Cari ilin statistikası bir daha bunu təsdiqləyir

Ötən yüzilliyin 90-cı illərinin əvvəllərində Sovet İmperiyasının dağılması bütün dünyanın siyasi arxitekturasında əsaslı dəyişikliyə və yeniliyə zəmin yaratdı. Təzəcə təşəkkül tapan və formalaşmaqda olan coğrafi-siyasi vahidlər dünya siyasi sisteminə fəal inteqrasiya istiqamətini tutdular. Belə məkanlardan biri də Cənubi Qafqaz regionu idi.

Cənubi Qafqazın ən potensiallı dövləti

İmperiyanın çöküşündən sonra Cənubi Qafqazda geosiyasi proseslərin intensivliyi ilə böyük dövlətlərin maraqlarının müəyyən məqamlarda kəsişməsi paralellik təşkil edir. Artıq dünyanın və regionun aparıcı dövlətləri həmin gerçəklikdən çıxış edərək Cənubi Qafqaz siyasətlərini tənzimləyirlər. Bunların fonunda region dövlətlərinin yeritdikləri daxili və xarici siyasətin aktuallığı daha da artır. O cümlədən, Azərbaycanın bölgədəki mövqeyi daha böyük əhəmiyyət kəsb etməyə başlayır. Bunun əsas səbəbi Azərbaycanın Cənubi Qafqazın iqtisadi və mədəni baxımdan ən potensiallı dövləti olmasıdır.

Son 20 ilin təcrübəsi göstərir ki, Cənubi Qafqazda hələlik yalnız Azərbaycan regional siyasətin müstəqil mərkəzi kimi çıxış edə bilir. Sözsüz ki, bu, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən müasir xarici siyasət kursunun məzmunundan qaynaqlanır. Qonşuluqda yerləşən böyük dövlətlər Rusiya, İran və Türkiyə Azərbaycanla regional lider qismində əlaqələr qurur və bunu açıq etiraf edirlər. Sözsüz ki, bütün bunların fonunda ölkəni sürətli iqtisadi inkişafı, sabitliyin, xarici sərmayədarların üçün münbit biznes mühitinin yaradılması geridə qoyduğumuz hər bir ilin Azərbaycan üçün uğurlarla yadda qalmasına səbəb olur. Sözsüz ki, 2012-ci ildə istisna deyil.

Qazanılan uğurlar, verilən dəyər

Azərbaycanın 2012-ci il dövlət büdcəsinin gəlirləri 16 milyard 436 milyon manat (təxminən 21 milyard dollar) xərclər hissəsi 16 milyard 984 milyon manat olub (təxminən 21,6 milyard dollar). Müdafiə və hərbi xərclər üçün 1 milyard 381 milyon manatdan (təxminən 1,8 milyard dollar ) artıq vəsait ayrılıb. Azərbaycanın makroiqtisadi göstəriciləri yüksək səviyyədədir. İqtisadiyyatımız cari ilin ilk doqquz ayında 1,1 faiz artıb. Qeyri-neft sahəsində artım 10,3 faizi təşkil edib. Ötən doqquz ay ərzində ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə qoyulub. Sərmayələrin 70 faizə yaxını daxili investisiyalardır, qalan hissə isə xarici investorların vəsaitidir. Son məlumata görə, ölkə iqtisadiyyatının 83 faizi özəl sektorda formalaşıb. Artan faiz göstəriciləri kənd təsərrüfatında da özünü göstərib. Belə ki, bu sahədəki inkişaf 6,3 faiz artıb. Doqquz ayda əhalinin pul gəlirləri 12 faiz, inflyasiya isə cəmi 1,5 faiz artıb. Ölkəmizin strateji valyuta ehtiyatları ilin əvvəlindən təxminən 5 milyard dollar artıb, hazırda 45 milyard dollar səviyyəsindədir.

Davos İqtisadi Forumunun ölkələrin rəqabət qabiliyyətliliyi ilə bağlı yeni cədvəlində Azərbaycan 46-cı, MDB məkanında isə birinci yerdə qərar tutub. Qonşu ölkələrdən Gürcüstan 77-ci, Türkiyə 43-cü, Rusiya isə 67-ci yeri tutur. Makroiqtisadi sabitliyə görə Azərbaycan dünya miqyasında 18-ci yerdədir. Azərbaycanda orta maaş 500 dollardır, orta pensiya isə 190 dollara bərabərdir. Hazırda Azərbaycanda pensiyalar əmək haqlarının 40 faizini təşkil edir ki, bu da Avropanın inkişaf etmiş ölkələrinin şərtləri səviyyəsindədir.

"İki od arasındakı" Gürcüstan

Balanslı və müstəqil siyasət yürüdən Azərbaycandan fərqli olaraq qonşu Gürcüstanda vəziyyət tam fərqlidir. Ölkədəki son seçkilər buradakı durumun o qədər də qənaətbəxş olmadığını ortaya qoyur. Amerikanın "The Wall Street Journal" qəzeti "Gürcüstandakı seçkilərdə Rusiya qələbə çaldı" başlıqlı məqaləsində ölkənin hazırkı sosial, iqtisadi, siyasi vəziyyətini gün işığına çıxarır. Qəzetin iddiasına əsasən, Amerika yönlü Saakaşvilinin məğlubiyyəti qərb müşahidəçiləri üçün qəfil hadisə olub. Qəzetin məlumatına əsasən, Saakaşvilidən narazılıq işsizliklə bağlıdır. Onun bütün islahatlarına rəğmən, ölkə 2003-cü ildə olduğu kimi yoxsulluqdan əziyyət çəkir. Həbsxanalarda zorakılıq qalmaqalı isə sosial narazılıqları dalana dirəyib. Fransanın "Le Temps" jurnalının yazdığına əsasən, seçkilərdə qalib gələn İvanişvili öz milyardlarını 1990-cı illərdə Rusiyada sovet iqtisadiyyatının qalıqlarını özəlləşdirməklə qazanıb. İvanişvilinin başçılıq etdiyi "Gürcü arzusu" koalisiyasına daxil olan partiyalar da Qərbə olan antipatiyaları ilə seçilirlər. Qərbmeyilli prezidenti və Rusiyapərəst Baş naziri olan Gürcüstanın xarici borcu 13,5 faiz artaraq 11 milyard 167 milyon dollara çatıb. Bu məbləğ Gürcüstanın ümumdaxili məhsulunun 77,7 faizidir. Ümumi həcmdən 3 milyard 674,2 milyon dollar (32,9 faiz) dövlət sektorunun borcudur. 815,1 milyon dollar (7,3 faiz) Milli bankın hesabına düşür.

Bank sektorunun borcu 524,5 milyon dollar artaraq 2 milyard 122 milyon dollara çatıb. İqtisadiyyatın digər sektorlarının borcu 533,4 milyon dollar artaraq 4 milyard 555,4 milyon dollara çatıb.

Ermənistan dövlət kimi varlığını sürdürməkdə acizdir

Ermənistan isə bir ölkə kimi 20 il ərzində özünün varlığını sürdürməkdə aciz qalıb. Böyük Britaniyanın Ermənistanda uşaqlara yardım göstərən missiyasının rəhbəri Domitill Lagurg Parisdə nəşr olunan "Ermənistan xəbərləri" jurnalına verdiyi müsahibəsində deyir ki, erməni xalqının ağır iqtisadi vəziyyəti həyəcan doğurur: "Ölkədəki ağır iqtisadi vəziyyət əhalinin əksəriyyətini dilənçi kökünə salıb. Biz bir neçə il əvvəl ölkəni necə tərk etmişdiksə, qayıdarkən yenə yoxsulluğun əvvəlki illər kimi tüğyan etdiyinin şahidi olduq. Sosial imkanlardan əsər-əlamət yoxdur. Əməkhaqqının cüzi artırılması bazarlarda qiymətlərin dərhal yüksəlməsinə səbəb olub. Ermənistanda həyat çox bahadır. Yerevanda bir ailəni ərzaqla təmin etmək üçün ayda 400 dollar tələb olunduğu halda, ölkədə orta aylıq əməkhaqqı 200 dollardır. Bundan başqa, enerji və qazın qiymətləri həddindən artıq yüksəkdir. Ölkənin şimalındakı kəndlərdə, nə içməli su, nə də qaz vardır. Bir sözlə, erməni xalqının ağır iqtisadi vəziyyəti həyəcan doğurur".

Sözsüz ki, yaranmış belə bir bədbin vəziyyətin əsasında Ermənistanın işğalçılıq siyasəti dayanır, çünki məhz bu siyasətin nəticəsində Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan sərhədləri bağlanıb ki, bu da özlüyündə Ermənistan iqtisadiyyatının acınacaqlı vəziyyətə düşməsini labüd hala çevirib.

Hər il Ermənistanı 30 mindən artıq adam tərk edib gedir. Hazırda Ermənistanda dövlət büdcəsinin kəsiri 400 milyon dollardan artıqdır. Ermənistanın 2012-ci il üçün dövlət büdcəsi cəmi 2,4 milyard dollar olub. Ermənistanın dövlət büdcəsinin gəlirləri 2012-ci ildə 911,6 milyard dram və ya 2,4 milyard dollar təşkil edib. Büdcənin xərclər hissəsi 1 041 milyard dram və ya 2,7 milyard dollardır. Ermənistan dövlət büdcəsinin defisiti ölkənin ümumdaxili məhsulunun 3,1 faizi təşkil edir.

Ermənistanın daxili dövlət borcu 1 sentyabr 2012-ci il tarixinə 576 mln. dollar təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 7,9 faiz çoxdur. Ermənistan mətbuatının xəbərinə görə, dövlət borcunun 59,7 faizini (290,6 mln. dollar) dövlət ortamüddətli istiqrazları, 34,1 faizini (196,5 mln. dollar) isə dövlət uzunmüddətli istiqrazları təşkil edir. Ermənistanın xarici dövlət borcu isə hesabat dövründə 4,8 faiz artaraq 172,6 mln. dollardan 3 740,8 mln. dollara yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə