Ermənistanda fevral ayında keçiriləcək prezident seçkiləri ölkədə bir çox siyasətçini üz-üzə qoyub. Son vaxtlar siyasi arenadakı nüfuzundan ehtiyat edilən keçmiş xarici işlər naziri Vardan Oskanyanın təsis etdiyi "Civilitas" Fondu ilə bağlı qeyri-qanuni yolla əldə edilmiş gəlirlərin leqallaşdırılması iddiaları ilə böyük bir qaralama kampaniyası başladılıb. Keçmiş nazir bu iddialar ortaya atıldığı zamanlar demişdi ki, mənim və "Civilitas" Fondunun fəaliyyəti cinayətkar əməllərlə və qeyri-qanuni pulların yuyulması ilə əlaqələndirilməsi təəccüblü və qəribə görünür: "Daha təəccüblüsü odur ki, məsələ məhz indi, mənim siyasi proseslərə qatıldığım bir vaxtda üzə çıxır. Yəqin cinayət işinin qaldırılması siyasi sifarişlə bağlıdır".
2012-ci ildə Firavan Ermənistan Partiyasına daxil olduqdan sonra V. Oskanyan "Civilitas" Fondu şurasının sədri vəzifəsindən imtina edib parlament seçkilərində partiyanın siyahısı ilə Ermənistan Milli Məclisinin üzvü seçilib. Qeyd etmək lazımdır ki, Ermənistan siyasi arenasında Firavan Ermənistan Partiyası Robert Köçəryanın "siyasi dayağı", Vardan Oskanyan isə sabiq prezidentin "adamı" hesab edilir. Ermənistan XİN-in keçmiş rəhbəri hesab edir ki, onun təmsil etdiyi partiya yaxşı siyasi nüfuza malik olduğundan birmənalı olaraq prezident seçkilərində iştirak etməlidir və partiya onun namizədliyini irəli sürməlidir.
Meydandan uzaqlaşdırılanlar
Ölkədə müəyyən nüfuza malik insanların siyasi arenadan kənarlaşdırılma prosesi davam etdirilib. Eyni şəkildə Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Tsarukyana şantaj tətbiq olunduğu iddiaları gündəmə gəlib. Bu səbəbdən ölkənin ən böyük oliqarxlarından olan Tsarukyanın da seçki yarışından çəkildiyi dilə gətirilir. 2013-cü ildə keçiriləcək prezident seçkilərində digər siyasi partiya və blokların da namizədlərinin olmasına axmayaraq, əsas mübarizənin Serj Sarkisyan və Qaqik Tsarukyan arasında yaşanacağı ehtimal edilirdi. Bu vəziyyət Ermənistan daxili ictimai-siyasi həyatında yeni ziddiyyətli vəziyyətin yaranmasına rəvac verdi. Çünki, Tsarukyanla müqayisədə digər namizədlərin siyasi və maliyyə gücü prezident seçkilərində mübarizə aparacaq və qələbə qazanacaq qədər yetərli deyildir.
Böyük maliyyə mənbəyinə sahib və xeyriyyə işləri ilə erməni ictimaiyyətində müsbət imic formalaşdıra bilən Tsarukyanın əvvəlki hökumətdə koalisiya ortağı olduğu üçün iqtidar təcrübəsi var idi. Onun seçkilərdə namizəd qismində iştirak etməkdən imtina etməsinin səbəbləri kimi Rusiya faktoru, eyni zamanda ABŞ və Avropa ilə isti münasibətlər göstərilir.
Tsarukyan 4 noyabr 2012-ci il tarixində partiyasının üzvlərindən olan böyük bir nümayəndə heyəti ilə Brüsseli ziyarət etmişdir. Bu ziyarətdən əvvəl Tsarukyanın bir neçə etibarlı nümayəndəsinin Brüsseldə ABŞ və Avropa Birliyinin yüksək vəzifəli nümayəndələri ilə məxfi şəkildə görüşərək Cənubi Qafqazdakı iqtisadi, siyasi və təhlükəsizlik məsələləri ilə bərabər Ermənistanın daxili ictimai-siyasi vəziyyətini və prezident seçkiləri ilə bağlı problemləri müzakirə edilib. Etibarlı nümayəndələrin bu məsələlər barəsində razılaşma əldə etməsindən sonra Tsarukyanın Brüsselə səfər edib. İddialar görə, Tsarukyan Brüsseldə ABŞ Dövlət departamentinin, Almaniya, Fransa və Avropa Birliyinin yüksək vəzifəli nümayəndələri ilə görüşərək Ermənistan xarici siyasətində Rusiyanın təsirinin azaldılması, Avrasiya Birliyi layihəsində və Gömrük Birliyində Ermənistanın iştirakının minimuma endirilməsi, Avropa Birliyi ilə münasibətlərinin daha da genişləndirilməsi və MDB çərçivəsində mövqeyinin zəiflədilməsi, Gürcüstan ilə münasibətlərin inkişaf etdirilməsi və genişləndirilməsi, İran ilə münasibətlərdə daha soyuqqanlı davranmaq və münasibətlərə yenidən nəzər salınması kimi məsələləri daha geniş müzakirə edərək əsasən razılığa gəlib.
Bu razılaşma ABŞ və Avropa Birliyinin siyasi və maliyyə dəstəyi ilə Tsarukyanın 2013-cü ildə prezident seçkilərində qələbə qazanma ehtimalını daha da yüksəldirdi. Ancaq bütün bunlarla yanaşı Tsarukyan Rusiya faktorunu diqqətdən qaçırıb. Ermənistanın müstəqilliyini elan etdiyi son 20 ildə keçirilən prezident və parlament seçkilərində, ümumiyyətlə ölkənin daxili və xarici siyasi kursunun müəyyənləşməsində Rusiyanın ciddi təsirləri olub və bu gün də belədir. Bu günə qədər hakimiyyətə gələn bütün siyasi partiyalar Rusiyanın tələblərini əhəmiyyətli dərəcədə qarşılayıb.
Eyni zamanda, Sərkisyanın rəqibini fiziki cəhətdən məhv etmə ehtimalı da nəzərə alınmalıdır. Belə ki, bunun bir neçə nümunəsi Ermənistanın son 20 illik daxili ictimai-siyasi həyatında yaşanıb. Yuxarıda ifadə edilənləri nəzərə alsaq, Tsarukyanın namizəd olmamasının səbəbləri müəyyən qədər anlaşıla bilər.
Bu insanların ortaq xüsusiyyəti
Tsarukyan kimi, həzm edilən və arxa planda buraxılan bir çox siyasətçi azad düşüncələrini ifadə etməkdə çətinlik çəkir və təzyiqlərə məruz qalırlar. "Erməni Milli Konqresi" müxalifət blokunun lideri Levon Ter-Petrosyan etiraf edir ki,
Ermənistanda hər şey hakimiyyəti ələ keçirmiş cinayətkarların əlində mərkəzləşdirilib.
Ermənistan Kommunist Partiyası isə Mərkəzi Komitənin dekabrın 29-da keçirilmiş Plenumunda gələn il keçiriləcək prezident seçkilərini boykot edəcəyini bəyan edib. Partiyanın nümayəndəsi Yercanik Kazaryan bildirib ki, Plenumun qətnaməsində seçkiqabağı kampaniya dövründə ideoloji mübarizənin qeyri-mümkünlüyü qeyd olunub. Kommunistlər digər namizədləri də dəstəkləməkdən imtina ediblər. Seçkilərdə iştirakdan imtinanın digər səbəbi kimi mövcud hakimiyyətin seçkilərin nəticələri saxtalaşdırması da göstərilib.
Bu insanların ən diqqətə çarpan ortaq xüsusiyyəti isə ölkənin Rusiya təsirindən sıyrılaraq qonşularla daha təsirli bir əlaqəyə girməsini müdafiə etmələridir. Ancaq görünən odur ki, regiondakı mövcud status-kvonun saxlanılmasını arzulayan qüvvələr həmişə olduğu kimi yenə də istədiklərinə müvəffəq olublar.
Ac erməni xalqının "uğurlardan" xəbəri yoxdur
İqtidardakı oliqarx məmurlar ölkənin daxili və xarici siyasətini müəyyən etməklə yanaşı, digər tərəfdən öz sərmayələrini artırır, həmçinin ölkə iqtisadiyyatını uğursuz bir şəkildə idarə edirlər.
Ermənilər özləri ölkədəki ağır vəziyyəti səmimi etiraf edirlər. Son araşdırmalara görə, ölkədəki məktəblilərin 15 faizi acdır. Bu günlərdə Ermənistanda orta məktəb şagirdləri arasında keçirilən sorğu zamanı məlum olub ki, məktəblilərin 15 faizi bəzən, yaxud əksər vaxt doymurlar. Buna səbəb isə evlərində yeməyin olmamasıdır. Bu sorğunu keçirən isə hər hansısa qeyri-hökumət təşkilatı deyil, Ermənistanın Təhsil və Elm Nazirliyinin özüdür.
Hətta aclığın ucbatından bir çox uşaqlar başağrısı, diş ağrıları, hətta qarın ağrısı hallarını hiss edirlər. Həkimlər deyir ki, uşaqların əksəriyyətində ürək döyüntüsü zəifləyib, ürəkbulanması halları qeydə alınıb ki, bu da çox vaxt aclıqdan baş verir.
Məlum olub ki, məktəblilərin böyük əksəriyyəti səhər yeməyini yemir. Bəlkə də yeyə bilmirlər. Bu da öz növbəsində uşaqların psixoloji vəziyyətinə olduqca neqativ təsir göstərir. Sonradan isə bu, həzm sistemində özünü büruzə verir.
Vəziyyətdən çıxmaq üçün Ermənistan Təhsil və Elm Nazirliyi məktəblilərin stabil qidalandırılması ilə bağlı proqram işləməyə başlayır. Nazirlik rəsmiləri düşünür ki, bəlkə bu proqram onların dərdlərinə bir çarə tapacaq.
Ermənistanda hətta balıqlar acından qırılır. Erməni mətbuatı yazır ki, Razdan çayında balıqların kütləvi qırğını baş verib. Hazırda müxtəlif qurumların mütəxəssisləri baş verənlərin səbəblərini müəyyən etməyə cəhd edirlər. İstisna edilmir ki, bu yem çatışmazlığı ilə bağlı ola bilər, yəni başqa sözlə əsas baiskar Ermənistanda yalnız balıqların deyil, həm də insanların əziyyət çəkdiyi aclıqla bağlıdır.
Qeyd edək ki, Ermənistan rəhbərliyi son günlərdə öz çıxışlarında dəfələrlə qeyd edib ki, 2012-ci il Ermənistanın artan iqtisadiyyatı üçün ən uğurlu olub. O uğurların hansı sahədə qazanıldığından isə ac erməni xalqının xəbəri yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB