Növbəti 4 ildə nələr dəyişəcək?

ABŞ-da uzun müddət davam edən prezident seçkilərinin sonunda yenidən Barak Obama qalib gəlib. Obamanın budəfəki qələbəsinə daha çox kritik vəziyyətdə olan ştatların səsi həlledici olub. Belə ki, prezident seçilmək üçün 538 seçicidən 270-nin səsi kifayət edirdi. Amma Barak Obama Ohoya ştatından gələn seçkilərin nəticələrinə görə, 274 səs yığa bilib. Bununla da Obama Amerikanın 45-ci prezidenti olub.

Zəfərin əsas səbəbi

Prezident Obamanın ikinci dəfə Amerika xalqından lazımlı dəstəyi almasındakı ən böyük faktorlardan biri prezidentin bütün kütlənin maraqlarını müdafiə etməsi idi. Yeni iş yerlərinin açılması, vergi məsələləri ilə bağlı vədlər onun reytinqinin yüksəlməsinə kömək edib. Rəqibi Mit Romni isə konkret bir təbəqənin maraqlarının müdafiəsini nəzərdə tutan çıxışları ilə seçilirdi. Bu isə əsasən zəngin təbəqənin müdafiəsinə yönəlmişdi. İqtisadi çətinliyin yaşandığı bir dönəmdə təbii ki, kütlə Barak Obamanın yanında olmağı daha üstün tutub. Seçkilərə qədər aparılan bütün sorğularda Obamanın xalqın problemlərini Romnidən daha yaxşı anladığı fikri hakim idi. Gəlinən bu qənaət isə səslərin nəticələrinin proqnozlaşdırılması çətin olan ştatlarda belə Obaya üstünlük qazandırdı.

Obamanın qələbəsinə əsas səbəb kimi əl-Qaidə lideri Üsamə bin Ladinin öldürülməsi, xarici siyasətdəki uğurları da əlavə olunmalıdır. Televiziyalardan canlı yayımlanan və milyonlarla insanın izlədiyi ikinci və üçüncü teledebatlar zamanı Romni qarşısında açıq-aşkar üstünlük təmin edən Obamanın xarici siyasət sahəsində daha təcrübəli olduğu ortaya çıxdı.

Müsəlmanların böyük dəstəyi

Obamanın uğur qazanmasında önəmli başqa bir faktor da immiqrant probleminə yanaşması oldu. Ölkə daxilində latın amerikalılarının 75 faizinin səsini almağı bacaran Obama 8 milyon müsəlman əhalinin də dəstəyini qazana bildi. Obamanın zəfəri əslində Demokratlar partiyasının plüralist quruluşunun Amerika gerçəyi ilə üst-üstə düşdüyünü sübut etmiş oldu.

Obamaya Ohayo, Miçiqan, Minnesota kimi kritik əyalətlərdə seçkini qazandıran önəmli faktorlardan biri isə avtomobil sektorunu yenidən canlanması idi. Avtomobil sektorunun geniş yayıldığı şimal əyalətlərində Obama Respublikaçılar partiyasının prezidentliyə namizədinin köməkçisi Paul Ryanın doğulduğu Viskonsində də üstünlük qazanmasına səbəb oldu.

Obamaya seçkini qazandıran faktorlar arasında Sandy qasırğası da göstərilə bilər. Təbii fəlakətdən əvvəl və sonra aparılan bütün sorğularda prezident Obamanın qasırğa ilə mübarizədə amerikalıların 67 faiz onun atdığı addımları bəyənmişdi.

Zənginlər klubuna çevrilən partiya

Respublikaçılar partiyasının seçkilərdə məğlubiyyətinin əsas səbəbi kimi həddindən artıq mühafizəkar olması, eyni zamanda xalq kütlələrinin deyil, daha çox zəngin təbəqənin maraqlarını qoruması göstərilir. Zənginlər klubuna çevrilən Respublikaçıların ölkə iqtisadiyyatındakı geriləmə və işsizliyin tarixdə görülmədiyi qədər yüksək həddə olduğu bir dövrdə prezident Obama ilə seçkidən məğlub ayrılması mühafizəkar partiyanın ciddi strateji səhvlərinin olmasından xəbər verir. Respublikaçıların məğlubiyyətinə səbəb kimi prezidentliyə namizədi Romninin "Bank Capital" ilə olan əlaqəsi, İsveçrədə bank hesabı, bəzi ada ölkələrindəki offşor hesabı və gəlir vergisini aşağı ödəməsi də göstərilə bilər.

Respublikaçı, yaxud demokrat

Azərbaycan üçün önəmli olan seçiləcək şəxsin ölkəmizə qarşı münasibətidir. Ümumiyyətlə, respublikaçılar və demokratların xarici siyasi kursunda az da olsa fərqlilik nəzərə çarpsa da, dövlət maraqlarının üst-üstə düşdüyü ana xətt mövcuddur.

İstər respublikaçılar, istərsə də demokratların xarici siyasətində Dağlıq Qarabağ münaqişəsinin prioritet mövqedə olmaması, hər iki partiyanın Azərbaycana münasibətini açıq şəkildə ortaya qoyur. Azərbaycan müstəqillik qazandığı dövrdə ABŞ-da hakimiyyətdə respublikaçılar idi və "Azadlığa Dəstək Aktı"na 907-ci düzəliş də məhz həmin dövrdə qəbul edilib.

Maraqlı məqam isə ondan ibarətdir ki, ermənilər prezident Barak Obamanın fəaliyyətindən narazıdırlar. Çünki, digər prezidentlər kimi, B.Obama da "soyqırımı" ifadəsini işlətmədi. Nə Obama, nə də dövlət katibi Hillari Klinton 4 il ərzində erməni icmasının rəhbəri ilə görüşməyib. Prezident B.Obama Konqresin razılığı olmadan Metyu Brayzanı bir il müddətinə Azərbaycana səfir göndərib. Demokratların bu fəaliyyəti isə Azərbaycanın maraqlarına cavab verir.

Bütün bunlara baxmayaraq, nə respublikaçıların, nə də demokratların hakimiyyəti illərində ABŞ-ın Dağlıq Qarabağ siyasətində heç bir dəyişiklik olmayıb. ABŞ-ın bu məsələ ilə bağlı mövqeyi demək olar ki, Ermənistanın maraqlarına xidmət edib və Azərbaycanın xeyrinə bir addım belə, atılmayıb. Bu baxımdan, respublikaçı, yaxud demokrat namizədin prezident seçilməsi ilə ABŞ-ın bu məsələyə baxışının dəyişəcəyini gözləmək sadəlövhlük olardı.

ABŞ-la Azərbaycan arasında münasibətlər dəyişməyəcək

Seçkilərinin nəticələrini şərh edən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib ki, ABŞ-da prezident seçkilərinin nəticələrindən asılı olmayaraq ABŞ-la Azərbaycan arasında münasibətlər dəyişməz qalacaq: "Düşünürəm ki, Barak Obamanın növbəti prezidentliyi dövründə ABŞ-ın xarici siyasətində hər hansı bir mühüm dəyişiklik olmayacaq. Azərbaycan ABŞ üçün mühüm bir ölkə olaraq qalacaq. Biz Azərbaycanla indiyə qədər olan əməkdaşlığımızı davam etdirəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə