Dilənçi kökündə yaşamaq istəmirik

İqtisadi böhran bataqlığında boğulan Ermənistanda korrupsiya və rüşvətxorluğun total şəkil alması, kənd təsərrüfatının iflic vəziyyətinə düşməsi, digər tərəfdən sürətli inflyasiya ölkəni məhvə sürükləyir. Davamlı olaraq artan qiymətlərlə hökumətin açıqladığı rəqəmlər arasında böyük ziddiyyət var. Bunu ən əsas təsdiqi aclıq və səfalət içərisində yaşayan erməni xalqıdır.

Ac ermənilər vətəndaşlıqdan imtina edirlər

"Coxovurd" qəzetinin yaydığı məlumata görə, Ermənistanda 7 aylıq körpə aclıqdan ölüb. Vəfat edən körpənin nənəsi Anuş Xeçumyan Ermənistan vətəndaşlığından imtina edəcəyini bəyan edib. Anuş Xeçumyan "Coxovurd"a bildirib ki o, insanları dilənçi edən ölkənin vətəndaşı olmaq istəmir. Anuş Xeçumyan həmçinin vurğulayıb ki, körpə sağlam doğulsa da, ailə maddi çətinlik çəkdiyinə və valideynləri işsiz olduğuna görə, uşağa xüsusi körpə ərzağı almağa imkan olmayıb.

Ölkə rəsmiləri isə ölkədəki yoxsulluğu savadsızlıqla əlaqələndirir və mövcud durumla bağlı xalıq günahlandırırlar.

"Joxovurd" qəzeti yazır ki, Ermənistanın baş naziri Tiqran Sarkisyan öz xalqını lağa qoyaraq yoxsul təbəqəni savadsız olmaqda təqsirləndirib. Belə ki, Cənubi Kaliforniyanın erməni icması ilə görüşdə nazir ölkədə hökm sürən aclıq və yoxsulluqdan danışarkən buna səbəb kimi, Ermənistanda elm, savad çatışmazlığını göstərib: "Ölkədə yoxsulluğun səviyyəsinin artması nə Serj Sarkisyanın rəhbərlik etdiyi hakimiyyətin siyasətinin uğursuzluğu, nə də Tiqran Sarkisyan hökumətinin bacarıqsızlığı ilə deyil, xalqın savadsızlığından irəli gəlir".

"Faktiki olaraq iş məsuliyyətə gəlib çatanda T. Sarkisyan günahı başqalarının üstünə atır. Ancaq beynəlxalq təşkilatlardan vəsait "dilənmək" lazım gələndə o, erməni ictimaiyyətinin yüksək biliyə malik olduğunu xatırlayır", - deyə qəzet qeyd edib.

Ölkəni tərk edənlərin sayı durmadan artır

İşsizlik, maaş azlığı, korrupsiya, biznesə olan maneələr üzündən Ermənistanı tərk edənlərin sayı durmadan artır. Ermənistanın "Lragir" qəzeti ölkənin Miqrasiya Xidmətinə istinadən yazır ki, ümumilikdə son 3 ildə Ermənistanı 160 min insan tərk edib. Cari ilin 11 ayı ərzində Ermənistanı tərk edənlərin sayı ölkəyə gələnlərdən 71374 nəfər çox olub. Bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz çoxdur.

Suriyadakı vətəndaş müharibəsi nəticəsində Ermənistana pənah gətirən ermənilər də kor-peşman yeni ölkə arayışına çıxıblar. Son bir neçə ay ərzində Suriya əsilli minədək erməni Ermənistanı tərk edərək üçüncü ölkəyə gedib. Ermənistanın diaspor nazirinin müavini David Karapetyan bildirib ki, bu ilin ortalarında 6 minədək suriyalı erməni Ermənistana köç etsə də, daha sonra onlardan minədək şəxs ölkəni tərk edib. Buna səbəb suriyalı ermənilərin üzləşdikləri sosial, mədəni, iqtisadi problemlər, yeni mühitə uyğunlaşa bilməməkdir.

Gündə yarım sosiska

Yeni il bayramı qabağı Yerevanda ticarət, xüsusilə də ərzaq məhsulları ticarəti nəzərə çarpacaq dərəcədə fəallaşır. Hətta yoxsul ailələr son qəpiklərini delikates almağa sərf etməyə hazır olurlar. Düzdür, onların fikrincə, "delikates" heç də xaricdən baha qiymətə gətirilmiş qara kürü deyil, sadəcə varlılar üçün alışılmış və həmişə işlənən ərzaqlardır ki, yoxsullar adi günlərdə onları ala bilmirlər. Çünki onların qiyməti yüksəkdir. Belə ərzaq məhsullarının ilk sırasında təbii ki, ət gəlir.

Əslində, Ermənistan üzrə minimum istehlak səbətində nəzərdə tutulmuş adambaşına ət və ət məhsulları istehlakı "norması" o qədər aşağıdır ki, bu, hətta məsələ barədə məlumatsız olan insanları da heyrətə salır. Belə ki, cari ilin III rübündə "səbətdə" bu "norma" sutkada cəmi 48,3 qram təşkil edir. Necə deyərlər, gündə yarım sosiska…

Növbəti "qara xəbər"

Problemlər məngənəsində sıxılan Ermənistana növbəti "qara xəbər" ən böyük himayədarından gəlib. Belə ki, Rusiya bu ölkəyə satılan qazın qiymətini artırmaq niyyətindədir. Ermənistan isə buna mane olmağa çalışır. "Azatutyun" radiostansiyasına müsahibəsində Ermənistanın energetika və təbii ehtiyatlar naziri Armen Movsisyan deyib ki, rəsmi İrəvan ilin sonunadək qazın qiymətinin artırılmayacağına ümid edir: "Təbii ki, danışıqlar ona görə aparılır ki, qiymət artmasın. Daha dəqiqi, onlar artırmaq istəyirlər, biz isə bunu istəmirik".

Rusiyanın "Qazprom" şirkəti ilə qazın qiyməti mövzusunda danışıqlar bir neçə aydır davam edir. Ermənistan hökumətinin məlumatına görə, hazırda bu ölkə Rusiyaya qazın hər 1000 kubmetrinə görə 180 dollar ödəyir. Lakin Ermənistanın Dövlət Gəlirləri Komitəsinin məlumatına görə, bu ilin iyul-sentyabr aylarında Ermənistan Rusiyaya qazın hər 1000 kubmetrinə görə 244 dollardan çox ödəyib. Hökumət qurumlarının məlumatları arasındakı ziddiyyəti indiyədək heç kim şərh etməyib.
Əgər yuxarıda göstərilən rəqəmləri nəzərə alsaq, demək, Rusiya Ermənistana satdığı qazın qiymətini son 7 il ərzində dörd dəfə artırıb. 2005-ci ildə Ermənistan qazın 1000 kubmetrini Rusiyadan cəmi 56 dollara alırdı.
"Qazprom" da Ermənistana satılan qazın qiyməti ilə bağlı heç bir açıqlama verməyib. Şirkətin mətbuat xidmətindən bildirilib ki, bu, kommersiya sirridir və açıqlana bilməz.

"Orakarq" qəzetinin iqtisadi şərhçisi Armenak Çatinyan isə iddia edir ki, 2012-ci ildə Rusiya Ermənistana satdığı qazın qiymətini artırıb. Lakin onun fikrincə, Ermənistan hökuməti bunu xalqdan gizlədir və əhaliyə satılan qazın qiymətinin artırılmasına mane olmaq üçün "ArmRosqazprom" şirkətinə subsidiya ayırır. Görünür, rəsmi İrəvan prezident seçkilərinə qədər əhaliyə satılan qazın qiymətini qorumağa çalışır. Seçkidən sonra isə qiymətin artacağı qaçılmazdır. Çünki ölkənin hazırkı çətin vəziyyətində hökumət uzun müddət subsidiya ayırmaq qüdrətində deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə