Avropanın “sülh mələkləri”

İlham Əliyev: “Ancaq ədalətsizlik, ikili standartlar, erməni lobbisi və onun dünyadakı havadarları, bir də vasitəçilərin passivliyi deyə bilərəm ki, məsələnin həlli üçün lazımi şəraiti yaratmır”

Ötən həftə əslində adət etdiyimiz, eyni zamanda bizi təəccübləndirən bir hadisə baş verib. Avropa Birliyi - Ermənistan parlamentlərarası dostluq qrupunun üzvləri, Avropa Parlamentinin təmsilçiləri Azərbaycanın erməni işğalı altında olan torpaqlarına qanunsuz səfər ediblər. Onlar Xankəndində Azərbaycanın işğal altında olan ərazilərində fəaliyyət göstərən separatçı rejimin rəhbərliyi ilə görüşüblər.

Səfərin və görüşün anlamı

Adət etdiyimiz dedikdə, söhbət demokratik dəyərlərin və beynəlxalq hüququn "təbliğatçıları" olan Avropa Birliyinin ölkəmizə qarşı tətbiq etdiyi ikili standartları nəzərdə tuturam. Təəccüblənirik ona görə ki, özlərini beynəlxalq hüququn tərəfdarları, "sülh mələkləri" kimi göstərən avropalı parlamentarilər qondarma "Dağlıq Qarabağ Respublikası"nın rəhbərliyi ilə görüşüb, hətta "DQR" ilə Avropa İttifaqı arasında münasibətlərin perspektivlərini müzakirə ediblər. Bu isə, əslində işğalçı dövləti, onun yaratdığı saxta "respublikanı", separatçıları dəstəkləmək anlamına gəlir.

Azərbaycan parlamenti də sözügedən səfərləri pisləyib. Həmin deputatların səfər zamanı çıxışları və mövqeləri beynəlxalq hüquq prinsipləri ilə zidd olduğu bildirilib.

BMT, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, Avropa Şurası, İslam Konfransı Təşkilatı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu dəfələrlə bəyan edib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi münaqişədə kimin haqlı olduğunu açıq şəkildə ortaya qoyur.

Avropa İttifaqı faktları fakt kimi qiymətləndirmək əvəzinə, Ermənistanın işğalını pisləmək, azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpasına çağırmaq yerinə avropalılar və Qərb bu kimi görüşlərlə, səfərlərlə əslində Dağlıq Qarabağdakı separatçı rejimi dəstəkləyir və qondarma respublikaya müstəqil dövlət görüntüsü verməyə çalışırlar.

Yanaşma obyektiv deyil

Bir məsələyə diqqət yetirək. Cənubi Qafqazın digər iki ölkəsində - Ermənistan və Gürcüstanda bu və digər hadisə baş verirsə, Avropa strukturları həmin hadisələrə reaksiya vermirlər. Yaxud həmin reaksiyalar Azərbaycanla müqayisədə çox zəif olur. Lakin Azərbaycanda ən xırda hadisəyə belə, dərhal kəskin münasibət bildirilir, özü də qərəzli şəkildə.

Biz Ermənistandakı vəziyyətə nəzər salaq . Bu ölkədə prezidentliyə namizədə qarşı sui-qəsd edilib, lakin Avropa strukturları susurlar. Və yaxud bu ilin fevral ayında Ermənistanda keçirilən prezident seçkilərindəki saxtakarlıq, qanun pozuntuları dünyanın gözü qarşısında baş verib. Avropa və Qərb isə bəzi "çatışmazlıqlar" olduğunu deyərək seçkiləri tanıyıb.

Bütün bunlar onu göstərir ki, beynəlxalq təşkilatlar ölkələrə yanaşmada obyektiv deyillər.

Gürcüstanın ərazisi Abxaziya və Cənubi Osetiya da işğal altındadır və rəsmi Moskva tərəfindən tanınıb. Amma bu günə qədər, bu ərazilərə nə Avropa Parlamentinin, nə də digər beynəlxalq təşkilatların üzvləri səfər etməyiblər. Yaxud da hansısa ölkə parlamentinin deputatları Dağlıq Qarabağdan fərqli olaraq Cənubi Osetiya və Abxaziya parlamentlərinin üzvləri ilə dostluq qrupu yaratmayıblar.

Avropa Birliyini nələr narahat edir?

Digər bir məqama da toxunaq. Yəqin ki, Abxaziya və Cənubi Osetiya xristian Rusiya tərəfindən deyil, hansısa müsəlman ölkəsi tərəfindən işğal olunsaydı, Gürcüstanın ərazisi çoxdan azad olunmuşdu. 1990-cı ildə Küveytin İraq tərəfindən işğalını xatırlayaq və ya 1991-ci ildə Bəsrə körfəzi müharibəsinin gedişində NATO ordusu və Bəsrə körfəzi sahili dövlətlərinin ordusu tərəfindən İraq ordusu məğlub edilərək Küveyt azad olunub. Hücum barədə isə BMT Təhlükəsizlik Şurası sanksiya vermişdi. Əgər İraqın yerində Fransa, yaxud İngiltərə olsaydı, görəsən BMT-nin qərarı necə olardı? İki il bundan öncə Liviyaya hərbi müdaxilə barəsində BMT Təhlükəsizlik Şurasının qətnaməsi də qısa vaxtda icra edildiyi halda, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən Təhlükəsizlik Şurasının 4 qətnaməsi bu günə qədər yerinə yetirilmir.

Ancaq, Avropa Birliyinin genişləndirilmə və Avropa qonşuluq siyasəti məsələləri üzrə komissarı Ştefan Füle 2011-ci ilin aprelində Türkiyənin Qars vilayətində "türk-erməni dostluğu" abidəsinin sökülməsinə görə təəssüf hissi keçirdiyini söyləmişdi. Hətta onun sökülməsini yox, yerinin dəyişdirilməsini məsləhət görmüşdü.

Türkiyənin Avropa İttifaqına hələ də qəbul olunmaması Azərbaycana qarşı olduğu kimi, bu ölkəyə da ikili standartlarla yanaşmanın təzahürüdür.

İkili münasibətlər bu sahəyə də sirayət edir

Avropa İttifaqı təhsillə bağlı elan etdiyi proqramlarda iştirakda Azərbaycana qarşı nisbətən ikili standartlarla yanaşır. Avropa İttifaqının belə proqramlarında Azərbaycanın 1990-cı ildən iştirak edir. Son iyirmi ildə Azərbaycan universitetləri Avropa İttifaqının 22, Gürcüstan 31, Ermənistan isə 36 layihəsini həyata keçirib. Statistika göstərir ki, Cənubi Qafqaz ölkələri arasında yalnız Azərbaycan Avropa İttifaqının az layihələrində iştirak edib. Azərbaycan universitetləri belə layihələri həyata keçirməyə qadirdir və bir qədər ikili yanaşmalar buna imkan vermir.

Ancaq ədalətsizlik, ikili standartlar

Beynəlxalq təşkilatların, qurumların fəaliyyətindəki bu haqsızlıqlar, ikili yanaşmalar dövlət başçısı İlham Əliyevin də hər zaman qınağına tuş gəlir: "Ermənistan torpaqlarımızı hərb yolu ilə işğal edib. O vaxt bu işğalın nəticələrini aradan qaldırmaq üçün BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. Onların heç biri 20 ildir ki, icra edilmir. Necə ola bilər ki, hansısa başqa bir məsələ ilə bağlı qətnamə qəbul edilir və bir gün ərzində dərhal icra edilməyə başlayır, amma bizə gəldikdə 20 ildir ki, məsələ həllini tapmır və biz ancaq məsələnin sülh yolu ilə həll edilməsini eşidirik. Nəyə görə? Ona görə ki, ikili standartlar var. Bizim tam hüququmuz vardır və beynəlxalq hüquq bizə bu imkanları tanıyır ki, biz istənilən yolla ərazi bütövlüyümüzü bərpa edək. BMT-nin Nizamnaməsində bu müddəalar vardır ki, hər bir ölkə özünü müdafiə etmək üçün bütün imkanlardan istifadə etməlidir. Helsinki Yekun Aktında ölkələrin ərazi bütövlüyü prinsipi hər bir başqa prinsipdən üstündür, o cümlədən ölkələrin, xalqların öz müqəddəratını təyinetmə prinsipindən üstündür. Ancaq ədalətsizlik, ikili standartlar, erməni lobbisi və onun dünyadakı havadarları, bir də vasitəçilərin passivliyi deyə bilərəm ki, məsələnin həlli üçün lazımi şəraiti yaratmır".

Bütün xəbərlər Facebook səhifəmizdə