Davakar separatizm beynəlxalq sabitlik üçün əsas təhdidlərdən biri kimi
Məlum olduğu kimi, XXI əsrin əvvəllərinə yaxın dünya birliyi beynəlxalq sabitlik üçün əsas təhdidlərdən biri ilə – bu və ya digər formalarda dünyanın əksər ölkələrində özünü büruzə verən davakar separatizmlə üzləşmişdir. Separatizmi qidalandıran etnoslararası münaqişələr bəzi hallarda hərbi-siyasi münaqişələrə, hətta dinc əhali üçün faciəvi nəticələrə səbəb olan dövlətlərarası müharibələrə çevrilir. Bundan başqa, bir çox hallarda beynəlxalq terror təşkilatlarının gələcək kadrları məhz bu münaqişələrdə döyüş təcrübəsi keçirlər.
Bu məhvedici hadisənin spesifik cəhəti ondadır ki, burada "milli özünüdərkin oyanması", "millətlərin öz müqəddəratını təyin etmə hüququ", "istismar olunan xalqlara azadlıq", "insan haqları", "Vətənlə birləşmə" kimi giya humanist demokratik ideyalar dəlilik həddinə çatmış qanlı isterik tutmalarla bir aradadır.
Sonda bu, yeni "qanunsuz doğulmuş" və daha çox marginallaşmış və bir qayda olaraq dünya birliyi tərəfindən tanınmayan qurumların meydana gəlməsinə səbəb olur. Özü də gözə çarpmasa da, sonda burada əsas rolu dağıdıcı separatist prosesləri "həvəsləndirən" xarici geosiyasi amillər oynayır. Bu, Qara dəniz-Qafqaz-Xəzər geosiyasi məkanında, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin gedişində, daha dəqiq olsaq isə, Ermənistanın Azərbaycana qarşı təcavüzündə daha aydın görünür. Bu 20 ildən artıq davam edən münaqişənin həll oluna bilməməsinin kökləri Azərbaycanın geostrateji əhəmiyyəti və ölkənin geoiqtisadi perspektivləri ilə üzvi şəkildə bağlıdır. Çünki, bildiyimiz kimi, Xəzər dənizi hövzəsində zəngin neft və təbii qaz yataqları var. Bundan əlavə, Azərbaycan Avropanı Asiya ilə birləşdirən və getdikcə müasir qloballaşma prosesləri şəraitində daha böyük geostrateji əhəmiyyət kəsb edən özünəməxsus bir körpüdür. Bu regionda baş verən proseslərə dünyanın və regionun aparıcı ölkələri tərəfindən lobbiləşdirilən müxtəlif kommunikasiya layihələri – neft-qaz kəmərləri, dəmir yolu və avtomobil magistralları və s. əhəmiyyətli təsir göstərir.
Cənubi Qafqazda baş verən millətlərarası və dövlətlərarası münaqişələr ABŞ-ın və onun NATO üzrə müttəfiqlərinin Rusiyanın bu regionda hökmranlığına yol verməmək kimi geostrateji məqsədini xeyli asanlaşdırır. Öz növbəsində Rusiya "Cənubi Qafqazdakı forpostu"ndan "yapışaraq" hər cür yolla Avroatlantik qüvvələrin bu regiona daxil olmasının qarşısını almağa çalışır.
Beləliklə, beynəlxalq münaqişələrin tam həlli bu regionda rəqabət aparan tərəflərdən hansının – ABŞ-ın, yoxsa Rusiyanınmı bu geosiyasi mübarizədə qələbə çalmasından asılıdır. Bu fenomenin sirri də elə məhz bundadır və heç bir beynəlxalq təşkilat – nə BMT, nə də ki, ATƏT Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü ilə bağlı olan münaqişələrin həllinə səmərəli təsir göstərə bilmir.
Bu geosiyasi tələdən çıxış yolu maraqlı olan bütün tərəflərin beynəlxalq hüququn dövlətlərarası sərhədlərin hətta mübahisəli olsa belə dəyişilməzliyi, millətlərarası xarakterli bütün məsələlərin yalnız qeyri-münaqişəli metodlarla, tərəflərin maraqlarını nəzərə almaqla həlli, insan hüquqları və vətəndaş azadlıqları prinsipləri əsasında milli azlıqların hüquqlarının qorunması kimi universal prinsiplərinə əməl etməsindədir. Öz ərazi bütövlüyünü bərpa etməyə çalışan Azərbaycan da beynəlxalq hüququn bu fundamental prinsiplərinə əməl edir.
Pərvin Darabadi,
Tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının professoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB