ABŞ: seçkidən sonrakı seçimlər qarşısında

Dünyanın ən qüdrətli dövlətində növbəti prezident seçkisi başa çatdı. Barak Obama ikinci dəfə qalib gəldi. Ancaq bu qələbənin Amerikaya nə verəcəyi haqqında vahid mövqe yoxdur. Hətta analitiklər ölkənin yeni seçimlər qarşısında qaldığı haqqında yazırlar.

Amerikasayağı demokratiya

Prezident seçkisi ABŞ-da siyasi və sosial-iqtisadi mühitdə heç nəyi dəyişmədi. "Sendi" qasırğası cəmiyyəti daha çox silkələdi. Lakin analitiklər bu seçkinin növbəti 4 ildə Amerika cəmiyyətində "siyasi qasırğa" yarada biləcəyini istisna etmirlər. "Stratfor" analitik mərkəzinin qurucusu Corc Fridman bunun bir əsas səbəbini göstərir – demokratlar Senata, respublikaçılar isə Nümayəndələr Palatasına nəzarət edirlər (daha ətraflı bax: 1).

Aşağı palata Obamaya təklif etdiyi qanunların qəbul edilməsi prosedurunda müqavimət göstərəcək. Senatın isə Prezident Administrasiyasının göstərişlərindən kənara çıxma ehtimalı çox azdır. Bundan başqa, B.Obamanın Konqresdə kifayət qədər dəstəyi olmadığından, nəhəng layihələrin reallaşması üçün onun razılığını alması çox çətin olacaq. C.Fridman bunu "siyasi-hüquqi pat vəziyyəti" adlandırır (1).

Noam Xomski B.Obamanın iki mühüm problemdən qaçdığını vurğulayır. Onlardan biri ekoloji fəlakət, digəri isə nüvə müharibəsidir. Bunların hər birindən bəşəriyyətin taleyi asılıdır (2). Nəzərə alsaq ki, N.Xomski həm elm aləmində, həm də siyasi dairələrdə tanınmış şəxsdir, onun seçki ilə bağlı fikirləri ciddi məqamlardan xəbər verir.

Analitiklər Obamanın Romniyə kiçik fərqlə (fərq 1,8 faiz olub) qalib gəlməsinə də diqqət çəkirlər. B.Obamaya səs verənlərin 45 faizi Latın Amerikası və Asiya mənşəli vətəndaşlar olub. Demokratların namizədinə səs verənlər sırasında qadınlar və gənclər üstünlük təşkil ediblər. Bu faktı Amerika cəmiyyətində qütbləşmənin əlaməti kimi qiymətləndirirlər. Qarşıdakı 4 ildə B.Obamanın prezident kimi fəaliyyətinə bu məqamın ciddi təsir edəcəyini düşünürlər (3).

Daxili siyasət: varislik dalanamı aparır?

Barak Obamanın ikinci müddətə prezident seçilməsinin ölkəni hansı istiqamətdə inkişaf etdirəcəyi ilə bağlı birmənalı mövqe yoxdur. C.Fridman "daxili iflic" ifadəsini işlədir (1). Onun fikrincə, Obama daxili siyasətdə heç bir böyük layihəni reallaşdıra bilməyəcək. Rusiyalı analitiklər ABŞ-ın daxili siyasətində varisliyin saxlanacağı qənaətindədirlər (4).

Belə çıxır ki, Barak Obama doğrudan da "pat vəziyyətinə" (C.Fridman) düşüb. O, daxili siyasətdə varisliyi saxlamağa məcburdur, lakin eyni zamanda, bu, ölkəni çətinliklərdən çıxarmağa kifayət etmir. H.Kissincer də ABŞ-ın daxili və xarici siyasətində idealizmlə realizmin birləşdirilməsi ehtiyacının yarandığından yazmışdı (bax: 5). Bunlar ABŞ-ın siyasi mühitində ziddiyyətlərin ciddi miqyasda cəmiyyətə təsir etdiyini təsdiq edir.

Vurğuladığımız məqamlar onu göstərir ki, yaxın 4 ildə ABŞ-da daxili siyasətdə bir ehtiyatlılıq özünü göstərəcək. Radikal iqtisadi proqramların reallaşdırılması böyük zəhmət və incə siyasət tələb edəcək. Bu, dünya iqtisadi sisteminə necə təsir edəcək? Ekspertlər bununla bağlı birmənalı fikir söyləməkdə çətinlik çəkirlər.

Əslində, daxili siyasətdə ehtiyatlı davranmaq ABŞ-ın strateji maraqlarına uyğundur. İqtisadi sahədə kəskin irəliləyişlər etməməklə Amerika, daxildə inflyasiyanı cilovlayır, dünya miqyasında isə sürətlə inkişaf edən iqtisadiyyatların "sabun köpüyü" sindromuna tutulmasını gözləyir. Xatırladaq ki, bu ifadəni C.Soros işlədib və mənası real əsası olmayan sürətli iqtisadi inkişafın mütləq böhrana düçar olmasından ibarətdir.

Yuxarıdakı müqayisələr ABŞ rəhbərliyinin daxili siyasətdə varisliyi ciddi surətdə nəzərə almağa çalışacağını göstərir. Sosial-iqtisadi, siyasi və mədəni həyatda radikal yeniləşmələr B.Obama üçün bəzi risklər yarada bilər.

Lakin Amerika növbəti dəfə doğru yol seçdi. Gözləmək olar ki, növbəti 4 ildə ölkənin daxilində sosial-iqtisadi sabitliyin təmin edilməsi üçün ciddi addımlar atılacaq. Bu mənada C.Fridmanın "daxili iflic" ifadəsi daha çox "orijinal ritorika" nümunəsi təsiri bağışlayır.

Xarici siyasət: yeni çağırışlara cavab axtarışı

Ekspertlər hesab edirlər ki, B.Obamanın qarşısında duran ən mühüm məsələ xarici siyasət kursunda yeni qlobal çağırışlara cavab tapmaqdan ibarətdir. İtaliya Geosiyasət məktəbinin prezidenti Tiberio Qrasianinin fikrinə görə, bu çağırışlar ABŞ-ın beynəlxalq aləmdə roluna yenidən baxılması ilə əlaqədardır (bax: 6).

Bu tezis inandırıcı görünür. Çünki müasir tarixi mərhələdə ABŞ dünyadakı liderliyini təmin etmək üçün öz geosiyasi gücünü müntəzəm olaraq artırır. Ancaq dünya miqyasında geosiyasi mənzərə elə dəyişib ki, həmin məqsədə çatmağın yolları hələ tam aydın deyil.

H.Kissincer və C.Fridmanın ABŞ-ın xarici siyasətinin prioritetləri ilə bağlı son vaxtlar apardıqları təhlillərdə bu məqam gizli də olsa, ifadə olunub. H.Kissincer çıxış yolu kimi hərbi güc tətbiqində ehtiyatlı olmağı tövsiyə edir. C.Fridman da B.Obamanın xarici siyasətdə "məcburi məhdudiyyətlərə gedəcəyini" vurğulayır. O, həmin əsasda Obamanın "ona ümid bəsləyənləri məyus edəcəyini" yazır (1).

"The Financial Times" qəzetinin əməkdaşları ABŞ xarici siyasəti qarşısında duran çağırışları konkretləşdirməyə çalışıblar. Onları 4 istiqamətə bölüblər – İran, avrozonadakı böhran, Suriya və Çin (7). Həqiqətən də bu istiqamətlərin hər biri beynəlxalq geosiyasi vəziyyətə ciddi təsir edir. Bununla yanaşı, Vaşinqtonun xarici siyasətində yalnız həmin istiqamətlərin prioritet təşkil edəcəyini düşünmək, bizcə, elə də doğru deyil.

ABŞ üçün Qafqaz istiqaməti də son dərəcə önəmlidir. Bu məkanda geosiyasi maraqlarla enerji strategiyası qovuşur. Region dövlətləri arasındakı münasibətlərin tənzimlənməsi olduqca aktual məsələyə çevrilib. Gözləmək olar ki, B.Obama Qafqaza xüsusi diqqət yetirəcək. Bu aspektdə prezident kimi onun ilk səfərlərindən birini Türkiyəyə etməyə hazırlaşması barədəki məlumatlar diqqəti çəkir. Obamanın ilk olaraq Ankaraya səfər edəcəyi haqqındakı informasiyaların əsası vardır.

Bir çox analitik mərkəzlər Amerikanın xarici siysətində Türkiyə məsələsinin ciddi yer tutacağını təxmin edirlər. Məsələn, Türkiyə Beynəlxalq Strateji Araşdırmalar Qurumunun (USAK) Amerika araşdırmaları mərkəzinin proqnozlarına görə, iki ölkə arasındakı əməkdaşlığın inkişafı üç problemin həllindən asılı olacaq. Birinci, Suriya məsələsindəki fikir ayrılıqları, Türkiyə-İsrail münasibətləri və erməni lobbilərinin 2015-ci il üçün nəzərdə tutduqları planları reallaşdırmaları. İkinci, Türkiyənin Avropa İttifaqına üzv olması üçün B.Obamanın hansı dərəcədə dəstək verməsi. Üçüncü, Ankaranın terrorla daha səmərəli mübarizə apara bilməsi üçün yeni silahların alınması istiqamətində ABŞ-ın fəallığı (bax: 8).

Bütün bunlarla yanaşı, "The Financial Times"-ın Amerikanın xarici siyastində 4 istiqamətin daha aktual olacağı ilə bağlı təhlili də xeyli dərəcədə əsaslıdır.

Pekin "Pandora sandığını" açmır

İran məsələsi ətrafında yaranmış gərginlik səngimir. Bu günlərdə İsrailin baş naziri Benyamin Netanyahu açıq deyib ki, "əgər beynəlxalq birlik ciddi tədbir görməsə, İranı vurmağa hazırıq". Türkiyə KİV-i Vaşinqtonun Tehranla birbaşa danışıqlar aparmağa hazırlaşdığı haqqında məlumatlar yayıb. İran nüvə proqramından imtina etməyib. Bu vəziyyətin uzun müddət qalacağı haqqında proqnozlar verirlər. Ona görə də B.Obama üçün İran mövzusu aktual olaraq qalacaq.

Avrozonadakı böhranın tezliklə həll ediləcəyinə inanmaq çətindir. Əksinə, Avropa İttifaqının bir neçə ölkəsində maliyyə çətinlikləri getdikcə dərinləşir. Yunanıstan, İtaliya, İspaniya, Rumıniya... Maliyyə böhranına düşən Avropa ölkələrinin sayı durmadan artır. Son günlər Yunanıstanda vətəndaşların yenidən etiraz aksiyalarına başlaması Aİ-ni silkələyib. Afina Avropa İttifaqından yardım istəyir. Qurumun ən güclü dövlətləri olan Fransa və Almaniya isə vəziyyətə ciddi təsir edə bilmirlər. Vaşinqtonun işə qarışmasına ehtiyac getdikcə artır. Lakin ABŞ hələ də "özündənrazı" avropalılara kömək əlini uzatmır.

Suriya getdikcə daha böyük miqyasda dünyanın geosiyasi probleminə çevrilir. Rusiya və Çin B.Əsədə yardımlarını davam etdirəcəklərini bildirirlər. B.Əsəd son müsahibələrinin birində "Suriyada öləcəyəm" mesajını verib. Ekspertlər arasında bu münaqişənin uzun sürəcəyi haqqında ortaq fikir mövcuddur. Hər bir halda yaxın müddətdə Suriya probleminin regionun ən həssas məsələsi olacağını demək olar. ABŞ-ın xarici siyasətində Suriyanın mühüm yer tutacağına şübhə yoxdur.

Nəhayət, Çin məsələsi. Vaşinqtonun hazırda ən böyük problemi məhz Pekindir. Burada vəziyyət daha mürəkkəb və həssasdır. Çin özünü getdikcə daha inamlı aparır. O, Asiya-Sakit okean hövzəsində liderliyini konkret fəaliyyətlə təsdiqləyir. Amerika həmin regiona böyük hərbi güc toplayıb. İki böyük dövlət qarşı-qarşıya durur. Analitiklər bu mübarizənin uzun sürəcəyinə inanırlar.

Bütün bunlara rəğmən, Pekin xarici siyasətdə "Pandora sandığını" açmayıb. O, ABŞ-ın Asiyadakı mövcudluğundan "şad olduğunu" dilə gətirir. Sakit okeanda Vaşinqtonla əməkdaşlıqdan "məmnunluğunu" ifadə edir. Eyni zamanda, Çin özünü inkişaf etmiş ölkə saymadığını təkrarlayır. Belə bir iddiasının olmadığını vurğulayır. "İkinci dərəcəli" ölkələrlə əməkdaşlığa daha çox diqqət yetirir. Hətta onların iştirakı ilə beynəlxalq təşkilatlar formalaşdırıb.

Lakin Çin bu proseslərin fonunda daha da güclənir. Beynəlxalq aləmdə geosiyasi çəkisi artır. Paralel olaraq, Sakit okean regionunda ABŞ-ın bəzi hərəkətlərinə qarşı sərt addımlar atır. Pekin sözdə deyil, əməldə böyük iddialar ortaya qoyur. Hər bir halda isə onun siyasətinin əsl mahiyyəti tam aydın olmur.

Beləliklə, ABŞ xarici siyasəti qarşısında ciddi vəzifələr durur. Reyqan administrasiyasının hüquq məsləhətçisi olmuş Bryüs Feyn bütün bunların Barak Obamanı xarici siyasətdə daha aqressiv edəcəyini deyir (9). Ola bilsin ki, belədir. Lakin birmənalı olaraq bunu iddia etmək risklidir. Çünki son illər dünya miqyasında aqressivliyin müsbət nəticələr vermədiyini sübut edən faktlar kifayət qədərdir. Ona görə də Obamanın fərqli strategiya seçməsi ehtimalı daha çoxdur. Bunu isə zaman göstərəcək.

Kamal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə