İranda, ətrafında 14 milyon azərbaycanlının məskunlaşdığı Urmiya gölünün quruması artıq faciəli həddə çatıb. Yerli əhalinin bununla bağlı dörd ildən artıq davam edən etirazlarına baxmayaraq İran rəhbərliyi məsələyə laqeyd yanaşıb, hətta onlarla insan etirazlara görə həbs olunub. İran parlamentinin ötən il avqustun 16-da keçirilən iclasında "Urmiya gölünün dirçəldilməsi" layihəsi rədd edilib. BMT-nin Ətraf Mühit Proqramı isə 2012-ci il martın 19-da Urmiya gölünün qurumasının ekoloji sonucları barədə xəbərdarlıq edib və bildirib ki, 1995-ci ildən 2011-ci ilə kimi göldə suyun səviyyəsi 7 metr düşüb, kosmosdan çəkilmiş şəkillərə görə gölün səthinin sahəsi 6100 kv. km-dən 2366 kv. km-ə qədər azalıb. BMT-nin İnkişaf Proqramı göldə yaranmış problemin həlli məqsədilə 135 milyon dollar məbləğində maliyyə yardım ayırıb.
Həyat və şəfa mənbəyi
Yaxın və Orta Şərqin ən böyük gölündə 100-dən çox ada var. Urmiya Gölünün Milli Parkı Qərbi Asiyanın ən böyük daimi su hövzələrindən biridir. Bu gölün adalarında 27 cür məməli heyvan, 41 növ sürünən, 212 növ quş, 26 növ balıq yaşayır. Bu canlıların varlığı və çeşidliliyi Urmiya gölünün YUNESCO tərəfindən Canlı Təbiətin Deposu adını almasına səbəb olub. Gölün gözəl təbiəti, zəngin müalicəvi özəlliyi var. Ərazidəki limanlar bölgə turizmi üçün çox əlverişlidir. Gölün duzluluq promili dünya okeanından iki dəfə çox olduğu üçün, qışda buz bağlamır. Hazırda adalarda və ətrafda yaşayanlar əsasən əkinçilik, maldarlıq, gülçülük, bağçılıq, xalçaçılıqla məşğul olurlar. Urmiya gölü və onun palçığı artiroz, əsəb, traxoma, müxtəlif dəri xəstəlikləri, böyrək, həzm sistemi, qadın xəstəliklərinin müalicəsi üçün əhəmiyyətli hesab olunur.
1967-ci ildə Urmiya gölü qoruq elan olunub və YUNESCO-nun qorunan təbii ərazilər siyahısına daxil edilib.
Yeni təklif nəyə hesablanıb?
İran hökuməti 2011-ci ilin sentyabr ayında Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırsa da, nəhayət bu ilin sonunda sözdən əmələ keçməyi qərara alıb.
İranın Energetika Nazirliyinin MDB ölkələri və sərhəd çayları üzrə baş idarəsinin direktoru Cabbar Vətənfəda çıxış yolu kimi Araz çayının suyunun Urmiya gölünə axıdılmasını təklif edib və bununla bağlı rəsmi Bakı ilə lazımi müzakirələr aparılacağını deyib: "Azərbaycan hökumətindən qonşuluq haqqı və ətraf mühitə yardım naminə İranın su payının iri həcminin Urmiya gölünə axıdılması məsələsində razılığa gəlməsini istəyirik".
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov isə deyib ki, İran Arazın suyunun Urmiya gölünə axıdılması üçün Azərbaycanın razılığını istəyirsə, mövzunu Azərbaycanla birgə müzakirə etməlidir".
Nazir deyib ki, Azərbaycanın bu məsələ ilə bağlı İranla müəyyən bir müqaviləsi var: "Müqavilədə bir qayda olaraq ekoloji norma saxlanılır. Suyun çayda qalmasının öz bioloji həyatı var və hər bir ölkə oradan hansı ehtiyaclar üçün su götürə biləcəyini müəyyənləşdirilib".
Qurumun digər rəsmisi Firdovsi Əliyevin sözlərinə görə, Azərbaycan suya ehtiyacı olan ölkələrdəndir. Bu məsələdə də Azərbaycan öz dövlət maraqlarına uyğun olaraq çıxış edəcək.
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bildirib ki, Araz çayının suyunun Urmiya gölünə axıdılması Azərbaycan üçün böyük bir fəlakətlə nəticələnə bilər: "Əgər belə bir köçürülmə baş verərsə, Azərbaycan ərazisinin 40 faizi səhralaşmaya məruz qalar, su qıtlığına, biomüxtəlifliyin məhvinə səbəb olar, kənd təsərrüfatı sıfıra enə, insanların miqrasiyası ilə nəticələnə bilər".
Gölü qurudan əsas səbəblər
Elmi mənbələrdə göstərilib ki, bölgəyə yağıntının ən az düşdüyü illərdə belə Urmiya gölündə suyun səviyyəsi aşağı düşməyib, buna səbəb isə gölə yeraltı çayların axmasıdır. Mütəxəssislərin fikrincə, 1999-cu ildən başlayaraq gölə tökülən çaylar üzərində su anbarlarının tikintisinə başlanılması ilə qurudulma prosesinə start verilib. "Kənd təsərrüfatında inqilab" adı altında tikilən su anbarları ilə gölə çayların tökülməsinin qarşısı alınıb. Bu müddət ərzində Urmiya gölü rayonunda 17 su bəndi tikilib, gölün şərqindən qərbinə uzanan və gölü iki yerə bölən torpaq keçid, körpü tikilib. Mütəxəssis ekoloqların sözlərinə görə, bu, gölün qurumasının əsas səbəbidir, nəticədə göl bəzi yerlərdə on kilometrlərlə quruyub və səviyyəsi 6 metr düşüb.
İsveçdə siyasi mühacir həyatı yaşayan güneyli hüquqşünas Salehi Kamraninin fikrincə, İran o taylı soydaşlarımızın zehnində mənfi fikir formalaşdırmaq istəyir: "Guya Azərbaycan əslində bu işi görə bilər, amma görmür. Halbuki Araz çayının suyu yönləndirilərsə, hövzənin özü quraqlıq və ətraf mühit fəlakəti ilə üzləşə bilər".
Onun sözlərinə görə, indi İran məsələni qarışdırmaq üçün topu Azərbaycan dövlətinə atmaq istəyir.
Urmiya gölü ilə eyni aqibəti yaşayan Şorabil
İran hakimiyyətinin gölün quruması prosesinə bu cür laqeyd yanaşmanın məqsədi gölün ətrafındakı milyonlarla azərbaycanlının ərazidən köçürülməsi prosesini sürətləndirməkdir. Çünki yalnız yerli azərbaycanlılardan ibarət olan bölgədəki əhalinin əsas məşğuliyyəti göllə bağlıdır. Göl quruyacağı təqdirdə bölgədə ekoloji tarazlıq pozulacaq ki, bu da insanların burda yaşamasını, əkinçilik və maldarlıqla məşğul olmasını mümkünsüz edəcək. Yerli əhali çıxış yolunu İranın digər bölgələrinə köçməkdə görəcək. Bu isə yerli azərbaycanlıların kompakt yaşamağının qarşısını alacaq.
Bundan əvvəl də İran hakimiyyətinin dəstəyi ilə Qərbi Azərbaycan ərazilərinə etnik kürdlərin yerləşdirilməsi ilə bağlı məlumatlar var. Hətta 1979-cu il inqilabından sonra Qərbi Azərbaycandakı Soyuqbulaq, Badam kəndləri müxtəlif vaxtlarda kürd terror qruplaşmalarının silahlı basqılarına məruz qalıb. Belə terror aksiyaları nəticəsində müdafiəsi olmayan dinc əhali ərazini tərk etmək məcburiyyəti ilə üzləşib. Həmin ərazilərə isə bir müddət sonra digər ölkələrdən gəlmiş kürdlər yerləşdirilib. Bu ərazilər Güney Azərbaycanın Türkiyə ilə sərhədində yerləşir.
Qeyd edək ki, Urmiya gölünün taleyini Ərdəbildəki Şorabil gölü də yaşamaqdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB