ABŞ-ın Cənubi Qafqaz strategiyası: dialoq, yaxud qarşıdurma?

Böyük dövlətlər xarici siyasət kurslarına düzəlişlər edirlər. Onlar dünya üzrə geosiyasi mənzərənin dəyişməsi amilini ciddi surətdə nəzərə alırlar. Cənubi Qafqaz regionu da həmin güclərin maraqları dairəsindədir. Aparılan təhlillər göstərir ki, bu regionun gələcəyi ilə bağlı həssas məqamlar mövcuddur.

Strategiyanın əsas tezisləri

Cənubi Qafqaz getdikcə daha geniş miqyasda qlobal geosiyasi güclərin mübarizə meydanına çevrilir. Rusiya regionda fəallığını xeyli artırıb. Kreml dalbadal verdiyi mesajlarda və rəsmən qəbul etdiyi qərarlarda Cənubi Qafqazdakı maraqlarını bütün gücü ilə təmin etməyə çalışacağını bildirir. Həmin prosesi iki müstəvidə daha aydın görmək mümkündür. Birincisi, region dövlətlərini Avrasiya inteqrasiya prosesinə və Gömrük İttifaqına cəlb etmək məqsədi daşıyan addımların atılması. İkincisi, Cənubi Qafqazın təhlükəsizliyinin təmini aspektində müxtəlif təkliflərin edilməsi. Bu zaman Moskva "təhlükəsizlik" terminini "Qərbdən gələn təhlükə" kontekstində təqdim edir.

Bunların fonunda Qərbin regiondakı fəaliyyəti, təbii ki, ciddi maraq doğurur. İlk olaraq, ABŞ-ın hansı planları həyata keçirmək istədiyi əhəmiyyət daşıyır. Vaşinqtonun Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin (CSIS) mütəxəssisləri tərəfindən hazırlanmış ABŞ-ın Cənubi Qafqaz strategiyasına aid olan məruzə həmin baxımdan ekspertlərin diqqətini çəkib (bax: U.S. and Iranian Strategic Competition: Turkey and the South Caucasus. www.csis. org, 6 fevral 2013). Məruzəni Entoni Kordesman, Maykl Qibbs və Brayan Qold hazırlayıblar.

Məruzədə rəsmi Vaşinqtonun regionda formalaşmış geosiyasi mənzərəyə uyğun planlaşdırdığı addımların təhlili yer alıb. Təbii ki, sənəddə ifadə edilən fikirlər müəlliflərin mövcud vəziyyəti özünəməxsus qiymətləndirmələrinin nəticəsidir. Lakin orada ABŞ-ın Cənubi Qafqazda hansı maraqları güdməsi aspektində əhəmiyyətli tezislər mövcuddur.

Hər şeydən əvvəl, Amerikanın bu regiondakı məqsədlərinə Rusiya kontekstində qiymət verilir. Burada iki böyük dövlətin ortaq fəaliyyət göstərməsi variantına nədənsə, çox az diqqət yetirilir. Problem Aristotelin formal məntiqində olduğu kimi, "ya-ya" aspektində qoyulur. Cənubi Qafqazda ya ABŞ hakim olmalıdır, ya da Rusiya! Onu deyək ki, bu zaman İran faktoru yaddan çıxarılmır və onu Moskva ilə əməkdaşlıq müstəvisində nəzərə alırlar.

Bütün bunlar region dövlətlərinin təhlükəsizliyinin təmini müstəvisində təhlil edilir. Bunun mühüm şərtləri kimi isə demokratikləşmə, təbii sərvətlərə çıxış, onların Rusiya və İrandan yan keçməklə nəqli götürülür. Azərbaycan, Gürcüstan, Ermənistan faktoruna da məhz həmin məqamlar kontekstində baxılır.

Məruzədə İran məsələsinə xüsusi yer ayrılır. Rəsmi Vaşinqton Cənubi Qafqazdakı strategiyasını xeyli dərəcədə Tehranı zərərsizləşdirmək aspektində qurur. Onun əsas məqsədi həmin regiondan İranın sanksiyalardan yan keçmək üçün istifadə edə bilməməsindən ibarətdir. Bunun üçün o, Ermənistanın İranla əməkdaşlığına mane olmalı, Azərbaycanı Tehranın təzyiqlərindən müdafiə etməli və Gürcüstanla əlaqələrini daha da genişləndirməlidir.

Onu vurğulayaq ki, Türkiyə proseslərin istənilən inkişaf ssenarisində Amerikaya tərəfdaş ölkə kimi təqdim edilir. Lakin burada dəyişməz şərt Ankaranın Vaşinqtonun maraqlarını təmin etməsidir. Bundan kənarda Türkiyənin Cənubi Qafqazdakı geosiyasi mövqeyi məruzədə nəzərdən keçirilmir.

Ziddiyyətlərdən münaqişələrə

ABŞ-ın Cənubi Qafqaz regionuna geosiyasi aspektdə yanaşmasında ziddiyyətli məqamlar vardır. Çünki, birincisi, belə bir mövqe bəri başdan böyük dövlətlərin konfrontasiyasına zəmin hazırlayır. İkincisi, regionun böyük ölkələri olan Türkiyə və İranı qarşı-qarşıya qoyur. İki müsəlman dövlətindən biri tərəfdaş, digəri isə düşmən olaraq qiymətləndirilir. Son nəticədə bu mövqe müsəlman dünyasını parçalamağa xidmət edir.

Üçüncüsü, ABŞ Cənubi Qafqaz ölkələrinə eyni qəlibdən yanaşır. Azərbaycan, Ermənistan və Gürcüstan geosiyasi statusuna, tarixinə, dövlətçilik ənənəsinə, xarici siyasət kursunun məzmununa görə bir-birindən fərqlənirlər. Konkret olaraq, Ermənistan bölgədə təcavüzkar xarici siyasət yeridir, Azərbaycan ərazisinin 20 faizini kənardan olan dəstək hesabına hələ də işğal altında saxlayır.

Əgər ABŞ yaranmış vəziyyətə ədalətli yanaşsa, ilk növbədə, region dövlətlərinin ərazi bütövlüyünün təmin edilməsi şərtini nəzərə almalıdır. Ermənistanla yalnız bu şərtə tam əməl etdiyi halda əməkdaşlıq qurulmalıdır. Lakin reallıqda bunun əksini görürük – Dövlət Departamenti hər il Ermənistana milyonlarla yardım ayırır. Üstəlik, Dağlıq Qarabağdakı separatçı erməni rejiminə maliyyə dəstəyi verir. Bu zaman əsas bəhanə kimi erməni diasporunun ABŞ-da güclü olması göstərilir.

Bunların fonunda isə Azərbaycana qarşı müəyyən qərəzli mövqe tutulur. Məruzədə də Ermənistan "daha çox demokratiyası və açıq siyasi sistemi olan ölkə" olaraq təqdim edildiyi halda, Azərbaycandan "zəif demokratiyası olan dövlət" qismində bəhs edilir. Açıq görünür ki, ABŞ-ın Cənubi Qafqaz siyasəti real vəziyyətə deyil, subyektiv maraqlardan qaynaqlanan süni meyarlara əsaslanır. Bu səbəbdən də həmin mövqe regional miqyasda əməkdaşlığın inkişafına yox, münaqişələrin kəskinləşməsinə aparıb çıxarır.

Strateji perspektivdə Vaşinqtonun bu cür mövqeyi Cənubi Qafqazda münaqişələrin ədalətli həllinə yardım edə bilərmi? Bu suala birmənalı müsbət cavab vermək çox çətindir. Əsasını obyektiv olmayan meyarlar təşkil edən geosiyasətin hansısa mərhələdə səmərə verəcəyinə inanmaq imkansızdır. Burada böyük dövlətlərin bir-biri ilə daha mürəkkəb və gərgin mübarizə aparacağını proqnozlaşdırmaq olar.

Həmin qənaət ABŞ və Rusiyanın xarici siyasətinin əsas prioritetlərini müqayisə edəndə daha da güclənir. Hər iki dövlət Cənubi Qafqazda möhkəmlənməyi mühüm hesab edir. Moskvanın bu yaxınlarda dərc etdiyi yeni xarici siyasət konsepsiyasında həmin məsələyə ayrıca yer verilib. Orada MDB və Avrasiya məkanında inteqrasiyadan danışılır. Eyni zamanda, Rusiya dövlət başçısı bu inteqrasiya prosesinə mane olanları zərərsizləşdirmək məsələsini Federal Təhlükəsizlik Xidmətinə (FTX) tapşırır.

Hiss edilir ki, böyük dövlətlər region uğrunda gərgin mübarizə aparmaqda qərarlıdırlar. Onların hər biri atacaqları addımları nəzəri, siyasi və metodoloji əsaslandırmağa çalışırlar. Problemin bu cəhəti iki aspektdə çox düşündürücüdür. Birinci, böyük dövlətlər dialoqa deyil, öz maraqlarının tam təmin edilməsinə üstünlük verirlər. Bu məqam onlar arasında konfrontasiyanın davam edəcəyini təsdiq edir. İkinci, Cənubi Qafqazdakı münaqişələrin ədalətli həllinə qlobal miqyasda mövcud olan geosiyasi ziddiyyətlərin mane olacağı gözləniləndir. O cümlədən, ABŞ-ın geosiyasi strategiyasının əsasını təşkil edən meyarlardakı ziddiyyətlər regionda münaqişələrin dərinləşməsinə təkan verə bilər.

Regional sabitlik və inteqrasiyanın perspektivi varmı?

Görünür, Cənubi Qafqaz hələ uzun müddət qlobal geosiyasi güclərin savaş meydanı olacaq. Hazırda bu məkanda ABŞ, Rusiya və İran öz maraqlarının təmin edilməsi istiqamətində geniş fəaliyyət göstərirlər. Əgər birinci iki dövlət bunu açıq və geniş miqyasda həyata keçirirlərsə, Tehran xeyli dərəcədə gizli fəaliyyətə üstünlük verir. İranın əsas arqumentlərindən biri radikal dini baxışları siyasət müstəvisinə gətirməkdən ibarətdir. Bunun üçün o, şiəlikdən süni surətdə yararlanmağa cəhd edir. Yaxın və Orta Şərqdə illərdir ki, sınaqdan keçirdiyi metodu Cənubi Qafqazda tətbiq etməyə çalışır.

ABŞ İranın region siyasətinin məhz bu zərərli cəhətini əldə bayraq edərək, müsəlman ölkələrə qarşı geniş cəbhə yaratmaq işinə başlayıb. Dolayısı ilə bəzi müsəlman dövlətlərin yanlış xarici siyasət kursu böyük dövlətlərə öz maraqlarını təmin etmək üçün əlavə şans verir. Həmin aspektdə Cənubi Qafqazdakı real geosiyasi vəziyyətə nəzər salsaq, Amerikanın şansının az olmadığını görərik.

Əslində, Moskva üçün də regionda əlverişli situasiya formalaşıb. Rusiya əsrlərdir ki, Qafqaza hakimdir və bölgəyə nüfuz etməyin üsullarını yaxşı bilir. Şübhə yoxdur ki, Kreml əlində olan vasitələrdən maksimum yararlanmaqdan çəkinməyəcək. ABŞ-dan fərqli olaraq Rusiya İranı inkar etməklə deyil, ondan faydalanaraq bölgədə nüfuzunu artırmağa çalışır. Bir çox geosiyasi məsələlərdə Tehranla Moskva müttəfiqdirlər.

Doğrudur, bu taktikanın Rusiyaya nə dərəcədə fayda gətirəcəyini indidən demək çətindir. Hələlik İran konkret məsələlərdə Kremlə yardım edir. Məsələn, hərbi proqnozlaşdırma üzrə mütəxəssis olan Anatoli Sıqanok Moskvanın İran ərazisindən istifadə edərək Ermənistana hərbi qüvvə göndərəcəyini proqnozlaşdırır (bax: В странах ОДКБ десантные войска укрепят позиции Москвы на Кавказе. 1in.am, 6 mart 2013). Bununla da Tehran regionda ABŞ-ın geosiyasi nüfuzunun aşağı düşməsi üçün Rusiya ilə birgə hərəkət etməyə hazır olduğunu nümayiş etdirir.

Cənubi Qafqazdan danışarkən Türkiyə amilini nəzərə almamaq mümkün deyil. Ankara regionda böyük maraqları olan dövlətlərdəndir. Bu səbəbdən ABŞ-ın müttəfiqi olmaqla yanaşı, öz məqsədlərinə çatmağa çalışır. Türkiyə Cənubi Qafqazda sabitliyin yaranmasında həqiqi marağı olan ölkədir. Çünki o, bölgədə ən mühüm tərəfdaşı olan Azərbaycanla bərabər sürətlə inkişaf edir. İki qardaş ölkənin başqa dövlətlərin ərazisində gözləri yoxdur. Onlar güclü və geniş inkişaf potensialına malik olduqlarından bölgədə demokratiyanın, azad iqtisadiyyatın və dialoqun bərqərar olması istiqamətində fəaliyyət göstərirlər. Bütün bunlara görə, regional inteqrasiya proseslərinin genişlənməsində çox maraqlıdırlar.

Beləliklə, yuxarıda deyilənlər göstərir ki, Cənubi Qafqazda geosiyasi vəziyyət hər an dəyişə bilər. Region uğrunda mübarizədə qlobal güclərin qarşıdurmaya meylli olması risk amilini xeyli yüksəldir. Ermənistandan bu məqsədlə istifadə edilə bilinər. ABŞ-ın Cənubi Qafqaz strategiyası ilə bağlı hazırlanan məruzədə məhz bu fikir yer alıb.

Bunlar riskləri tarazlaşdıra bilən alternativ geosiyasi güc mərkəzinin yaranması ehtiyacını ortaya atırmı? Bizcə, hazırda bu sual aktualdır. Lakin alternativ geosiyasi güc qismində kimlərin çıxış edə biləcəyi məsələsi hələlik açıqdır. Ümumiyyətlə, belə bir gücün meydana gələcəyi haqqında qəti söz demək çətindir. Eyni zamanda, real vəziyyətin ağır olduğunu hər kəsin qəbul etməsinin faydalı ola biləcəyini düşünürük.

Newtimes.az

Bütün xəbərlər Facebook səhifəmizdə