Cənubi Qafqazda nələr baş verir?

Rusiya regionda öz mövqeyini yeni statusda möhkəmləndirmək istəyir

Gürcüstanın dövlət başçısı Mixeil Saakaşvilinin Gürcüstan və Azərbaycanı gözləyən Rusiyadan gələn təhlükə ilə bağlı bəyanatı bir çox yönlərdən şərh edilib. Saakaşvilinin bu iddiası son vaxtlar o qədər də isti olmayan Rusiya Azərbaycan münasibətlərinin sonrakı mərhələdə hansı məcraya yönələcəyi sualını ortaya qoyur. Siyasi ekspertlərin fikrincə, Rusiyanın Azərbaycana qarşı hazırladığı təhlükə ehtimalı olsa belə, bundan ehtiyatlanmağa dəyməz. Çünki Azərbaycanın hazırkı siyasi, iqtisadi, hərbi qüdrəti bu təzyiqləri neytrallaşdırmaq gücünə malikdir.

Bütün kartlar ortadadır

Ümumiyyətlə, Rusiyanın Putinin növbəti prezidentlik dönəmində Cənubi Qafqazla bağlı siyasətində oynadığı bütün kartlar ortadadır. Rəsmi Moskva birbaşa olmasa da, dolayısı ilə öz siyasətini açıq şəkildə bəyan edir və getdikcə bölgədə zəifləyən qüdrətini bərpa etmək niyyətindədir.

Mixeil Saakaşvilinin söylədiyi "Gürcüstanı parçalanma gözləyir, Azərbaycanı isə Gürcüstan ssenarisi əsasında hazırlanan dövlət çevrilişi" fikrində bəzi məqamlar diqqət çəkir.

Hələ Gürcüstanda parlament seçkilərinə bir neçə gün qaldığı bir vaxtda Tiflis həbsxanalarından birində məhbuslara işgəncə verilməsinə dair videogörüntülər yayıldı. Minlərlə adam küçələrə çıxması ilə nəticələnən bu qalmaqala görə ədliyyə və daxili işlər nazirləri istefa verməli oldu. Bu hadisə prezident Mixeil Saakaşvilinin mövqelərini zəiflətdi. Saakaşvili həmin dönəmdə də bu kompromatların Moskvadan təşkil olunduğunu bildirmişdi. Saakaşvili bununla həbsxanadakı görüntülərin Rusiyada yaşayan gürcü əsilli milyarder tərəfindən təşkil olunduğuna işarə etmişdi.

Mixeil Saakaşvili hökuməti Gürcüstan haqqında Qərbdə sovet keçmişini dəf etməyə və NATO-ya daxil olmağa səy göstərən kiçik, lakin cəsarətli, eyni zamanda 2008-ci ildə təcavüzünə məruz qaldığı Rusiyaya qarşı dayanan bir ölkə təsəvvürünü yaratmışdı. Seçkiöncəsi Gürcüstan hökuməti ölkənin xoş simasını təbliğ etmək məqsədilə ABŞ-da üç iri lobbi şirkəti tutmuşdu. Bu, Gürcüstan kabinetinə 183 milyon dollara başa gəlmişdi. Lakin müxalifət namizədi Bidzina İvanişvili öz lobbist kampaniyasını işə saldı. Bəzi məlumatlara görə, müxalifət Avropa ölkələrində və ABŞ-da 18 lobbi şirkəti və məsləhətçilərə ayda 1 milyon dollara yaxın pul xərcləmişdi.

Qərb Gürcüstan üzərində nəzarəti itirərsə...

O zaman Gürcüstandakı seçkiqabağı mübarizə tək ölkənin özündə deyil, Qərb hakimiyyət dəhlizlərində və Rusiyada da gedirdi. Məşhur politoloq Zbiqnev Bjezinkski açıqlamalarının birində bəyan etmişdi ki, əgər Qərb Gürcüstan üzərində nəzarəti itirərsə, onda Xəzər dənizinə, eləcə də Mərkəzi Asiya regionuna çıxışdan məhrum ola bilər. Məhz bu səbəbdən də Rusiya Qərb-Şərq kommunikasiya xətti üzərində nəzarəti həyata keçirməyə və Moskva bunun üçün Tbilisidə rusiyayönümlü qüvvələrin güclənməsinə çalışır. Bu səbəbdən də Gürcüstanla Azərbaycan arasında münasibətlərin pisləşməsində maraqlıdır. Rusiya nəşrləri də yazırdılar ki, yaxın vaxtlarda hamımız gürcü siyasi sistemində rusiyayönümlü xəttin leqallaşmasının şahidinə çevriləcəyik.

Belə də oldu. Rusiya gürcü müxalifətini dəstəkləyərək bu seçkilərdə parlamentə nəzarətin Saakaşvilini dəstəkləyən qüvvələrin əlindən çıxmasına nail oldu. Saakaşvili hakimiyyətinin əsas müttəfiqi olan Qərb dövlətlərinin başı isə Avropadakı böhrana, ABŞ-dakı prezident seçkilərinə, Yaxın və Orta Şərqdə baş verən hadisələrə qarışdığından Gürcüstan arxa planda qalmışdı. Nəticədə Moskva bu regionlarda öz mövqeyini yeni statusda möhkəmləndirmiş oldu.

Xüsusi səlahiyyətin pərdəarxası

Bu gün Ermənistan Rusiya tərəfindən sürətlə silahlandırılır. Rusiya Xəzər Dəniz Donanmasının silahlandırır və donanmaya sualtı qayıqlar və suüstü kreyserlər daxil edir. Rusiya hərbi dairələrindən və siyasətçilərindən gələn eyhamlı açıqlamalar da bir növ mesaj xarakteri daşıyır. Məsələn, 27 fevral tarixində Rusiya Hərbi Qüvvələrinin geniş kollegiya iclasında Rusiya müdafiə naziri Serqey Şoyqu desant qüvvələrinə surətli təsir vasitəsi kimi ehtiyac duyulduğu təqdirdə nəzarəti əlinə almağı tapşırıb. Rusiya hava-desant qüvvələrinin komandanı Şamanov da söyləyib ki, Rusiya ərazisində yarana biləcək problemlərin həlli ilə yanaşı, bu məsələdə başqa bəzi məqamlar da var: "Bunlardan biri Rusiyanın Cənubi Osetiyanın və Abxaziyanın müstəqilliyini tanıması və eləcə də Rusiyanın KTMT-dəki müttəfiq ölkələrə qarşı müttəfiqlik borclarının yerinə yetirilməsidir. Bunlar Ermənistan, Tacikistan və Qırğızıstandır".

KTMT üzvü olan və Rusiyanın "müttəfiq" adlandırdığı Ermənistan Azərbaycanla müharibə vəziyyətindədir, ölkəmizin 20 faiz ərazisini işğal edib. Bu baxımdan desant qoşununa belə xüsusi səlahiyyətlərin verilməsi Dağlıq Qarabağda başlana biləcək müharibə zamanı Moskvanın müdaxilə imkanlarını təsdiq edir.

Ermənistana hərbi-siyasi dəstək artıb

Xəzər Regionunun Siyasi və Sosial Tədqiqatları İnstitutunun əməkdaşı, siyasi ekspert Andrey Qriqori Areşev Qəbələ RLS ilə bağlı razılığın əldə olunmamasından sonra Azərbaycana "Favorit" sisteminin üçüncü divizionun satışının ləğvi barədə V.Putinin qərarını, eyni zamanda Rusiyanın Ermənistanla hərbi-siyasi dəstəyinin artdığını xatırladıb: "Yerevanda güman edirlər ki, Rusiya hərbi rəhbərliyinin əsas fiqurlarının Yerevana səfərləri Moskvanın Cənubi Qafqazda yeganə hərbi-siyasi müttəfiqinə daha çox diqqət yetirdiyini və cənub siyasətinin planlaşdırılması məsələlərində Ermənistanın fikrinə daha çox qulaq asmağa hazır olduğunu göstərir".

Həmçinin, azərbaycanlı olan, Rusiyada yaşayan və bəzi qurumların rəhbəri olan şəxslərin Azərbaycanın, onun siyasi rəhbərliyinin ünvanına qarşı iddialarla çıxış edirlər.

Yuxarıda sadalanan bütün faktları əslində qonşu dövlətin təzyiqi kimi dəyərləndirmək olar. Seçkiöncəsi təxribatlara gəlincə, rəsmi Moskva Azərbaycandakı agentura şəbəkəsindən istifadə edərək insanlar arasında müəyyən dezinformasiyalar yaymağa çalışır. Təəssüflər olsun ki, müəyyən siyasi qurumlar, radikal müxalifət, onların nəzarətində olan KİV-lər bu və ya digər formada Rusiyadakı bəzi dairələrin istəklərinə uyğun əhali arasında müxtəlif dedi-qoduları yaymaqla məşğuldurlar.

Qərb üçün böyük geostrateji əhəmiyyətə malik dövlət

Azərbaycana gəldikdə isə, ölkəmiz Qərb dövlətləri ilə yaxından tərəfdaşlıq edir. Azərbaycan Qərb üçün çox böyük geostrateji əhəmiyyətə malikdir. Artıq Qərb ölkələrindən bir neçəsi, ABŞ, İsrail, Avropa Birliyi ölkələri Azərbaycanın təhlükəsizliyini qorumaq barədə ən azı mətbuat səviyyəsində bəyanatlar verirlər. Bu da Rusiyanı avantürist addımlardan çəkindirməlidir. Rusiyanın Azərbaycanla bağlı bəlli "arzuları" varsa belə onları reallaşdırmaq mümkün deyil.

Rusiya isə ABŞ və İsrailin Azərbaycana hərbi dəstəyindən narahatdır. Siyasi ekspert Andrey Areşevin son illər Azərbaycanın silahlanmasında İsrailin roluna xüsusi diqqət çəkir: "2010-2011-ci illərdə İsrail şirkətləri Azərbaycan ordusuna məxsus "T-72" tanklarını və "BMP-2" piyada döyüş maşınlarını modernləşdirib. Bundan başqa Azərbaycan İsraildən 9 ədəd "Links" reaktiv yaylım atəş sistemləri, 120 millimetrlik "Cardom" minaatanları, "PZRK Spike-SR" pilotsuz hava aparatları, 2 "Hermes-450", 16 "Heron-1", 16 "Orbiter-2M", həmçinin 9 "Barak-8" müdafiə sistemləri alıb. İsrailin lisenziyası əsasında "Aerostar" və "Orbiter-2M" pilotsuz təyyarələri Azərbaycanda istehsal olunub".

A.Areşev hesab edir ki, son illərdə Azərbaycana İsrail və ABŞ-ın hərbi və logistik dəstək ATƏT-in Minsk qrupunun həmsədri kimi Moskvanı narahat etməyə bilməz.

Rəsmi Moskva bir şeyi də nəzərə almalıdır ki, Azərbaycan ötən yüzilliyin 20-ci və 90-cı illərdən fərqli olaraq iqtisadi, siyasi, hərbi baxımdan bu gün daha güclü və qüdrətli bir dövlətdir. Kremldə oturanlar isə çətin də olsa bununla hesablaşmağa məcburdurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə