İstər fərd, istər xalq və ölkə olaraq bizim taleyimiz hələ yaradılmazdan əvvəl böyük Yaradan tərəfindən yazılıb. Allah bizi xalq olaraq əzəmətli yaradıb, məskən olaraq füsunkar, gözəl, bərəkətli, zəngin məmləkət bəxş edib. Ancaq qonşular sarıdan nədənsə bəxtimiz heç gətirməyib. Qismətimizə əcaib qonşular düşüb. Özümüzünkü olan Türkiyə, dost ya da düşmən olduğu bəlli olmayan (və yaxud bilinən) Rusiya və İran, nəhayət yurd, çörək verib, adam etdiyimiz nankor ermənilər. Təəssüf ki, bəxtimizə belə vəhşilərlə (ermənilərlə) qonşu olmaq bədbəxtliyi düşüb.
Nankor ermənilər əsassız torpaq iddiası ilə başqalarına mənsub olanı mənimsəməyə vərdiş ediblər. Zaman–zaman zəhərli ilan xislətində olan ermənilər məkrli niyyətlərinə nail olmaq üçün Azərbaycan xalqına qarşı riyakarcasına planlar hazırlayıb həyata keçiriblər. Ötən əsrin əvvəllərindəki hadisələrdən sonuncu Qarabağ savaşına qədər azərbaycanlılara qarşı törədilən təxribatlar, qətliamlar bir daha sübut etdi ki, ermənilərin məkrli xasiyyətini dəyişdirmək heç cür mümkün deyil.
Fəlakətin xəbərçisi
Bir gürcü atalar sözündə deyildiyi kimi: "Erməni gəldi, təzə bəla gətirdi". Hər şey XVIII əsrdən başlayıb. Ruslar tərəfindən düşünülmüş plana əsasən 1827-ci ildə, ilk öncə İrəvan şəhərində çar Rusiyasının idarəetmə qurumu yaradılıb. Həmin dövrlərdən başlayaraq bu ərazilərə erməni millətindən olanları, daha çox xarici ölkələrdən dəvət etməklə yerləşdirməyə çalışırdılar. O dövrdə istər İran, istər Osmanlı Türkiyəsi ilə Rusiyanın xeyli problemləri vardı. Ruslar bu iki dövlətin arasında bir xristian dövləti yaratmaq arzusunda idilər. Və bunun üçün üzüyola, Rusiyadan tam asılı vəziyyətdə olan, onun sözünü eşidən bir millət gərək idi. Bu ermənilər oldu. Hələ I Pyotrun 1724-cü ildə ermənilərin Rusiyanın himayəsinə keçməsi haqda sərəncamı vardı. Aleksandr Düma yazırdı ki, ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə öz fikir, niyyət və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevrilmişlər.
Azərbaycan torpaqları, Arazın şimalı Rusiyaya qalandan sonra bu ideyanın gerçəkləşməsinə başlandı. Bunun üçün də, xaricdən - Türkiyədən, İrandan, Fransadan, Rusiyanın özündən xeyli sayda ermənilərin köçürülməsinə və məskunlaşdırılmasına başlandı. Bu Rusiyanın vəsaiti hesabına, planlı şəkildə aparılırdı. Bir çox arxiv sənədlərində və xarici tədqiqatçıların, eləcə də rus tarixçilərinin əsərlərində deyilənlərin sübutunu tapmaq mümkündür. Nəticədə, 1911-ci ildə Cənubi Qafqazda 1 milyon 300 min erməni vardı. Rus tarixçisi Solovyov yazırdı ki, bu ermənilərin 1 milyonu rusların yerləşdirdiyi ermənilərdir. Ermənilər bu ərazilərdə məskunlaşandan sonra, türkləri evlərindən çıxarmaq yolunu tutdular. Təbii ki, zorakılıq baş verirdisə, "ədalət" ermənilərin tərəfində olurdu. Çünki ərazi Rusiya ərazisi sayılırdı. Bax, beləcə sonrakı faciələrin təməli qoyuldu.
Evimizə sığınan düşmən
Fransız səyyahı qraf De-Şolye yazır ki, ermənilər yerli əhalinin şirəsini sormağa başladılar. Bununla kifayətlənməyərək gəlmə ermənilər yerli müsəlman əhalisinin şan-şöhrətini korlamaq siyasəti yeridirdilər ki, gələcəkdə onları qovub torpaqlarına sahib ola bilsinlər. Zaqafqaziyada yaşayan 1 milyon 300 min nəfər erməninin 1 milyonu yerli deyildir.
Sonralar da bolşeviklərin hakimiyyəti dövründə də ermənilər dəstəkləndi və bu erməni dövlətinin yaranması ilə nəticələndi. Qərbi Azərbaycan, Dərələyəz, Zəngəzur, İrəvan, Şərurun böyük bir hissəsi bu dövlətə qurban getdi. Bundan sonra ermənilər Azərbaycanın içərilərinə doğru- Qarabağa, Gəncə istiqamətinə meylləndilər. İ.Stalinin məşhur qərarından sonra 1947-53-cü illərdə Ermənistanda yaşayan azərbaycanlılar Azərbaycanın xam torpaqlarına-Kür-Araz ovalıqlarına, "pambıqçılığı inkişaf etdirmək üçün", həmçinin Orta Asiyaya deportasiya edildilər. Stalinin o qərarında açıqca deyilirdi ki, orda yaşayan azərbaycanlıların evlərinə xaricdən gələn ermənilər yerləşdirilsin.
Tarixin ən faciəli səhifələrindən biri
Dj. K. Makkarti. "Turki i Armeniya" əsərində qeyd edir ki, ermənilər Qafqazda və dünyada yaranmış vəziyyəti özlərinin "Böyük Ermənistan" ideyasını həyata keçirmək üçün əlverişli hesab edərək Azərbaycana qarşı yeni-yeni ərazi iddiaları irəli sürməyə başlamış və Azərbaycan torpaqlarında- Naxçıvan, Zəngəzur və Qarabağ qəzalarında etnik təmizləmə və türk-müsəlman soyqırımı siyasəti yeritmişlər.
Bu siyasətin nəticə olaraq 1918-ci il mart ayının sonlarında və aprelin əvvəllərində ermənilər tərəfindən Azərbaycanın hər yerində tarixdə bənzəri olmayan soyqırımı həyata keçirildi. Azərbaycan xalqının, tarixinin ən faciəli səhifələrindən biri olan - 31 mart soyqırımı erməni vandalizminin sərhəd tanımadığını bir daha sübut etdi. Erməni daşnakları və onlara dəstək verən rusların həmin dövrdə bir məqsədi var idi: Azərbaycanı türklərdən və müsəlmanlardan tamamilə təmizləyərək "dənizdən-dənizə" uzanan mifik erməni dövləti yaratmaq.
Bu məqsədlə də Şaumyanın başçılıq etdiyi Bakı soveti çirkin niyyətlərini həyata keçirmək üçün bəhanə axtarırdı. Həmin dövrdə Bakıda I Dünya müharibəsindən qayıdan 6-7 min erməni silahlısı vardı. Bundan əlavə, Şaumyan Türkiyə ilə müharibədən Rusiyaya qayıdan 8-10 min nəfər rus əsgərlərindən də dinc müsəlmanlara qarşı istifadə etdi. Soyqırımı həyata keçirmək üçün Şaumyan Bakıda olan müsəlman diviziyası əsgərlərini təxribata çəkməyə cəhd etdi. Bunun üçün əhali arasında guya müsəlman diviziyasının üsyana hazırlaşdığı və bütün qeyri-müsəlmanları qıracaqları barədə şayiə yaydılar. Şaumyanın təxribatını anlayan müsəlman diviziyası əsgərləri şəhərdə qan tökülməsinə yol verməmək üçün "Evelina" gəmisinə minərək Lənkərana getmək qərarına gəldilər. Lakin Şaumyan dərhal gəmini mühasirəyə aldıraraq oradakı azsaylı əsgərləri tərksilah etdirdi. Bu isə Bakı müsəlmanları arasında narazılıqla qarşılandı. Martın 30-da Bakıda müsəlmanların dinc etiraz aksiyası başladı. Şaumyan dərhal bundan istifadə edərək əlinin altında olan erməni və rus əsgərlərini dinc əhali üzərinə yeritdi. Minlərlə dinc insan vəhşicəsinə qətlə yetirildi. Təxminən 18 min adam bu qətliamın qurbanı oldu. Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman Bakı qırğını barədə 1925-ci ildə yazırdı: "Ermənilər müsəlman məhəllələrinə hücum edərək hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdı".
Saysız-hesabsız qətllər
Şaumyanın göstərişi ilə erməni-rus birləşmələri Şamaxıya, Salyana, Qubaya və Göyçaya göndərildi. Bu dəstələr təkcə Şamaxıda 72, Qubada isə 122 kəndi yerlə-yeksan etdilər.
Rus diplomatı general Mayevski xatirələrində həmin faciəni belə qələmə alıb: "Kəndlərə aparılan yollara müsəlman kəndlilərinin süngüyə keçirilmiş meyitləri, kəsilmiş bədən hissələri və dağılıb tökülmüş daxili orqanları səpələnmişdi. Dərin quyular qazılmış və köməksiz insanlar heyvan kimi kəsilərək bir-birinin ardınca quyulara atılmışdır. Qətllər üçün məsuliyyət daşıyan ermənilər bir evə səksən nəfər müsəlman doldurur, sonra isə onların başlarını kəsirdi".
Həmin dövrdə Bakı və Xəzəryanı bölgənin yepiskopu olan Aleksandr yazır ki, 1918-ci ilin martında erməni silahlı birləşmələri üç gündə təkcə Bakıda 17 mindən artıq dinc və günahsız sakini qırdı. Biz hələ Naxçıvanda, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Ağsuda... saysız-hesabsız insanların qətlə yetirildiyini demirik.
Dünya həqiqətləri qəbul edir
Sovet dövründə ermənilərin Azərbaycanda həyata keçirdikləri bu qətliamları ört-basdır etdilər. Ancaq Azərbaycan müstəqilliyini yenidən əldə etdikdən sonra o dövrdə ermənilərin həyata keçirdikləri qətliamlar barədə həqiqətlər üzə çıxdı. 1998-ci il mart ayının 26-da isə Prezident Heydər Əliyev 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə sərəncam imzaladı.
Ulu öndərimiz Heydər Əliyev tərəfindən təməli qoyulan milli mənafeyə xidmət edən siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xocalı soyqırımının ardından artıq dünya ictimaiyyəti 31 mart azərbaycanlıların Soyqırımı Gününü tanıyır, bununla bağlı müvafiq qətnamələr qəbul olunur. Məhz Prezident İlham Əliyevin fəaliyyəti sayəsində dünyanın əksər ölkələrində azərbaycanlılara qarşı törədilmiş soyqırımı haqqında həqiqətlər yayılır, insanlar dünya erməniliyinin xisləti ilə daha yaxından tanış olur.
Məhz bu uğurlu siyasətin nəticəsidir ki, ABŞ-ın daha bir ştatı - Nyu-Cersi ştatının Dövlət Assambleyası 31 mart - azərbaycanlıların soyqırımının 95 illiyi ilə bağlı qətnamə qəbul edib. Qətnaməyə əsasən, martın 31-i Azərbaycanlıların Anım Günü kimi tanınır. Xocalı faciəsinin soyqırımı olması faktı da dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində də əks olunur. Dünyanın 56 ölkəsinin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının 6-cı sessiyasında Xocalı faciəsi insanlığa qarşı cinayət kimi qiymətləndirilib və üzv dövlətlər həmin faciəyə müvafiq siyasi-hüquqi qiymət verilməsinə çağırılıb. Həmçinin, Çex Respublikası da Xocalı soyqırımını təsdiqləyib və tanıyıb. Bunu ardınca isə Bosniya və Herseqovinanın Parlament Məclisinin Xalqlar Palatasının bu il fevralın 26-da keçirilən iclasında mütləq səs çoxluğu ilə Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımına dair rəsmi sənəd - "Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması"na dair qətnamə qəbul olunub. Bu vaxta qədər Pakistan, Kolumbiya, Rumıniya və Meksika parlamentlərində də bu qətliamın soyqırımı aktı kimi tanınması barədə qətnamələr qəbul edilib. O cümlədən, ABŞ-ın və Kanadanın bir sıra ştatları və şəhərləri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan qətnamə və proklamasiyalar qəbul edib. ABŞ-ın ümumilikdə 9 ştatının Ermənistan tərəfindən Xocalıda çox ağır cinayətlər törədilməsi faktını tanıyıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB