İraq: demokratik parçalanma, yoxsa müstəmləkəçiliyin “yeni limanı”?

Tarixə nəzər saldığımızda İraq, İslam mədəniyyəti içərisində xüsusi bir ölkə olaraq hər zaman diqqət mərkəzində olmuşdur. İraqın paytaxtı olan Bağdad şəhərinin tarixdə sülh şəhəri (mədinətu`s-səlam) və xəlifələr şəhəri olması bir çox cəhətdən aktuallıq kəsb etmişdir. Digər tərəfdən hər bir Azərbaycanlı üçün İraq dedikdə, yaddaşımızda ilk canlanan Füzuli şəxsiyyəti və Azərbaycan əsilli İraqlı Türkmənlərdir.

Son dövrlər Səddam rejiminin çətinlikləri, İraqın ABŞ və müttəfiqlər tərəfindən işğal edilməsi faktiki olaraq İraqın parçalanmasına gətirib çıxartdı. Nəticədə İraq federasiyalı bir sistemə keçdi. Hazırda isə İraqın tərkibində olan Şimali Kürdistan adlanan əyalət ilə mərkəzi İraq hökuməti arasında konfliktlərin olması regionda siyasi və hərbi çəkişmənin daha da güclənməsi ilə nəticələnməkdədir. Əlbəttə ki, bu konfliktin bir çox səbəbi vardır.

İlkin olaraq İraq Baş naziri Nuri əl-Maliki ilə Şimali Kürdistan əyalətinin başçısı Məsud Bərzani arasındakı ordu, neft və digər məsələlərdə anlaşmazlıqlar konfliktin bu həddə gətirilib çıxarılmasına səbəb oldu. Belə ki, mərkəzi Bağdad hökumətinin Məsud Bərzaniyə aid ordu qüvvələrini mərkəzləşdirilmiş şəkildə idarə etmə tələbi və Bərzaninin xüsusilə Türkiyə ilə olan isti əlaqələri və Türk Petrollar Şirkətlərinin Şimali Kürdistanda neft axtarma-qazma işlərinə girişməsini qeyd etmək olar. Məsələnin arxa planı olaraq bunun İraq mərkəzi hökumətindən icazəsiz edilməsi, baş nazir Nuri əl-Malikiyi sərt addımlar atmağa sövq etdi. Əlbəttə ki, burada son dövrlərdə İraqın vitse-prezidenti Tarıq əl-Haşimin haqqında Nuri-əl-Malikinin təlimatı ilə cinayət işinin açılması və onun Türkiyəyə sığınması da öz rolunu oynamışdır. Qeyd edilməlidir ki, Tarıq əl Haşimi İraq sünnilərinin lideri olaraq qəbul edilməkdədir. Məhz İraq baş naziri Nuri əl-Maliki isə şiə olmaqla bərabər İran hökuməti ilə də sıx əlaqələri mövcuddur. İraq və ümumiyyətlə Orta Şərqə dair siyasi analizlərdə regiondakı din, məzhəb və təriqətin siyasətdə çox böyük funksional rola malik olduğunu yaddan çıxarmaq olmaz. Nəticədə İraq Ərəb, Türkmən və Kürd etnik kimliyi ilə mozaik mahiyyət daşımaqdadır. Bütün bunları nəzərə almadan İraqdakı siyasi vəziyyət olduqca mürəkkəbdir.

Birlik olmazsa parçalanma labüddür

İraqda 2010-cu ildə qismən həmrəylik yaransa da, İraq Prezidenti Calal Talabaninin xəstələnməsindən sonra yenidən fikir ayrılıqları yaranmağa başladı. Baş nazir Nuri əl-Maliki açıq şəkildə Şimali İraqda yerləşən Kürdüstan Muxtariyyətini mərkəzi İraq hökumətinə daha ciddi şəkildə tabe etdirmək istəyir. Məhz Maliki, şiəlik və ərəb millətçiliyini birləşdirərək İraqda hakimiyyəti gücləndirməyə çalışır.

Ümumiyyətlə İran, ABŞ və Türkiyə baxımından Calal Talabani prezident kimi arzu edilən şəxsdir. Talabaninin bu vəzifədən getməsi, İraqda parçalanmaya dair problemlərin baş qaldırmasına daha ciddi şəkildə təsir göstərəcəkdir. Burada ilkin olaraq müzakirələr prezident postuna bir şiə, yaxud sünni və ya kürd əsilli birinin gəlməsindən sonra başlaya bilər.

İraqın daxili və xarici siyasətini təhlil etmək üçün bu ölkədə maraqlı olan dövlətlərin siyasi niyyətlərini də bilmək lazımdır. Belə ki, qonşu İran dövləti Orta Şərqdə "Şiə Zolağı" yaratmaq arzusuyla Suriyada Bəşər Əsəd və İraqda Baş Nazir Maliki hökumətinə dəstək verir. ABŞ isə ümumiyyətlə Orta Şərq və ətrafındakı neft-qaz yataqları üçün əlində ən təsirli vasitələri tutur. Məsələn ABŞ-ın istəmədiyi bir PKK, Şimali İraqda məskunlaşa bilməz. Bu baxımdan ABŞ, Ankara ilə Şimali Kürdüstanın bir o qədər də yaxınlaşmasını istəmir. Bu istiqamətdə paradoksal olan bir məqamda odur ki, ABŞ və İran hazırkı baş nazir Nuri əl-Malikinin hakimiyyətini dəstəkləyirlər. Məhz İraqın işğalından sonra "ABŞ İraqı işğal etdikdən sonra İran, İraqda söz sahibi oldu" fikri də bu reallığa işarə edir.

Digər tərəfdən əgər Nuri əl-Malikinin daha sərt şəkildə Şimali Kürdüstanı nəzarət altına almasına icazə verilsə, Türkiyə İraqı, İrana və şiə hakimiyyətinə tamamilə təslim edəcəkdir. Bu ümumiyyətlə Orta Şərqdəki sünni ittifaq üçün qəbuledilməzdir. O zaman körfəz ölkələri də iki böyük şiə dövləti ilə rəqabət etmiş olacaqdır. Təsadüfi deyildir ki, Türkiyə Baş naziri R.T.Ərdoğan yaxın zamanda İraq prezident Calal Talabaninin ölümü ilə əlaqədar xəbərlər yayıldığında belə bir fikir ifadə etdi: "İraq, Suriya kimi ola bilər, buna görə qayğılanırıq".

Belə bir vəziyyətin İraqda yaranmasını bəzi siyasi ekspertlər, yaxınlaşan seçimlər ilə əlaqədar olduğunu vurğulayır. Belə ki, baş nazir Maliki kürdləri mərkəzi hökumətə daha çox tabe etdirərək seçimlərdə sünni müsəlmanların da səsini almaq üçün belə hərəkət edir. Məhz 2013-cü il aprelə qədər Baş nazir Maliki öz gücünü bütün İraqda möhkəmlətmək istəyir.

Ümumiyyətlə İraqın parçalanması Orta Şərqdə yeni siyasi xəritənin yaranmasına gətirib çıxaracaqdır. Bu baxımdan İraq sünni, şiə və kürd regionları adı altında üç böyük hissəyə bölünə bilər. Əlbəttə ki, bu parçalanma, eyni zamanda Orta Şərqdə oynanan müstəmləkə siyasətinin də bir parçasıdır. Nəticədə hazırda İraqda tərəflər arasında yaranan siyasi-hərbi konflikt region ölkələri üçün də təhlükələr yaradır. İraqda vəziyyətin daha da gərginləşməsi və hərbi müdaxilələrin baş verməsi, Türkiyə, İran, Suriya və İsrailə də öz təsirini göstərəcəkdir. Ümumiyyətlə Orta Şərqdə, xüsusilə İraqda davamlı olaraq belə çaxnaşmaların çıxarılması eyni zamanda bu regiona hakim olmağa çalışan qlobal güclərin də istəklərinə tam cavab verir.

Dr. Rəşad İlyasov

Bütün xəbərlər Facebook səhifəmizdə