miqyasda özünü göstərir. Onlar müsəlman dövlətlərinin hər bir uğuruna qısqanclıq və qərəzliliklə yanaşırlar. Azərbaycan Cənubi Qafqazın yeganə ölkəsidir ki, müstəqil xarici siyasət yeridir, milli maraqları heç nəyə qurban vermir. Avropalı deputatların Xankəndində ermənilərin ünvanına şişirdilmiş, onları ruhlandıran fikirlər söyləməsinin arxasında məhz islamofobiya amili dayanır.
Açıq görünür ki, Ermənistan dövlət kimi formalaşa bilmir. O, faktiki olaraq Rusiyadan tam asılıdır. Bu asılılıq isə azalmır, hətta daha da artır. Məsələn, erməni KİV-i Gümrüdə (Ermənistanın Türkiyə sərhədinə ən yaxın olan şəhərlərindən biri) rus hərbi kontingentinin daha da gücləndirildiyi haqqında informasiyalar yayır. Ora əlavə olaraq peşəkar hərbi kadrlar yerləşdirilir. Üstəlik, Rusiya hərbi komandanlığından lazım gəldikdə Gürcüstan ərazisindən Ermənistana quru yolu açacaqlarını bildirirlər. Başqa sözlə, İrəvan Moskvadan asılılığına son qoymaq iqtidarında deyil.
Bunun fonunda isə Azərbaycan bütün sahələrdə inkişaf edir, ordusu hər gün daha da güclənir. Belə çıxır ki, Azərbaycan işğal edilmiş ərazilərini yaxın perspektivdə azad edə bilər. Görünür, Avropa məhz bunu qəbul etmək istəmir. Öz geosiyasi və iqtisadi maraqlarını üstün tutaraq ermənilərə yalan vədlər verir, onları öz tərəflərinə çəkməyə çalışırlar. Lakin bu zaman çox mühüm bir məqam unudulur - ədalətsiz siyasi mövqe müəyyən müddətdən sonra bumeranq effekti ilə geri qayıdır!
Əslində, avropalı deputatlar odla oynayırlar, çünki İran məsələsinin mahiyyətini unudurlar. Onlar Azərbaycana qarşı şər-böhtan atmaqla regionda nüfuzdan düşür və bununla da hərbi toqquşmalara yol açırlar. Belə bir vəziyyət Ermənistanın əlinə təxribatlar törətmək üçün bəhanələr verir. İrəvan daim çalışır ki, Azərbaycan haqqında mənfi rəy formalaşdırsın və bunun fonunda öz əsassız iddialarına haqq qazandırsın. Ancaq bu gedişat bütövlükdə Cənubi Qafqazı təhlükəyə atır və Ermənistanın bir dövlət kimi mövcudluğunu sual altına alır.
Avropalı deputatların Azərbaycandan icazə almadan Dağlıq Qarabağa səfər etmələri beynəlxalq hüquq normaları baxımından ayrıca bir hadisədir. Bununla onlar ümumiyyətlə, yeni-yeni ziddiyyətlərə və münaqişələrə yol açmış olurlar. Məsələn, abxazlar və osetinlərin separatçılığı gücləndirmək üçün əllərinə əlavə bəhanələr keçir. Balkanlarda, Şərqi, Mərkəzi və Qərbi Avropada radikal milliyyətçiliyin inkişafı üçün zəmin hazırlanır. Bütövlükdə isə, müsəlman aləmində Avropanın qərəzli obrazı möhkəmlənir.
Maraqlıdır ki, Qərbdə bəzi dairələr bütün bunları qulaqardına vururlar. Qlobal miqyasda qeyri-müəyyənliyin artması ehtimalını nəzərə almırlar. Şübhə yoxdur ki, bu böyük səhvdən onlar da ciddi ziyan görə bilərlər. Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi mühitə malik regionda bu kimi oyunlar olduqca təhlükəlidir.
Belə hiss olunur ki, Avropa Ermənistanı ələ keçirmək xatirinə Azərbaycana qarşı ədalətsiz davranmaqda davam edəcək. Bu yolun perspektivinə böyük şübhələr var. Üstəlik, proseslər region dövlətləri arasında ziddiyyətlərin dərinləşməsi istiqamətində gedir. Avropa Parlamenti Cənubi Qafqaz ölkələri ilə Aİ arasında payızda assosiativ üzvlüklə bağlı sazişin imzalanmasına maneələr yaradır. Bu addım kimə xidmət edir? Hər bir halda Avropa İttifaqının maraqlarına uyğun deyil. Deməli, Avropanın özündə Aİ-yə qarşı təxribat törədən qüvvələr vardır. Cənubi Qafqaz ətrafında geosiyasi vəziyyət daha da gərginləşdikdə onların fəallaşması düşündürücüdür. Görünür, hələ çox paradoksların şahidi olacağıq.
Newtimes.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB