Xocalı soyqırımının bəzi beynəlxalq-hüquqi məsələləri

Kamran Behbudov, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun doktorantı

Bəşər tarixinin ən qanlı səhifələrindən olan Xocalı soyqırımından 21 il ötür. Bu dəhşətli hadisənin növbəti ildönümü günlərində faciəni, törədənlərin məkrli xislətini bir daha açıb göstərmək, erməni vandalizmini, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq böyük aktuallıq və önəm kəsb edir.

Erməni millətçiləri tərəfindən həyata keçirilən uzun illik təcavüz və etnik təmizləmə siyasətinin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, həmin ərazilərdə "böyük Ermənistan" dövləti yaratmaq olmuşdur. Çoxsaylı tarixi sənədlər sübut edir ki, erməni millətçiləri tərəfindən hələ 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü illərdə Qafqazda yüz minlərlə azərbaycanlı öz torpaqlarından deportasiya olunmuşdur.1988-ci ilin fevralından işğalçı Ermənistanın ölkəmizə qarşı növbəti təcavüzü, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi çağırışlarına və nümayişlərə keçmiş SSRİ rəhbərliyinin heç bir siyasi qiymət verməməsi nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla Azərbaycanın əzəli torpaqlarının 20 faizi zəbt edilmişdir. 20 mindən çox soydaşımız həlak olmuş, 50 mindən artıq adam yaralanmış, əlil və şikəst olmuş, bir çox Azərbaycan hərbçisi əsir düşmüş, dinc əhali girov götürülmüş, bir milyon həmvətənimiz öz yurdunda ağır qaçqın və məcburi köçkün həyatı yaşamaqdadır.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət istər Qarabağ müharibəsi, istərsə də dünya müharibələri tarixində dəhşətli nəticələrinə görə analoqu olmayan hadisələrdəndir. Xankəndidə yerləşdirilmiş, şəxsi heyətində erməni zabitlərin də olduğu bu alayın çoxsaylı ağır texnikası üç isti-qamətdə şəhərə yeridilmiş, yaşayış evləri və şəhərin sosial infrastrukturu dağıdılmış və yandırılmışdır. Vahimə içərisində şəhəri tərk etmək məcburiyyətində qalan dinc əhali Naxçivanik kəndi yaxınlığında erməni silahlıları ilə qarşılaşmış və qətlə yetirilmişlər. Qadınlar, qocalar, əlillər, uşaqlar xüsusi amansızlıqla öldürülmüş, soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışlar.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımı adları bəlli olan 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoymuş, 487 nəfər şikəst olmuş, 1275 dinc sakin əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.

Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilmiş, mülki əhali görünməmiş vəhşiliklə qətlə yetirilmiş, əsir götürülənlərə amansız işgəncələr verilmişdir. Bu zaman soydaşlarımızın əsas insan hüquqları, ən başlıcası isə təməl hüquq olan yaşamaq hüququ kütləvi şəkildə, kobudcasına pozulmuşdur.

Beynəlxalq hüquqa görə, genosid sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayətlərdən biri hesab olunur. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində qeyd olunur ki, genosid, insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir. Belə bədnam əməllər BMT-nin məqsəd və vəzifələrinə tam ziddir.

BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş və 1951-ci ildə qüvvəyə minən Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyada genosid cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Konvensiyaya qoşulan dövlətlər sülh, yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq, genosidin beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edərək, onun qarşısının alınması və səbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi öhdələrinə götürmüşlər.

Xocalı soyqırımı zamanı yol verilmiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq və dövlətdaxili hüquqa əsasən məhz genosid olduğunu sübut edir. Bu vəhşilik və vandalizm aktı Xatın və Sonqmi faciələri kimi qiymətləndirilməli, insanlığa qarşı törədilən qanlı cinayət öz layiqli qiymətini almalıdır.

Eyni zamanda Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı adı çəkilən Konvensiyada təsbit olunmuş genosid cinayətinin əsasını təşkil edən bütün əməllər tətbiq olunmuşdur. Bu işğalçı ölkənin yürütdüyü soyqırımı siyasəti uzun illərdir ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki beynəlxalq hüququn ümumtanınmış normalarına görə, dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir, ərazi bütövlüyünün və suverenliyin pozulması yolverilməzdir.

İşğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsidir, bunu beynəlxalq hüquq, o cümlədən BMT Təhlükəsizlik Şurasının məlum 822, 853, 874 və 884 saylı Qətnamələri, BMT Baş Məclisinin "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı 14 mart 2008-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Qətnaməsi, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 1416 və 1690 saylı Qətnamələri bir daha sübut edir.

Qeyd olunmalıdır ki, erməni tərəfi zəbt olunmuş Qarabağ ərazilərini azad etmədiklərini, əsasən, xalqların öz müqəddəratını təyinetmə prinsipi ilə əlaqələndirməyə cəhd göstərir. Bu, beynəlxalq hüququn ümumtanınmış prinsipi olmaqla, bir sıra beynəlxalq hüquqi sənədlərdə, o cümlədən BMT Nizamnaməsində, müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında 1960-cı il Bəyannaməsində, İnsan Hüquqları haqqında 1966-cı il Beynəlxalq Paktlarında, Helsinki Yekun Aktında, habelə BMT Beynəlxalq Məhkəməsinin bir sıra qərarlarında öz əksini tapmışdır.

Xüsusilə vurğulanmalıdır ki, göstərilən prinsipin kontekstində və ümumiyyətlə, beynəlxalq hüquqa görə, "xalq" anlayışı hər hansı milli və ya etnik qrupu deyil, məhz dövlətin bütün əhalisini ehtiva edir. Yalnız xalq bütövlükdə bu hüququn daşıyıcısıdır. Beləliklə, xalqın bir hissəsi, o cümlədən milli azlıqlar belə bir hüquqa malik deyillər ki, bu da beynəlxalq hüquqda birmənalı olaraq qəbul edilmişdir. Həmçinin bu hüququn həyata keçirilməsi hər hansı bir dövlətin ərazilərinin zəbt olunması və ya sərhədlərinin dəyişdirilməsinə əsas ola bilməz. Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda yaşayan ermənilər məhz milli azlıq statusuna malik olduqlarından, beynəlxalq hüquqa əsasən, adı çəkilən hüquq onlara şamil edilə bilməz.Erməni təcavüzü bütövlükdə Cənubi Qafqazda sülhyaratma, sabitlik və inkişaf proseslərinə mənfi təsir göstərir. Azərbaycanda müxtəliflik, tolerantlıq, milli, dini dözümlülük prinsiplərinə hörmət mühitində on minlərlə erməni yaşadığı halda, beynəlxalq hüquq normaları pozan Ermənistan monomilli dövlət yaratmış və orada yaşayan 200 mindən çox azərbaycanlı dinc əhali, o cümlədən ahıllar, qadınlar, uşaqlar, əlillər işgəncələrə, insan ləyaqətini alçaldan rəftar və cəzalara məruz qalaraq, vətəndaşı olduqları bu dövlətin ərazisindən etnik təmizləmə nəticəsində kütləvi surətdə zorla qovulmuşlar.

Azərbaycan tərəfi bu münaqişənin sülh yolu ilə həllinə daim səy göstərir. Ümummilli liderimiz Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətini açıqlamış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət vermişdir. Prezident Ilham Əliyev Avropa Şurasında ilk dəfə olaraq Ermənistanın təcavüzkar tərəf kimi tanınmasına nail olmuş, bu dövlətin Dağlıq Qarabağı və Azərbaycanın daha 7 rayonunu işğal altında saxlaması faktı AŞPA-nın rəsmi sənədlərində öz əksini tapmışdır. ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində vasitəçi kimi uzun illik fəaliyyəti hələlik bir nəticə verməmişdir. Hazırda Xocalı soyqırımı dünyanın bir sıra dövlətlərinin parlamentlərində müzakirəyə çıxarılır, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Ermənistan təcavüzkar dövlət kimi tanınır, işğal edilmiş Azərbaycan ərazilərinin geri qaytarılması, ərazi bütövlüyünün bərpa olunması tələb olunur. Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməmiş, terrorçu əməllərə qarşı qəti tədbirlər görülməmişdir.

Dünya birliyinə, aidiyyəti beynəlxalq təşkilatlara müraciət edərək Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, terror siyasətinə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son qoyulacağına, bu münaqişənin sülh və danışıqlar yolu ilə aradan qaldırılmasına dəstək veriləcəyinə, zəbt olunmuş torpaqların qaytarılacağına, yüz minlərlə qaçqın və məcburi köçkünlərin öz yurdlarına dönəcəyinə, onların konstitusion hüquqlarının bərpa ediləcəyinə inanırıq.Ölkəmizə qarşı təcavüzü, Xocalı soyqırımını törədən erməni terrorçuları və onların havadarları cinayət məsuliyyətinə cəlb edilməlidir. Beynəlxalq təşkilatların məlum münaqişənin həllinə yönəlmiş səyləri ikili standartlara yol vermədən, beynəlxalq hüquq norma və prinsiplərinə tam uyğun həyata keçirilməli, Ermənistan işğalçı, təcavüzkar siyasətdən, ərazi iddialarından əl çəkərək, bu münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalı, azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa edilərək öz doğma yurdlarına dönməli, əsir və girovlar azad olunmalı, Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyalar tətbiq edilməlidir.

Beynəlxalq səviyyədə heç bir sanksiyaya məruz qalmayan erməni qəsbkarlarının törətdikləri bu kütləvi insan qırğını Azərbaycanın dövlət müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü hədəfə almış məqsədyönlü siyasətinin bir mərhələsi kimi, ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində oxşarı olmayan vəhşilik, birmənalı olaraq, genosid kimi dəyərləndirilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə