Avropa İttifaqı: siyasi radikalizm təhlükəsi

Maliyyə böhranının dərinləşməsi dünyanı çətin vəziyyətə salır. Cəmiyyətin bütün sahələrində yeni problemlər meydana gəlir. Artıq Avropa ölkələrində işsizliyin siyasi böhrana səbəb olduğundan danışırlar. Bu isə bütün bəşəriyyəti tənəzzülə sürükləyən proseslərə rəvac verə bilər.

Qorxulu tendensiyalar

Avropanın taleyi Qərbin siyasi dairələrində getdikcə daha çox narahatlıq doğurmağa başlayıb. 2008-ci ilin maliyyə böhranına qədər Avropa İttifaqını dünyanın ən perspektivli təşkilatı hesab edirdilər. Onun qlobal geosiyasətdə əsas güc mərkəzlərindən biri ola biləcəyinə kifayət qədər əminlik vardı. Hər bir halda əksər proqnozlarda Aİ-nin gələcəyini daha çox parlaq təsvir edirdilər.

İndi vəziyyət tamamilə fərqlidir. Maliyyə böhranının qarşısı nəinki alınıb, hətta onun genişlənərək bütün dünyanı əhatə etməsi prosesi həyəcanla izlənir. Aİ-nin özündə isə yeni sahələrdə tənəzzülün başladığından ciddi analitiklər yazmağa başlayıblar. Məsələn, "Stratfor"un qurucusu Corc Fridman son məqaləsində bu aspektdən Avropanın gələcəyi üçün əhəmiyyət daşıyan mühüm məqamları təhlil edib (bax: George Friedman. Europe, Unemployment and Instability // "Stratfor", 5 mart 2013).

Həmin yazıda müəllif Avropada böhranın keyfiyyətcə yeni mərhələyə keçdiyini xüsusi vurğulayır. Yeni tendensiya cəmiyyətin siyasi quruluşunun kardinal dəyişməsi istiqamətində gedir. Diqqəti cəlb edən əsas məqam da bununla bağlıdır. Çünki analitik həmin prosesin ciddi ziddiyyətlərlə müşayiət olunduğunu ayrıca qeyd edir. Bu kontekstdə maliyyə böhranının işsizlik böhranına çevrilməsi düşündürücü görünür. Məsələ ondan ibarətdir ki, işsizlik böhranının qlobal xarakter daşıdığı iddia edilir.

Onu deyək ki, bu tezisi yalnız C.Fridman müdafiə etmir. ABŞ dövlət katibi Con Kerrinin gənclərin qlobal məsələləri üzrə xüsusi müşaviri Zinat Rahman da eyni mövqedədir (ətraflı bax: Zeenat Rahman. The Real Crisis: Global Youth Unemployment // "The Diplomat", 1 mart 2013). Həmin müəllif dünyanın bir çox ölkəsinin gənclərin işsizlik böhranından böyük narahatçılıq keçirdiyini konkret faktlarla göstərir.

Məsələ bunlarla məhdudlaşmır. İşsizlik böhranının siyasi problemlər yaratmağa başladığı haqqında proqnozlar verilir. C.Fridman və Z.Rahman konkret faktlar əsasında artıq bu prosesin Avropada başladığını yazırlar. Siyasi böhranın başlaması Avropa İttifaqının taleyini bir qurum kimi şübhə altına alır. Çünki proses cəmiyyətin bütün sahələrində, o cümlədən siyasi fəaliyyətdə və ideoloji konseptlərin məzmununda köklü dəyişikliklərə yol açır.

Analitikləri bu aspektdə ən çox narahat edən məsələ faşizmin yeni formada Avropada dirçəlməsi təhlükəsinin yaranmasıdır. Siyasi radikalizm istənilən forma və məzmunda müasir tarixi mərhələnin ruhuna uyğun deyil. Dünyada qloballaşma prosesinin vüsət aldığı bir zamanda, təcrid olma və başqalarına qarşı aqressiv davranma qəbul edilən siyasi fəaliyyət modeli ola bilməz. Lakin ekspertləri də düşündürən odur ki, daha çox inkişaf etmiş məkan kimi Avropada bu cür vəziyyət necə yarana bildi? Onun qarşısını almaq mümkündürmü? Bu suallara cavab vermək üçün əvvəlcə işsizliyin siyasi böhrana gətirib çıxarması mexanizmi üzərində dayanmaq gərəkdir.

İşsizlikdən radikal siyasi düşüncəyə doğru

Beynəlxalq Əmək Təşkilatının verdiyi məlumata görə, hazırda dünyada 75 milyon işsiz gənc vardır. 15-24 yaş arasında olanların iş tapmaq şansı böyüklərə nisbətən 3 dəfə azdır. Yunanıstanda işsizlərin sayı 27%, İspaniyada 26,2%, Portuqaliyada 17,6%, İrlandiyada 14,7%, Litvada 13,3%, İtaliyada 11,7% təşkil edir (bax: Corc Fridmanın adıçəkilən məqaləsinə).

Fransa və Polşada həmin rəqəm 10,6%, Britaniyada isə 7,7%-dir. Yalnız Almaniya, Avstriya, Niderland və Lüksemburqda işsizlik 6%-dən aşağıdır. Bu rəqəmlər hansı təhlükələrdən xəbər verir? Problem onunla bağlıdır ki, hər bir işsiz əslində daha ən az 3 nəfərin yaşamaq çətinliyinin olması deməkdir. Bura psixoloji problemləri də əlavə etmək lazımdır. İşsiz insan daim özünü cəmiyyətə qarşı qoyur, yadlaşır, sosial mühitin amansız olduğunu düşünür.

Digər tərəfdən, əgər bir ölkədə işsizlik 11%-dirsə, deməli ümumilikdə əhalinin 44%-i sosial-iqtisadi çətinliklər içərisində yaşayır. O zaman hazırda Yunanıstanda işsizliyin 27% olması əhalinin 81%-nin böhranı öz üzərində hiss etməsi deməkdir. Təcrübə göstərir ki, cəmiyyətdə belə vəziyyət yarananda siyasi sistemdə ciddi dəyişikliklərə yol açılır. İndi İtaliya və Yunanıstanın siyasi mühitində baş verənlər həmin proqnozu təsdiq edir.

İtaliyada bu ilin fevralında keçirilən parlament seçkilərində "Beş ulduz hərəkatı" adlanan siyasi partiya parlamentdə 25% yer qazanıb. Bu hərəkatın 2009-cu ildə siyasətə heç bir aidiyyəti olmayan adamlar tərəfindən yaradıldığını nəzərə alsaq, onların uğur qazanması səbəbləri üzərində düşünməyin mənası vardır.

"Beş ulduz hərəkatı"nın əsasını tanınmış məzhəkəçilər Beppe Qrillo və Janroberto Kasaledjio qoyublar. Bu partiya populist və Avropada inteqrasiyaya bədbin yanaşmanı ifadə edən ideologiyaya sahibdir. Hesab edir ki, İtaliya özünü qorumaq üçün daxildə korrupsiyaya qarşı mövqe tutmalıdır. Xarici siyasətdə isə öz maraqlarını Avropa İttifaqına qurban verməməlidir. Lakin bu partiya heç bir səmərəli iqtisadi inkişaf modeli təqdim etmir. İndi situasiya keçən əsrin 20-ci illərində Avropada faşizmin inkişafına imkan yaradan duruma bənzəyir. Təbii ki, müasir dövrdə faşizm XX əsrdə olandan fərqlənə bilər. Lakin mahiyyət dəyişmir.

Populist vədlər, ölkəni təcrid etmək siyasəti və təhlükənin kənardan gəldiyi haqqında rəy yaratmaq sonda cəmiyyəti ifrat barışmaz mövqeyə gətirə bilir. İndi İtaliya və Yunanıstanda Almaniyaya qarşı düşmənçilik hissi oyadırlar. Məsələni belə təqdim edirlər ki, Almaniya Aİ-nin ən güclü ölkəsi kimi böhranın aradan qaldırılmasına yardım edə bilər. Lakin bunu etmir. Eyni zamanda, Berlinin Parisə qarşı da konstruktiv mövqe tutmadığı haqqında informasiyalar yayılır. Almaniya inflyasiyanın nəzarətdə saxlanmasında, Fransa isə daha çox maliyyə yardımı almaqda maraqlıdır. Bu ziddiyyəti, vəziyyəti ağır olan ölkə siyasətçiləri özlərinə qarşı atılmış addım kimi qəbul edirlər. Nəticədə isə cəmiyyətdə radikal siyasi mövqeli insanların sayı artır.

Oxşar tendensiya Yunanıstanda müşahidə edilir. Bu ölkədə "Qızıl şəfəq" adlı siyasi partiyanın son zamanlar nüfuzu artmaqdadır. Onlar açıq şəkildə Yunanıstan vətəndaşı olan türklərə qarşı aqressiv mövqe ifadə edirlər. Bu ölkədə işsizliyin yüksək olduğunu nəzərə alsaq, yaxın perspektivdə siyasi radikalizmin güclənə biləcəyini proqnozlaşdırmaq olar. Bolqarıstan, Rumıniya, Macarıstan və digər Avropa ölkələrində analoji proseslər gedir.

Orta sinfi kim xilas edəcək?

Bütün bu böhran halları Avropada hazırkı siyasi hakimiyyətlərin orta sinfin maraqlarına uyğun fəaliyyət göstərməməsinin nəticəsində meydana çıxır. Bu məqamdan istifadə edən populistlər isə əhalini öz tərəflərinə çəkirlər. Bu proses demokratiyanı böyük təhlükələrə atır. Çünki radikal siyasi kurs tərəfdarları idarəetmə sistemini köklü dəyişməyə çalışırlar. Onların qarşısını almaq üçün isə hələlik səmərəli proqramlar hazırlanmayıb.

Beynəlxalq Əmək Təşkilatından olan iqtisadçı Ekkehard Ernst gənclərin yaxın 5 il müddətində işlə təmin ediləcəyinə inanmadığını deyib. O, 2017-ci ildə İspaniyada gənclərin 50%-dən, İtaliya və Yunanıstanda isə 30%-dən çoxunun işsiz olacağını proqnozlaşdırır. Alman İqtisadiyyatı İnstitutunun eksperti Holger Schöfer vəziyyətin bu dərəcədə ağır olmadığını söyləsə də, böhranın dərinləşdiyini inkar etmir.

Maraqlıdır ki, son zamanlar Avropa siyasətçiləri də işsizliyin yaratdığı problemlərdən tez-tez danışmağa başlayıblar. Bu barədə Almaniyanın kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və Avropa İttifaqı Şurasının sədri Herman Van Rompuy narahatlıqlarını ifadə ediblər.

Bunlar onu göstərir ki, Avropa ölkələrində siyasi radikalizmin qarşısını ala biləcək proseslər yox dərəcəsindədir. Analitiklər, ekspertlər və siyasətçilər vəziyyətin çox ağır olduğundan bəhs edirlər, lakin konkret çıxış yolunu göstərə bilmirlər. Belə çıxır ki, Aİ məkanında orta sinfin sosial-iqtisadi durumunun ağırlaşması fonunda ultraradikal, şovinist və faşist düşüncəli qrupların mövqeləri daha da möhkəmlənə bilər.

Bu tendensiyanın nə dərəcədə dayanıqlı olacağını indidən demək çətindir. Ancaq artıq həyəcan təbili çalınırsa və Avropa İttifaqını əhatə edən böhran prosesi səngimirsə, çox ciddi düşünməyin zamanıdır. Siyasi böhranın dərinləşməsi qlobal miqyasda özünü göstərməyə başlayırsa, bundan hər bir dövlət zərər görə bilər. Bu mənada həmin məsələyə qarşı dünyanın hər bir ölkəsi mübarizə aparmalıdır. XXI əsrin faşizminin bəşəriyyəti daha fəlakətli vəziyyətə sala biləcəyinə şübhə olmamalıdır.

Belə görünür ki, ikili standart siyasəti yeridən böyük dövlətlər öz mövqelərini bir daha nəzərdən keçirsələr, bütün dünya üçün xeyirli olar. Çünki böhranın qarşısı bu gün alınmırsa, sabah gənclər daha ağır problemləri həll etməli olacaqlar. İşsizliyin getdikcə artdığı bir dövrdə çətin ki, bu yol bəşəriyyəti nicata aparsın.

Newtimes.az

Bütün xəbərlər Facebook səhifəmizdə