Sarkisyan yenə yalvardı: “Rusiyanın köməyinə və dəstəyinə ümid edirik”

Serj Sarkisyanın prezident seçkilərindəki "qələbəsindən" sonra, inauqurasiya mərasimini gözləmədən təcili olaraq Moskvaya səfər etməsi, Rusiya Prezidenti Vladimir Putinlə görüşü o qədər də təəccüb doğurmadı. Çünki Ermənistanda siyasi rejimə xarici siyasət legitimliyini həmişə rəsmi Moskvadan verildiyi heç kəsə sirr deyil və hər dəfə bu ölkənin istənilən prezidenti, baş naziri, xarici işlər naziri vəzifəyə gəldikdən sonra ilk olaraq xaricə səfər üçün Rusiyaya üz tutub. Və son vaxtlar erməni KİV-lərində səslənən fikirlər Ermənistanı hərbi-siyasi baxımdan Rusiyaya yönəlməli olduğunu, Avropa İttifaqı ilə isə iqtisadi əlaqələri inkişaf etdirməyi vacib sayır.

Qarşıya qoyulan ilk tələb

Sarkisyanın Moskva səfəri bir növ hamiyə təşəkkür etməklə yanaşı, eyni zamanda prezident seçkilərində göstərilən dəstəyin qarşılığında ondan nələrin tələb edildiyini və verilən yeni tapşırıqları öyrənmək olub. İlk olaraq Ermənistanın qarşısında qoyulan tələb Gömrük İttifaqına girməklə bağlıdır.

Rəsmi Yerevan özü də gizlətmir ki, Ermənistan bu il Avropa İttifaqından yardım və güzəştli kreditlər qismində iki milyard avroyadək vəsaitin verilməsini gözləyir. Ekspertlər isə hesab edir ki, ermənilərin məbləğlə bağlı ümidləri puç ola bilər, çünki Avropa İttifaqının özünün maliyyə problemləri və vəsait istəyənləri kifayət qədərdir. Lakin ermənilər həmişə olduğu kimi bu dəfə də yalvararaq böyük məbləğdə ianə almağa ümid edirlər.

Sözsüz ki, bundan sonra Ermənistanın Avrasiya İttifaqına üzvlük məsələsi gündəmə gələcək. Hələlik postsovet ölkələrini ürkütməmək üçün ilk olaraq Gömrük İttifaqı layihəsinin icrasına start verilib.

ABŞ-ın Milli kəşfiyyat direktoru Ceyms Klepperin Konqresə təqdim etdiyi hesabatda da qeyd olunur ki, Moskva, çox güman ki, öz xarici siyasətini keçmiş SSRİ ölkələrinə təsirini gücləndirməyə yönəldəcək. Kreml bunu irəli sürdüyü Gömrük ittifaqı (Rusiya, Belarus, Qazaxıstan) və Avrasiya İttifaqı kimi inteqrasiya təşəbbüsləri vasitəsi ilə həyata keçirəcək.

Qüvvələr nisbəti çox dəyişib

S.Sarkisyan görüşdə Rusiya prezidentinə hərbi sahədə əlaqələrin inkişafına görə təşəkkürünü bildirib: "Biz siyasət, iqtisadiyyat, hərbi və humanitar sahələrdə nəticələr əldə etmişik. Bundan sonra da Rusiyanın köməyinə və dəstəyinə ümid edirik".

Sarkisyan Rusiyadan və konkret olaraq Putindən hazırda əlavə hərbi və siyasi zəmanətlər, həmçinin imkan daxilində heç olmasa yaxın müddətdə qaza və AES üçün tədarük edilən nüvə yanacağına görə güzəştli qiymətlər qapmağa ümid edir.

Azərbaycanın bölgədə artan hərbi, siyasi, iqtisadi qüdrəti Ermənistanı daha çox Rusiyanın qucağına sığınmağa məcbur edir. Əgər Sovet İttifaqının son illərində Azərbaycan əhalisi Cənubi Qafqaz əhalisinin 45 faizini təşkil edirdisə, indi bu göstərici 60-a çatıb. Əgər o illərdə Azərbaycan iqtisadiyyatı region iqtisadiyyatının 42 faizinə bərabər idisə, indi bu göstərici 70 faiz təşkil edir. Bundan başqa, ixrac potensialının 90 faizi, investisiya potensialının 100 faizi Azərbaycanın payına düşür. Azərbaycan iqtisadiyyatının imkanları Gürcüstan və Ermənistanın iqtisadiyyatından 5-6 dəfə çoxdur.

Rusiya Siyasi Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Serqey Markov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində qüvvələr nisbəti son dərəcə Azərbaycanın xeyrinə dəyişib: "Hazırda Dağlıq Qarabağ münaqişəsi məsələsində Ermənistanla Azərbaycan arasında qüvvələr nisbəti 15 il bundan əvvəlki kimi deyil. O vaxtdan etibarən qüvvələr nisbəti çox dəyişib və Azərbaycan Ermənistandan daha da güclü olub".

Ölkənin yarısı satın alınıb

Sarkisyan görüş əsnasında Rusiya ilə Ermənistan arasında son vaxtlar hərbi münasibətlərdə mühüm irəliləyişlər olduğunu, müdafiə nazirinin, baş qərargah rəisinin İrəvana səfərlər etdiyini xatırladıb: "Xüsusilə əlamətdar idi ki, Ermənistanın ordu günündə Rusiya müdafiə naziri İrəvana səfər etdi". Sarkisyan eyni zamanda Rusiya prezidentini Ermənistana səfərə dəvət edib. Görünür 5 illik uğursuz prezidentlik fəaliyyətindən, ölkənin düşdüyü ağır iqtisadi böhrandan və seçkilərdə saxtakarlıqla əldə etdiyi qələbədən sonra Sarkisyanın yeganə öyünə biləcəyi məqam Rusiya rəsmilərinin Ermənistana səfərdir.

Putin Rusiyanın Ermənistanda 3 milyardlıq kapitala malik olduğunu, kapital qoyuluşunun davam etdiyini deyib. Bildirib ki, yeni və daha perspektivli iqtisadi əməkdaşlıq planları mövcuddur.

Bu gün Rusiya təkcə Ermənistanın təhlükəsizliyinin zamini kimi çıxış etmir, eyni zamanda dövlət kimi mövcudluğunun səbəbkarıdır. Sovet İmperiyasının süqutundan sonra Rusiyanın dəstəyi olmasaydı Ermənistanda bu gün iqtisadiyyatın əsasının təşkil edən mövcud qaz paylaşdırma, dağ-mədən müəssisələrinin fəaliyyəti sual altında qalardı. Rusiya şirkətləri Ermənistanda bütün sferalar üzrə praktiki olaraq fəaliyyət göstərir, dövlət büdcəsini təmin edir və minlərlə insana iş verir. Rusiyanın hesabına Ermənistanda qaz, elektrik enerjisi var, aqrar sənaye, sosial obyektlər işləyir, qatarların hərəkəti dayanmır.

"ArmRosqazprom", "Ermənistanın Elektrik şəbəkələri", "ArmenTel", "VivaSell", "Aqarakskiy mis-molibden kombinatı", VTB (Ermənistan) bankı və digərlərinin aktivlərini Rusiya alıb. Qarşılığında Ermənistan rəhbərliyi Rusiyadan qayğı görür və onun çətiri altında qorunurlar.

Ermənistanda Rusiyanın bu aktivləri olduqca əlverişli şəraitdə aldığını düşünürlər. Bunu bir növ rəhbərliyin Rusiyaya hədiyyəsi hesab edirlər. Sabiq baş nazir Qrant Baqratyan deyir ki, Rusiya aktivlərin əksəriyyətini yarı qiymətinə alıb. Onun sözlərinə görə, 750 meqavat gücündə olan Sevan-Razdan hidroelektrik stansiyası 3 milyard dollar həcmində qiymətləndirilsə də, Rusiyaya bu stansiyanı 1,5 milyard dollara satıblar. Rusiya Ermənistan iqtisadiyyatının yarıdan çoxunu alıb.

Cənubi Qafqazda yeni strateji gedişlər

Əslində bu Ermənistanın alçaldılmasıdır. Ermənistanın səriştəsiz siyasəti ölkəni Rusiyadan iqtisadi və siyasi cəhətdən asılı vəziyyətə salıb. Lakin, Rusiya ən böyük investor olsa da, xeyriyyəçi deyil, onun öz maraqları var.

Ümumiyyətlə, Rusiyanın Cənubi Qafqaz siyasətində yeni strateji gedişlər özünü büruzə verir. Bu, xüsusən Rusiyanın Ermənistanı silahlandırmasında özünü göstərir. Rusiyanın hegemonluq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanda tez-tez hərbi təlimlər keçirməsi də buna əyani sübutdur və hərbi-texniki əməkdaşlıq gündən-günə dərinləşməkdədir. Artıq 2014-cü ildə Ermənistanda KTMT-ın hərbi akademiyasının açılması planlaşdırılır.

Ekspertlər Rusiyanın Ermənistanı silahlandırmasını Azərbaycana təzyiq kimi dəyərləndirir. Bu gün silahlandırma tamamilə hər bir norma, əxlaq və qanuna zidd olsa da, Rusiya çəkinmədən bunun edir. Rusiya bölgəni barıt anbarına çevirməyə çalışır. Bununla bölgədə öz təsirlərini tamamilə yaymağa və bir sıra beynəlxalq layihələri pozmağa və Azərbaycanı qorxutmağa çalışır. Uğursuz alınan Qəbələ RLS-i anlaşmasından sonra Azərbaycan qazının hamısının Qərbə göndərilməsi barədə imzalanmış TANAP layihəsi də Kremlini bərk narahat edib. Çünki onlar Azərbaycan qazının ucuz qiymətə alıb, baha satmaq niyyətində idilər. Rusiyanın "Cənub axını" layihəsini reallaşdıracaq, qaz kəmərini doldura biləcək qaz ehtiyatları olmadığından bu qazı Türkmənistan və Azərbaycandan qopartmaq istəyir. Bu istək alınmadığından Rusiya Azərbaycana təzyiqlərini müxtəlif yollarla artırır. Bunun üçün özünün birbaşa müdaxiləsi şəklində deyil, əlinin altındakı köpəkdən, ermənilərdən yararlanır. Bir sözlə Ermənistan Rusiyanın əlində olan dəyənəkdir, necə istəyir, elə də istifadə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə