Qərbmərkəzli radikal praqmatik siyasət tərzinin paradoksal mahiyyəti: fəlsəfi və siyasi məqamlar
Müasir siyasət fəlsəfəsində və beynəlxalq münasibətlərdə əsas məfhum "güc" məfhumudur və bu "güclərarası münasibətlər" olaraq meydana çıxır. Bu kontekstdə 1993-cü ildə nəşr olunan məşhur yazıda Samuel Hantinqton, Qərb ilə "başqalarını" bir-biri ilə münasibətləri baxımından belə müqayisə edir:
"Qərb bugün digər mədəniyyətlər ilə münasibəti baxımından fövqəladə bir qüdrətin zirvəsindədir. Qərbin hərbi gücü rəqibsizdir...BMT Təhlükəsizlik Şurası və Dünya Bankının aldığı, Qərbin mənfəətini əks etdirən qərarlar, dünya ictimaiyyətinin istəklərini sanki əks etdirir istiqamətdə təqdim olunur. ABŞ və digər qərbli güclərin mənfəətlərini əks etdirən hərəkətlərə qlobal ədalət payı vermək üçün "dünya ictimaiyyəti termini kollektiv qəbul etmə mexanizmi halına gəlmişdir. Qərb, Dünya Bankı və digər beynəlxalq iqtisadi qurumlar sayəsində öz iqtisadi mənfəətini və müvafiq iqtisadi siyasətini digər millətlərə məcburən qəbul etdirir".
Məhz Hantinqton üçün Qərb xaricində mədəniyyətlərin mövcud və canlı olduğunu qeyd etmək, dialoq üçün bir imkan deyil, əksinə qaçınılmaz konfliktlərin əsasını və istiqamətini müəyyən etmək mənasına gəlir. Bu mənada Qərb mərkəzli radikal praqmatik siyasi düşüncə tərzi Qərb mədəniyyətinin əsaslarına istinad edir. Məhz Qərb mədəniyyəti daxilində siyasi düşüncə ifrat dərəcədə "iqtidar iradəsinə" istinad edərək formalaşmışdır.
Fəlsəfi arxa plan
İlkin olaraq qeyd etməliyəm ki, antik fəlsəfə nöqteyi nəzərindən siyasi davranışların əxlaqi prinsiplərdən asılı olmadan ələ alınması qəbuledilməzdir. Buna müqabil modern politika fəlsəfəsinin qurucusu olan Makiavelli siyasəti etikadan ayrı olaraq qiymətləndirərək siyasəti "əxlaqın xaricində" olan faktorlara bağlamışdır. Hazırda da müasir siyasət fəlsəfəsində və beynəlxalq münasibətlərdə radikal praqmatik tendensiyalar və gücə istinad edən iqtidar tələbi dayanır. Məhz modern dövrdə ədalət və etik qanunların xaricində tutulan belə siyasət anlayışı ciddi təhlükələrə səbəb olmaqdadır.
Məsələnin mahiyyətini açmaq üçün dövrümüzün məşhur filosofu və siyasətşünası Naom Çomskinin də qeyd etdiyi Böyük İsgəndərlə əsir aldığı dəniz qulduru arasındakı dialoqu vermək yerində olar: "İsgəndər, dəniz quldurundan hansı cəsarətlə dənizlərdə ağalıq etdiyini soruşur. Dəniz qulduru isə sən hansı cəsarətlə bütün dünyaya ağalıq etmək məqsədilə hücüm etdin?" deyə cavab verir və sonra davam edir - "mən çox balaca gəmiyə sahib olduğum üçün dəniz qulduru adlandırılıram, sən isə çox böyük bir donanma ilə bu işi etdiyin üçün imperator kimi qəbul olunursan".
Təsadüfi deyildir ki, Çomski müasir siyasi gedişlərin fəlsəfi arxa planını dərk etmək üçün bu dioloqu öz əsərində qeyd etmişdir. Qeyd etməliyəm ki, Çomski bu və digər əsərlərində Qərb mərkəzli siyasət tərzini və xüsusilə sözdə ABŞ demokratiyasını maskalanmış imperia niyyətlərinə xidmət etdiyini iddia edir.
Siyasi məqamlar
Ümummiyyətlə, yuxarıda da qeyd etdiyimiz kimi, müasir siyasi gedişlər və beynəlxalq münasibətlərdəki tendensiyalar praqmatik mahiyyət daşıyaraq "güc" məfhumuna istinad edir. Bu mənada nəinki beynəlxalq münasibətlərdə ikili standartlar ilə, hətta üçlü və beşli standartlarla da rastlaşmaq mümkündür və bu müasir siyasi qərarların paradoksal mahiyyətini təşkil edir.
Bütövlükdə demokratikləşmə ifadəsi, neoliberal tarixin sonu tezisinə qarşı azad iqtisadi bazar və sosial ədaləti birləşdirən siyasi anlayışlar silsiləsi, 11 sentyabr terror aktı ilə bugünə qədər davam edən yeni bir dövr başlatdı. Bu yeni dövrdə ABŞ, super və tək güc tərzində hegomonik dövlət anlayışının yenidən canlanması prosesinə addım atdı. Məhz İraq və Əfqanıstanla başlanan bu proses "ərəb baharı" adlanan hərbi-siyasi təlatümlər nəticəsində, eyni zamanda ölkələrin hegomonik gücə qarşı çıxması ilə yadda qaldı. İraqdakı insanların ölümü "demokratiyanın ixracı" kimi qiymətləndirildi. İran və Şimali Koreya kimi ölkələr terrorist dövlətlər olaraq adlandırıldı.
Məhz 11 sentyabr hadisəsinin nəticələri yaşadığımız dünyanı risk, qeyri-müəyyənlik və təhlükəli hadisələr tərəfindən müəyyən olunan bir dünyaya çevirdi. Bu dünyada risk, etimadın yerini alır, hərbi güc hüququn önünə keçir, milli təhlükəsizlik insan hüquqlarını və fərdi azadlığı ikinci plana atır. Belə ki konflikt əsaslı dünya anlayışı iqtisadi inkişaf etmə və demokratikləşmə problemlərini davamlı olaraq kənarda tutur.
Yekun olaraq Qərb mərkəzli radikal praqmatik siyasət tərzi, mahiyyəti etibarı ilə dünya üzərində daha çox hakimiyyət tələbini davam etdirir. Ancaq bu tələb, Qərb düşüncə tərzinin eyni zamanda vacib gördüyü ədalət mərkəzli etik universallıq iddiası ilə ziddiyyət təşkil edəcəyinə görə nəticədə etik universallıq ilə hakimiyyət tələbi arasında gün keçdikcə ciddi konfliktlərin meydana çıxması da artıq reallıqdır. Ümumiyyətlə dünya siyasətinin ən əsaslı vəzifəsi, mədəniyyətlər arasında qızğın konfliktlərin çıxmaması üçün Qərb mərkəzli radikal praqmatik siyasət tərzinin tərk edilməsində, yəni Qərbin bütün dünyaya ağalıq etmə arzusundan əl çəkməsində yatmaqdadır.
Dr. Rəşad İlyasov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB