Nalbandyanın müharibə həyacanı

Mayın 3-də Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan işğal altındakı Azərbaycan ərazilərinə - qondarma "Dağlıq Qarabağ Respublikası"na səfər edib. Ermənistan mətbuatının verdiyi xəbərə görə erməni nazir Xankəndində separatçı qurumun "xarici işlər naziri" Karen Mirzoyanla görüşərək, Dağlıq Qarabağ münaqişəsi və münaqişənin nizamlanması ilə bağlı geniş şəkildə müzakirələr aparıb.

Bəs görəsən, Moskva görüşlərindən yenicə qayıdan Ermənistan xarici işlər naziri Edvard Nalbəndiyanın Azərbaycan ərazilərinə belə gözlənilməz səfərinin arxasında nə dayanır? Aparılan danışıqlarda daha çox müzakirə mövzusu nə olub? kimi suallar, bu gün həm siyasi və həm də ölkə ictimai dairələrini daha çox maraqlandırır.

Təssüf ki, hadisələrin xronoloji ardıcıllığı və Qarabağ problemi ətrafında cərəyan edən hadisələr vəziyyətin heç də qənaətbəxş olmadığını ortaya qoymaqdadır. Belə ki, Qarabağ danışıqları ətrafında yaranmış durğunluq, Xankəndi aeroportunun işə salınacağı ilə bağlı Ermənistan tərəfindən ard-arda verilən yersiz açıqlamalar və bunun ardınca Ermənistan Silahlı Qüvvələrinin, işğal etdiyi Azərbaycan torpaqlarında keçirdiyi hərbi təlimlər və bu təlimlərdə Ermənistan Prezidenti Serj Sarkisyanın iştirakı, ATƏT-in Minsk qrupunun həmsədr ölkə nümayəndələrinin uğursuz cəhdləri, daha sonra Rusiyanın bir sıra siyasi-hərbi dairələri tərəfindən təhdid dolu bəyanatlar və bu bəyanatlar ilə yanaşı bu dövlətə məxsus bir sıra rəsmi mətbu orqanlarında Qondarma Dağlıq Qarabağ qrumunun tanına biləcəyi ilə bağlı sətiraltı ifadələr, habelə Ermənistanla hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı həyata keçirilən layihələr, Ermənistana göstərilən hərbi yardımlar və bütün bunların fonunda hazırki Ermənistan rəhbərliyinin qeyri konstruktiv mövqe nümayiş etdirərək onsuz da dalana dirənmiş sülh danışıqlarına zərbə vura biləcək addımlar atması, regiondakı ən qaynar münaqişələrdən olan Qarabağ münaqişəsinin yenidən alovlana biləcəyi ehtimalını daha da aktual duruma gətirib.

Qeyd edək ki, hadisələri diqqətlə izləyən rəsmi Bakının məsələnin sülh yolu ilə həllinə olan ümüdlərinin getdikcə tükənməsi, danışıqlar prosesinin səmərəsizliyi, başlanması hər saniyə üçün mümkün olan real müharibəni bir qədər də qaçılmaz edib.

Təsadüfi deyildir ki, ölkə prezidenti cənab İlham Əliyevin hələ 2012-ci ildə keçirdiyi müşavirələrdən birində, sanki üstüörtülü şəkildə Ermənistanı daha çox himayə edən dövlətin, hərbi əməliyyatların başlamasına imkan verməməyə və mövcud status-kvonu saxlamağa xidmət edən təşəbbüsünə eyham edərək, "kimlərsə danışıqların ancaq müharibəni əngəlləməyə xidmət edəcəyini düşünürsə, yanılır" formasında vermiş olduğu açıqlamasından da göründüyü kimi, rəsmi Bakının vəziyyətin bu halına olan cavabı kifayət qədər sərt və kifayət qədər konkretdir.

Bəli bu gün ortda bir fakt var. Azərbaycan torpaqları işğal altındadır və bu torpaqlar sözsüz və şərtsiz olaraq boşaldılmalıdır. Azərbaycan artıq münaqişə tərəfi kimi statuskvonun bu həddə qalmasını istəmir və tezliklə bu problemdə hər hansı bir yeniliyə nail olmaq üçün ciddi cəhdlə səy göstərir. Əgər bu belə olmazsa, daha doğrusu bu yeniliyi istər Rusiyanın, istər Qərbin, istərsə də hər ikisinin timsalında Azərbaycana bəxş etməzlərsə, onda, Azərbaycan müharibə tərəfi olaraq bu yeniliyin gerçəkləşməsinə özü can atacaqdır. Yəni, bölgədə mövcud olan statuskvonu Azərbaycan özü dəyişməyə çalışacaq ki, bu da birmənalı olaraq müharibə deməkdir.

Qeyd edək ki, bölgədəki vəziyyətin gərgin situasiyaya daxil ola biləcəyindən hər bir tərəf xəbərdardır və tərəflər onu da yaxşı bilirlər ki, sürdürülən danışıqlar prosesinin bir qədər də uzadılması cəhdləri özünü doğrultmayacaq. Təsadüfi deyildir ki, Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinə dair Minsk Qrupu çərçivəsində aparılan danışıqların bir ildən çoxdur ki, dayandığı və regiondakı son hadisələrdən sonra vəziyyətin daha da gərginləşdiyi bir vaxtda bəlgədəki durumu diqətlə izləyən nüfuzlu strateji araşdırma mərkəzlərinin, habelə müstəqil politoloqların "Müharibə hər an başlaya bilər. Hər hansı bir qüvvə bunun qarşısını almağa qadir deyil..." formasındakı açıqlamaları da vəziyyətin o qədər də qənaətbəxş olmadığını ortaya qoymaqdadır.

Rusiya İslam Komitəsinin sədri, politoloq Heydər Camalın fikrlərinə görə hazırda: "Rusiya-Azərbaycan münasibətlərinin soyuqlaşmasının ən başlıca səbəblərindən biri Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərini müharibə yolu ilə geri qaytarmaq istəməsidir... Son vaxtlarda Rusiya-Azərbaycan münasibətləri daha da soyuqlaşıb. Bunun əsas səbəbləri bir sıra faktorlarla bağlıdır. Belə ki, ABŞ-ın Əfqanıstandan qoşunlarının Azərbaycan ərazisindən keçməklə çıxarmaq niyyəti, Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ və ətraf rayonların müharibə yolu ilə azad etmək istəməsi və bu istiqamətdə NATO və İsrailin Azərbaycana mümkün qeyri-formal dəstək verməsi iki ölkə arasındakı münasibətlərin sözün əsl mənasında soyuqlaşmasına gətirib çıxarıb. Bütün bunlar rəsmi Moskvanın regionda təsir imkanlarını məhdudlaşdırır, bir sözlə əlini qolunu bağlayır. Və imkan vermir ki, Moskva Ermənistanı və Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalını hərbi yolla müdafiə etsin".

Heydər Camalın sözlərinə görə, yaxın vaxtlarda müharibənin başlanma ehtimalı çox yüksəkdir. Sitat: "Dağlıq Qarabağda müharibə hər an başlaya bilər. Azərbaycan tərəfi danışıqların heç bir nəticə vermədiyini görüb öz torpaqlarını müharibə yolu ilə işğaldan azad etmək istəyir".

Ekspertlerə görə əslində bunu ölkə başçısının son bir il ərzindəki bəyantlarından da sezmək mümkündür. Belə ki, təkcə son bir ilə ərzində ölkənin birinci şəxsi tərəfindən verilən açıqlamalar və bu açıqlamalar fonunda atmış olduğu addımlar, öz sərtliyinə görə öncə verilmiş açıqlamalarla müqayisəyə gəlməyəcək dərəcədə fərqlilik kəsb etməkdədir. İkinci Bakı Beynəlxalq Humanitar Forumunda çıxış edən ölkə başçısı tərəfindən "Azərbaycan artıq 20 ildir ki, humanitar fəlakətlə üzləşib. İyirmi ildir ki, beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 bölgə erməni işğalı altındadır. Bu işğal davam edir... Dünyanın aparıcı beynəlxalq təşkilatları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kifayət qədər çox qərarlar, qətnamələr qəbul ediblər. Ancaq əfsuslar olsun ki, bu qərarların, qətnamələrin icra mexanizmi hələ də yoxdur... BMT Təhlükəsizlik Şurası 20 il bundan əvvəl erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnamə qəbul edib... Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, NATO və başqa təşkilatlar da oxşar qətnamələr qəbul etmişlər... Ancaq münaqişə hələ ki, öz həllini tapmır. Bunun başlıca səbəbi isə Ermənistanın mövcud status-kvonun uzadılmasına olan marağıdır... Onlar anlamalıdır ki, status-kvo daim dəyişməz olaraq qala bilməz, mütləq dəyişdiriləcək və biz istəyirik ki bu, tezliklə olsun, sülh yolu ilə olsun... Bu işğalla barışmaq mümkün deyil. Ona görə hesab edirəm ki, münaqişənin həllinin vaxtı çatıb. Ermənistan beynəlxalq hüquq normalarına tam şəkildə riayət etməli, beynəlxalq təşkilatların qətnamələrinə tabe olmalı və işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır..." kimi ifadələr səsləndirməsi də əslində qarşı tərəfə göndərilən ən ciddi mesajlardan biridir.

Bəzi ekspertlərin fikirlərinə görə hazırda istər Ermənistan, istərsə də onu himayə edən və açıq bir şəkildə "Qarabağda münaqişə başlasa o zaman rus qoşunları Ermənistanın tərəfində yer alacaq... Rusiya Ermənistan qarşısında götürdüyü öhdəliklərə sadiqdir və bizim münasibətlərimiz müttəfiqlik səviyyəsində qalır..." deyən tərəf də müəyyən nəbz yoxlamalarından sonra, müharibənin hər an üçün başlaya biləcəyi reallığı fonunda Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni təkliflərin olduğu mesajını bəzi ekpertlərin dili ilə Azərbaycan tərəfinə çatdıraraq, onu yeniden danışıqlar masasına dəvət etməyə çalışır. Çox maraqlıdır ki, ekpertlərin çatdımış olduqları bu mesajlarda, Rusiyanın tərəflər arasında razılaşma əldə olunmasını gözləmədən öz sülhməramlılarını Qarabağda yerləşdirmək imkanı haqqında da müəyyən bilgilər yer almaqdadır.

Bütün bunlar isə göstərir ki, Rusiya Cənubi Qafqaz ilə bağlı planlarından hələ də imtina etməyərək Qarabağ münaqişəsindən yararlanmaqla öz itirlmiş mövqelərini tez bir zamanda geri qazanmaq istəyir.

Ermənistanın xarici işlər naziri tərəfindən ötən həftə Rusiyalı həmkarı Sergey Lavrovla Qarabağ münaqişəsinə dair danışıqlar apardıqdan sonra müəyyən irəliləyişin əldə olunduğunu və münaqişə tərəfləri arasında danışıqların dayanmadığını diqqətə çatdırması və bundan dərhal sonra Qondarma Qarabağ Respublikasının bir sıra rəsmiləri ilə görüşlər keçirməsi də qarşıdakı günlərdə məsələ ilə bağlı Rusiya tərəfinin hansısa yeni addımlar ata biləcəyi faktını da xüsusi olaraq aktuallıqda saxlayır.

Xatırladaq ki, Erməni nazir qondarma Dağlıq Qarabağ rejminin rəhbəri Bako Saakyanla görüşündən sonra keçirdiyi mətbuat konfrası zamanı, yaxın vaxtlarda Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində görüşün təşkil edilə biləcəyini də istisna etməyib.

Məlumat üçün onu da bildirək ki, mayın 14-də Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bir araya gələcəyi gözlənilir.

SİA

Bütün xəbərlər Facebook səhifəmizdə