Əhməd Davudoğlunun "Strateji Dərinlik" tezisinə uyğun olaraq, yumşaq güc və qarşılıqlı asılılıq qaydaları çərçivəsində formalaşdırmağa çalışdığı Türkiyə xarici siyasətinin ən əhəmiyyətli istiqamətlərindən biri olan Qafqaz regionu mövcud siyasi-sistemik görünüş etibarilə tam bir barıt çəlləyi xüsusiyyətinə malikdir. Regionda rol oynayan dövlətlərin bir-biri ilə yaşadıqları tarixi, torpaq əsaslı-irredentist, siyasi və sosial-mədəni problemlərə paralel olaraq beynəlxalq nizamı qorumağa, ya da dəyişdirməyə çalışan qlobal aktorların ümumiyyətlə Avrasiyada, xüsusilə də Genişlənmiş Qara dəniz hövzəsində apardıqları mübarizənin bütün Qafqazı əhatə edən bir mənzərə yaratması bölgənin içərisinə yuvarlandığı qarışıqlığın qısa müddətli bir mahiyyət daşımayacağını da göstərir. Bu nöqteyi-nəzərdən, mövcud olduğu regionda təsirli bir regional güc kimi meydana çıxmağı və qlobal miqyasda təsirli olmağı qarşısına məqsəd qoyan Türkiyənin Qafqazdakı prosesləri yaxından izləyərək, doğru bir şəkildə anlaması lazımdır.
Hal-hazırkı vəziyyətdə Qafqaz regionunu bir-birini tamamlayan iki ayrı reallıq şəklində təhlil etmək doğru olar. Onsuz da bu gün bölgənin siyasi mənzərəsi bu fərqliliyi təsdiq edir. SSRİ dağıldıqdan sonra Rusiya torpaqları içərisində qalan Şimali Qafqaz həm sahib olduğu etno-mədəni müxtəliflik, həm də bölgədə yaşayan fərqli etnik qrupları bir bayraq altında birləşdirməyə çalışan radikal siyasi və mədəni yanaşmalar çərçivəsində təhlil edilməlidir. Regionda ciddi bir etno-mədəni və dini müxtəlifliyin mövcud olduğu söylənsə də, region xalqlarının əksəriyyətinin İslam kimliyi ətrafında birləşə bilən bir təəssürat yaratması Rusiya əleyhdarı separatçı siyasi hərəkatların "Müsəlmanlıq" ortaq məxrəci ilə davranmalarına səbəb olmuşdur. Çünki 1990-cı illərin ortalarında və 2000-ci illərin əvvəllərində yaşanan Çeçenistan müharibələri əsnasında etnik kimliyə əsaslanan mübarizənin regionun sahib olduğu ictimai müxtəliflik səbəbiylə lazımi birləşdiricilik imkanına malik olmadığı bəlli olmuşdur. Üstəlik İslam kimliyinə istinad edərək həyata keçirilən separatçı cəhdlər, başda Səudiyyə Ərəbistanı və Körfəz ölkələri olmaqla öz siyasi legitimliyini bu çərçivədə təşkilatlandıran bəzi zəngin ölkələrin Şimali Qafqazda İslam adı altında siyasi mübarizəyə başlayan təşkilatlara və liderlərə dəstək vermələrinə imkan yaratmışdır. Bu gün başda Çeçenistan və Dağıstan olmaqla bütün Şimali Qafqazda Rusiya əleyhdarı bir siyasi müstəqillik mübarizəsi aparan Doku Umarovun öz legitimliyini İslam ilə əlaqələndirməyə çalışması, həmçinin çeçen separatçıların öz mübarizələrini sələfilik və vəhabiliklə əlaqələndirməyə çalışmaları başda Səudiyyə Ərəbistanı və Körfəz ölkələri olmaqla bütün dünyadakı radikal qruplardan dəstək alma taktikası kimi görülməlidir.
Rusiyanın Şimali Qafqazda yaşadığı separatizm probleminin başqa bir mühüm səbəbi isə sosial-mədəni və torpaq əsaslı qayğılar ilə deyil, sistemli tərcih və mübarizə ilə əlaqəlidir. Rusiyanın ABŞ-ın liderliyini etdiyi Avro-Atlantik İttifaqa meydan oxumağa başlaması və beynəlxalq sistemin çox qütblülük istiqamətinə dönməsinə ehtiyac olduğunu davamlı olaraq vurğulaması başda ABŞ olmaqla bu ölkənin "yeni bir SSRİ" olmasını istəməyən qlobal və regional aktorları hərəkətə keçirmiş və bu aktorların Rusiyanın milli təhlükəsizlik çevrəsi oxunda ən zəif nöqtəsi kimi ön plana çıxan Şimali Qafqazdakı separatçı cəhdlərə siyasi, iqtisadi və hərbi dəstək vermələrinə rəvac vermişdir. Əslində bu cəhd Soyuq Müharibə dövründə olduğu kimi Rusiyanı boğma strategiyasının prekursoru kimi görülə bilər. Əslində, boğma strategiyasının olduqca yavaş irəlilədiyini görürük. Bunun ən əhəmiyyətli səbəbi isə qlobal və regional aktorların Rusiyaya qarşı yeritdikləri siyasətin birləşmiş bir təəssürat yaratmaması və xüsusilə Çin ilə Hindistanın öz çoxqütblülük strategiyaları daxilində Avro-Atlantik İttifaqa lazımi dəstəyi göstərməməsidir.
Cənubi Qafqaz regionu isə Soyuq Müharibə sonrası ortaya çıxan 3 yeni respublika və bu respublikaları bir-birləriylə mübarizəyə sürükləyən etno-mədəni və torpaq əsaslı mübarizələr və müharibələr ilə gündəmə gəlməkdədir. Rusiya, Türkiyə və İran kimi əhəmiyyətli aktorlar tərəfindən əhatə olunan bu region Şimali Qafqaz qədər qarışıq etnik və dini müxtəliflik göstərməsə də, xüsusilə sahib olduğu enerji resursları və bu resursların Avropaya çatdırılması baxımından Rusiyanı kənarda qoymağı hədəfləyən layihələr ilə yadda qalır. Avro-Atlantik İttifaqı və Türkiyə Xəzərdəki enerji resurslarının reallaşdırılan (Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum) və reallaşdırılması planlanan (NABUCCO-Qərb, TANAP, Trans-Xəzər) layihələr vasitəsilə Avropaya nəqlini və beləcə Rusiyanın ən əhəmiyyətli silahı olan enerji asılılığı faktorunun nisbətən azaldılmasını hədəfləyərkən, Rusiya özünün qlobal aktor olması istiqamətində ən əhəmiyyətli töhfəni verən enerji silahını itirməmək üçün istər region ölkələrinə, istərsə də enerji qaynaqları baxımından özündən asılı olan AB ölkələri və Türkiyəyə təzyiq göstərir. Dağlıq Qarabağ münaqişəsi, Abxaziya və Cənubi Osetiya problemləri, eləcə də Xəzər dənizinin bölüşdürülməsi məsələlərində ən əhəmiyyətli aktor olan Rusiya bu problemləri şəraitə uyğun olaraq öz istədiyi şəkildə istifadə edir və ümumiyyətlə Avrasiya, xüsusilə də Qafqaz regionunda gücünü isbat edir. Cənubi Qafqaz bölgəsinin Şimali Qafqaza nisbətən fərqli bir mənzərə təşkil etməsinə imkan yaradan ən mühüm amillərdən ikisi də bölgənin din və mədəniyyət məzmununda müştərək olmaması və bölgə ölkələrinin sistemsəl üstünlük nöqtəsində bir-birlərindən ayrılmasıdır. Məsələn, Gürcüstan "Qızılgül İnqilabı" sonrası beynəlxalq sistemdə seçimini ABŞ-a yönəldibdirsə, Ermənistan tarixi, siyasi, geosiyasi və iqtisadi səbəblərlə Rusiyanın Cənubi Qafqazdakı forpostuna çevrilmişdir. Enerji resursları və layihələri oxunda Rusiyadan asılı olmayan və hətta bu ölkə ilə gizli bir rəqabətə girmiş olduğunu söyləyə biləcəyimiz Azərbaycan isə Rusiya və Avro-Atlantik Dünyası arasında tarazlığı gözləməyə çalışır. Ancaq Türkiyə faktoru və iqtisadi səbəblər nəzərə alınarsa, Azərbaycanın Avro-Atlantik İttifaqına çox daha yaxın olduğu deyilə bilər.
Geosiyasi nəzəriyyələrdə, xüsusilə də Spaykmenin Kənar-Qurşaq nəzəriyyəsi ilə Samuel Hantinqtonun Mədəniyyətlərin Qarşıdurması tezisində çox əhəmiyyətli bir qırılma nöqtəsi kimi təsvir edilən Avrasiya regionuna bağlı bir alt komponent olan Qafqaz bu gün başda Rusiya və ABŞ olmaqla bir çox qlobal və regional aktorun siyasi gündəliyində əhəmiyyətli yer tutur. Bu baxımdan, bölgənin siyasi-sistemik gələcəyinin yenə "güc əlaqələri" və sərt güc ünsürləri çərçivəsində formalaşdırılması gözlənilə bilər. Avrasiyada çox əhəmiyyətli bir regional güc olduğunu söyləyə biləcəyimiz Türkiyə isə sahib olduğu potensial və məlumat bazası sayəsində bölgədə yaşanma ehtimalı olan siyasi və hərbi münaqişələr baxımından əhəmiyyətli bir aktor olaraq ön plana çıxacaq. Bu səbəblə, Türkiyənin xüsusilə Rusiya ilə yaratdığı əməkdaşlıq körpüsünü yıxmadan və həmçinin Azərbaycan ilə əlaqələr baxımından İran həqiqətini də nəzərə alaraq, öz yumşaq gücünə və region ölkələrinə təqdim edə biləcəyi imkanlara uyğun formalaşdıracağı qarşılıqlı asılılıq zəncirlərinə dəyər verərək hərəkət etməsi lazımdır.
Mənbə: www.politikaakademisi.org
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB