Oktyabrın 27-də Fransanın paytaxtı Parisdə Azərbaycanın xarici işlər Naziri Elmar Məmmədyarov ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında görüş baş tutub.
Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak ediblər.
Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı vəziyyətlə əlaqədar narahatlıq bildirilib. Həmçinin, status-kvonun dəyişdirilməsi və münaqişənin həlli prosesində yaranmış durğunluqdan çıxışla bağlı geniş məsləhətləşmələr və müzakirələr aparılıb. Tərəflər münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərinin davam etdirilməsi əzmində olduqlarını qeyd ediblər.
Eyni zamanda görüşdə həmsədrlərin noyabr ayının ikinci yarısında regiona nəzərdə tutulmuş səfəri də müzakirə olunub.
Sülh prosesinin irəliləməsi üçün ideyalar
Görüşdən sonra isə həmsədrlər bəyanat yayıblar. Bəyanatda tərəflər arasında gərginliyin azaldılmasının əhəmiyyəti vurğulanıb, sülh prosesinin irəliləməsi üçün işçi təklifi şəklində ideyalar təqdim edilib.
Öz növbəsində, nazirlər sülh nizamlanmasına nail olunması üçün həmsədrlərlə işi davam etdirmək niyyətində olduqlarını bir daha təkrarlayıblar. Nazirlər və vasitəçilər bu ideyaların həmsədrlərin noyabrda regiona nəzərdə tutulan səfərləri zamanı müzakirə olunması barədə də razılığa gəliblər.
Paris görüşünün başlıca mahiyyəti
Hələ görüşdən əvvəl azərbaycanlı politoloqlar xarici işlər nazirlərinin Paris danışığından real nəticə gözləmədikləri ilə bağlı fikirlər səsləndirmişdilər. Çünki bu günə qədər göstərilən təşəbbüslər hər hansı nəticə verməyib. Bunun səbəblərindən biri Dağlıq Qarabağ probleminin həll variantlarının qeyri-məqbul olmasıdır. Çünki Ermənistan Azərbaycanın təklif etdiyi həll variantı ilə razılaşmır, qısacası işğalçılıq siyasətindən bir addım belə olsun geri çəkilmir. Böyük dövlətlər isə Ermənistana təzyiq etmirlər. Digər məqam ondan ibarətdir ki, Rusiya işğalçı dövləti aşkar şəkildə dəstəkləyir. ABŞ seçki həyəcanını yaşayır. Fransa isə Ermənistanın ən böyük himayədarlarından biridir. Ümumiyyətlə, həmsədr dövlətlər Qarabağ danışıqlarında istənilən və yaxud tələb olunan gücü və səyi ortaya qoymurlar. Tərəflər münaqişənin həllində kifayət qədər səmimi deyillər. ABŞ və Fransadan fərqli olaraq, Rusiya ümumiyyətlə danışıqların baş tutmasında və görüşlərdə irəliləyişlərin olmasında maraqlı deyil. Hər nə qədər ön planda bunun əksini göstərməyə çalışsa da, "pərdə arxasında" nələrin baş verdiyini anlamaq çətin deyil.
Odur ki, digər görüşlər kimi, bu görüşdə də hər hansı müsbət addım atılacağını gözləmək sadəlövhlük olardı. Ən yaxşı halda Paris görüşünün başlıca mahiyyəti prezidentlər səviyyəsində görüşün hazırlanması ola bilər.
Ermənilərin növbəti hiyləsi
Ermənistan isə növbəti hiyləsini işə salmağa başlayıb, Dağlıq Qarabağ separatçıları danışıqlar masasına gətirilmə işinə start verib. Separatçıların təmsilçiləri dünyanı gəzir və Ermənistan diplomatiyası da bu işdə böyük canfəşanlıq nümayiş etdirir. Ermənistan "DQR"in tanınması kampaniyasını rəsmən öz üzərinə götürməsə də bu tədbirləri diaspor üzərindən həyata keçirir. "DQR"i tanımaq haqda qərar çıxarmağa özündə cəsarət tapmayan rəsmi İrəvan Azərbaycana təzyiq üçün bir-neçə xarici ölkələrdə bu yöndə iş aparır. Paris görüşü ərəfəsində E. Nalbandyan bəzi Latın Amerikası ölkələrinə səfər edib və qondarma "DQR"in tanınması kampaniyası üçün lobbiçilik missiyasını həyata keçirib. Nalbandyanın Latın Amerikası səfəri ilə eyni vaxtda Avstraliyanın ermənilərin sıx yaşadığı Yeni Cənubi Uels ştatı "DQR"i tanımaq barədə qərar çıxarıb və federal hakimiyyəti də bu addımı atmağa çağırıb. Kosta-Rikada erməni icması və yerli rəsmilərlə görüşən E. Nalbandyan isə bu qərarın önəmli olduğunu və kampaniyanın davam edəcəyini deyib.
Təkliflər Azərbaycanın xeyrinə olmayacaqsa...
Siyasi ekspertlərin qənaətinə görə, ATƏT-in Minsk Qrupu elə etməlidir ki, aparılan danışıqlar prosesi Dağlıq Qarabağın "müstəqilliyi" ilə nəticələnməsin. Dağlıq Qarabağa razılaşdırılmış bəlli bir status müəyyənləşdirilməli və məcrada danışıqlar prosesi aparılmalıdır.
Bu gün əlbəttə, danışıqlar prosesinin davam etdirilməsi istiqamətində müəyyən cəhdlər var. Amma danışıqlar masasının üzərinə qoyulacaq prinsiplər, o cümlədən sülhyaratma prinsipləri, problemin həlli ilə bağlı təkliflər əgər, Azərbaycanın xeyrinə olmayacaqsa, onda hər hansı bir irəliləyişdən də söhbət gedə bilməz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB