Və ya Putinin qarışıq yuxuları

Vladimir Putinin Rusiyada yenidən prezident kürsüsünə əyləşdikdən sonra rəsmi Moskvanın xarici siyasətində mühüm dəyişikliklər olacağını ekspertlər əvvəlcədən proqnozlaşdırırdılar. Gözlənilənlərin əksinə olaraq Dağlıq Qarabağ məsələsində Medvediyevin başlatdığı üçtərəfli görüşləri yeni prezidentin bundan sonra da davam etdirəcəyi ehtimalları özünü doğrultmadı və ya bu günə qədər bu istiqamətdə prezident səviyyəsində heç bir addım atılmayıb. Bölgəyə gəldikdə isə, Gürcüstanla bağlı V.Putinin siyasətində dəyişikliklər özünü irimiqyaslı planda göstərdi. Gürcüstandakı son parlament seçkilərində Rusiyapərəst iş adamı Bidzina İvanişvilinin təmsil etdiyi koalisiyanın qələbəsi və onun yeni hökumətdə baş nazir postuna əyləşməsi Rusiyanın Qafqazla bağlı çox ciddi planlarının olduğunu üzə çıxardı. Ermənistana gəldikdə, bu dövlət həmişə Rusiyadan asılı olub və gələcəkdə də belə olacaq.

Avrasiya Birliyi keçmişə qayıdışdır

Putin hakimiyyət başına qayıdandan sonra elan edib ki, Rusiyanın əsas xarici siyasət kursu MDB-yə yönələcək və onun ideya müəllifi olduğu Avrasiya İttifaqının yaradılmasına köklənəcək. Moskvada MDB sammitində çıxışı zamanı Putin deyib ki, son illər MDB-nin möhkəmlənməsi üçün xeyli iş görülüb. Azad iqtisadi zona müqaviləsi bağlanıb, Gömrük İttifaqı, Vahid İqtisadi məkan yaradılıb.

Əlbəttə ki, bu, bu gün vahid iqtisadi məkanda Avrasiya Birliyi yaradılacaqsa, gələcəkdə vahid siyasi məkanda yeni bir ittifaqın yaradılmasının siyasi çalarları ciddi mənada ortaya çıxacaq. Çünki Putinin özü də etiraf edir ki, strateji məqsəd iqtisadi-siyasi birlik yaratmaqdır.

Bir çox siyasi şərhçilər bunu ciddi siyasi iddiadan başqa bir şey olmadığını deyirlər. Çünki bu cür siyasi iddiaların arxasında ciddi iqtisadi dayaqlar durmalıdır. Bütün hallarda Avrasiya modeli ciddi bir işlək model olaraq ortalığa çıxa bilməyəcək. Çünki Ukraynanın Avropa Birliyi ilə bir sözləşməsi var. Və bu gün təkidlə quruma dəvət edilən Ukrayna Gömrük Birliyinə girərsə, təbii ki, gələcək inkişaf perspektivini itirmiş olar. Çünki bu gün yüksək səviyyədə texnoloji inkişafı Ukraynaya verə biləcək yeganə dünya qərb dünyasıdır. Bu həm Ukraynaya, həm Orta Asiyaya, həm də Cənubi Qafqaz ölkələrinə aiddir.

Belə bir inkişaf potensialını qoyub yenidən keçmişə inkişaf etməyən, avtoritar Rusiyaya dönmək öz gələcəyinin üstündən xətt çəkmək anlamına gəlir. Öz dövlətinin və xalqının taleyini fikirləşən heç bir hakimiyyət bu gün Avrasiya modelinə qoşulmaqla gələcək inkişaf qapısını bağlaya bilməz. Bu çox strateji və həyati əhəmiyyətli bir qərardır.

Yenidən sovetləşdirilmə cəhdləri

Qərb ekspertləri də Putinin bu addımını Kremlin SSRİ-ni başqa ad altında bərpa etmək səylərinin tərkib hissəsi kimi dəyərləndirdi. İdeya müəllifi Moskva olan Avrasiya İttifaqının təməldaşı hesab edilən, Qazaxıstan, Rusiya və Belarus arasında yaradılan Gömrük İttifaqının genişlənməsi yeni SSRİ-nin nüvəsini yaradılması kimi proqnozlaşdırılır. Hətta MDB-nin Aşqabad sammitində Putin Rusiya, Belarus və Qazaxıstanın yaratdığı Gömrük Birliyi və vahid iqtisadi zonanın gələcəkdə Avrasiya Birliyinin yaranması üçün təkan olacağını bildirmişdi. Elə həmin vaxt Putinin səsləndirdiyi Avrasiya üçün inteqrasiya layihəsi haqqında bəyanata dərhal rəsmi Vaşinqtondan cavab gəlmişdi. O dönəmin ABŞ dövlət katibi Hillari Klinton ölkəsinin postsovet məkanında Sovet İttifaqını bərpa etmək cəhdi kimi qiymətləndirdiyi inteqrasiya proseslərinə qarşı olduğunu bəyan etmişdi. "Regionun yenidən sovetləşdirilməsi istiqamətində fəaliyyətlər müşahidə edilir. Lakin bunun adı əvvəlki kimi olmayacaq. Bu, Gömrük Birliyi, Avrasiya Birliyi və ya başqa cür adlandırılacaq". Əsas məqsədin nədən ibarət olduğunu bildiklərini deyən Klinton bu prosesi ləngitmək və ya qarşısını almaq istiqamətində fəaliyyət quracaqlarını bildirmişdi.

Avropa Birliyindən xəbərdarlıq

Hətta Avropa Birliyi MDB Gömrük İttifaqı məsələsinə çox sərt reaksiya vermişdi.

2012-ci ilin dekabr ayında ABŞ-ın müttəfiqi olan Avropa Birliyi Ermənistana bununla bağlı ciddi xəbərdarlıq etmişdi. Qurumun xarici məsələlər üzrə Ali komissarı Ketrin Eştonun sözçüsü Maya Koçiyançiç bildirmişdi ki, Ermənistan hansısa gömrük birliyinə qoşulmaq qərarına gəlsə, bu, Avropa Birliyi ilə azad və geniş ticarət zonasının yaradılmasına dair imzalanmış ikitərəfli müqavilə ilə uyğunluq təşkil etməyəcək. Çünki Gömrük İttifaqının ümumi xarici ticarət siyasəti var. Bu ittifaqa daxil olan ölkələr isə artıq xarici ticarət siyasətində suveren deyillər.

Koçiyançiç əlavə etmişdi ki, Ermənistanın Rusiya və digər MDB ölkələri ilə Gömrük İttifaqına daxil olması Avropa Birliyi və Ermənistan arasında azad ticarət zonası haqda danışıqlar çərçivəsində əldə edilmiş razılaşmaya ziddir. Lakin Avropa Birliyi Gömrük İttifaqına daxil olmaq istəyən digər MDB ölkələrinə qarşı da eyni mövqe sərgiləyir. Həmin ölkələr ya Rusiyanın istəyinə uyğun olaraq Gömrük İttifaqına daxil olmalıdır, ya da bundan imtina edərək Qərblə iqtisadi-ticarət əlaqələrini genişləndirməlidir. Ekspertlər hesab edir ki, bununla MDB ölkələrini faktiki seçim qarşısında qoyan Avropa həm də Gömrük İttifaqına qarşı konkret təzyiq mexanizmlərini işə salıb.

Azərbaycan isə əvvəlcədən Gömrük İttifaqına maraqlı olmadığını bəyan etmişdi. "Rossiya 24" kanalına müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev bildirmişdi ki, biz Gömrük İttifaqı və Vahid İqtisadi Məkana qoşulmağımızda hələlik elə bir xeyir görmürük. Prezident Azərbaycanın iqtisadi vəziyyətinin kifayət qədər möhkəm olduğunu söyləmişdi: "Bizim kifayət qədər valyuta və zəngin təbii ehtiyatlarımız var. Əgər biz bunun real perspektivlərini görsək, onda əlbəttə ki, hər hansı birliyə daxil olarıq. Bu planda bizim üçün heç bir qadağa, tabu yoxdur".

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev də açıqlamasında Azərbaycanın Gömrük İttifaqına daxil olmasında maraqlı olmadığını dilə gətirmişdi. Rəsmi Bakı Avrasiya Birliyi ilə bağlı vaxtaşırı qaldırılan müzakirələrə qatılmır.

Yeganə təzyiq vasitəsi

Putin isə istənilən halda, yeni formatda "SSRİ"nin bərpasında israrlıdır. Azərbaycanın Avrasiya Birliyi məsələsinə soyuq münasibəti, Qəbələ RLS ilə bağlı razılığın əldə edilməməsi Rusiyanın cənubi Qafqazda hegemonluq iddialarına və ya istəklərinə cavab vermir. Əslində Putinin bəyanatları Rusiyanın hegemonluq niyyətini açıq-aşkar ortaya qoyur. MDB-ni aktivləşdirmək, Avrasiya İttifaqı yaratmaq cəhdləri də bunun tərkib hissəsidir. Rusiya bu gün Azərbaycana iqtisadi və siyasi cəhətdən özündən asılı sala biləcək heç bir təzyiq vasitəsinə sahib deyil. Yeganə təzyiq Dağlıq Qarabağ münaqişəsinin həlli problemidir ki, burada da Rusiya Ermənistan faktorundan maksimum istifadə etməyə çalışır. Ermənistanı silah-sursatla təmin edir, hərbi əməkdaşlığını daha gücləndirir və onları Azərbaycanla daha aqressiv münasibət sərgiləməyə sövq etdirir. Bütün bunlar isə əslində Azərbaycana dolayısı yolla təzyiq deməkdir.

Politoloqların fikrincə, bu meyllər V. Putin təkrar hakimiyyətə gələndən sonra daha aydın sezilir və açıq şəkildə proqram kimi elan edilib. Rusiya demək olar ötən əsrin 90-cı illərinin əvvəllərindəki siyasətinə qayıdıb, bu isə Kremlin imperiya siyasətinə ciddi cəhdlə dönüşü çabasıdır. Ermənistan rəsmi olmasa da reallıqda Rusiyanın bir hissəsidir və Ermənistanı dəstəkləməklə əslində özünün işğalçı siyasətini ortaya qoyur. Rusiya Ermənistanı Azərbaycan torpaqları hesabına hər zaman ona xidmət etmək məcburiyyətində saxlayır. Ermənistandan isə Azərbaycanı müxtəlif yollarla Rusiyanın ayağına gətirmək üçün vasitə kimi istifadə edir.

Son vaxtlar Xocalı aeroportu məsələsinin də gündəmə gətirilməsi Rusiya ssenarisi üzrə Ermənistanın növbəti dəfə Azərbaycanı təxribata çəkmək cəhdidir. Karnegi Fondunun Qafqaz üzrə tanınmış eksperti Tomas De Vaalın dediyi kimi Xocalı aeroportunun açılması cəhdi ilə əlaqədar münaqişənin yenidən alovlanması təhlükəsi var.

Şərtlər istənilən ölkə üçün zərbədir

Ümumiyyətlə, rəsmi Moskva ciddi cəhdlə MDB ölkələrini özündən asılı vəziyyətə salmağa cəhd edir. Bunun üçün müxtəlif variantlardan istifadə etməyə hazırdır. Kremlin şərtləri ilə razılaşmaq isə istənilən ölkə üçün zərbədir. Avrasiya İttifaqı Avropa Birliyindən tamamilə fərqli fəlsəfə əsasında yaradılır və burada Rusiyanın hegemonluğu açıq-aşkar özünü büruzə verir. Rusiya keçmiş SSRİ olmasa da, hər halda SSRİ-yə daxil olan ölkələrdən ibarət iqtisadi birlik yaratmaq və özü də burada rəhbər statusda çıxış etmək istəyir. Məsələnin pis tərəfi ondadır ki, Rusiya proseslərdə hegemon rolunu oynamaq istəyir və bu hegemonçu rol sonradan şəklini dəyişdirərək başqa formalara da keçə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə