Türkiyə 2023: iki strateji hədəf

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın lideri olduğu Ədalət və İnkişaf Partiyasının növbəti qurultayı keçirildi. Tədbirdə ölkənin gələcəyi ilə bağlı diqqət çəkən ideyalar irəli sürüldü. Türkiyənin strateji inkişafının əsas tezisləri səsləndirildi.

"Böyük millət"

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (ƏİP) 4-cü qurultayında tarixi qərarlar alındı. Tədbirin əsas şüarı "Böyük millət, Böyük güc, 2023" idi. Məhz buna görə əksər analitiklər həmin şüarı Türkiyənin "yol xəritəsi" adlandırırlar.

Burada bir neçə aspekt maraq doğurur. Hazırda qlobal miqyasda geosiyasi vəziyyət mürəkkəbdir. Ancaq Yaxın Şərq regionunda daha gərgin bir situasiya formalaşıb. Bölgə dövlətlərinin əksəriyyətində böhran xarakterli proseslər gedir. Onların yaxın zamanlarda səngiməsi gözlənilmir.

Yaxın Şərqdəki geosiyasi gərginlik dünyanın böyük güclərinin liderlik uğrunda mübarizəsi işığında daha düşündürücü görünür. Analitiklər dünyanın yeni düzəninin formalaşmasından bəhs edirlər. ABŞ, Rusiya və Çin kimi nəhəng dövlətlər arasında gedən geosiyasi mübarizənin hansı nəticələr verəcəyi barədə birmənalı fikir söyləmək xeyli çətindir.

Qeyd etdiyimiz şərtlər daxilində Türkiynin bu dərəcədə iddialı olması əsaslıdırmı? Hakim partiyanın yuxarıda vurğuladığımız şüarı təbliğat xarakterli deyil ki? Bu suallara Türkiyənin dövlət olaraq hazırda yeritdiyi daxili və xarici siyasətin əsas məqamları prizmasında cavab axtarmaq olar.

ƏİP-in 4-cü qurultayı Türkiyənin bir sıra daxili problemlərinin mövcudluğu şəraitində keçirildi. Terror hadisələri ölkənin davamlı inkişafını ləngidir. Eyni zamanda, daxili sabitlik üçün təhlükələr törədir. Problemin kökü terrora xaricdən bir neçə ölkənin dəstək verməsindədir.

Baş nazir Rəcəb Tayyib Ərdoğan həmin ölkələr sırasında Fransa, Almaniya, Suriya və İranın adını çəkib. İsrailin PKK-ya göstərdiyi yardımlar haqqında uzun müddətdir informasiyalar yayılır. Yəni Türkiyədə terrorun davam etməsində bir neçə dövlət maraqlıdır.

Belə şəraitdə terrorla mübarizə çox aspektləri olan mürəkkəb bir vəzifəyə çevrilir. Türkiyənin gücü bu işin öhdəsindən gəlməyə yetəcəkmi? Hökumət ümidlidir. Baş nazir Türkiyənin öz məqsədlərinə çatmaq üçün kifayət qədər imkanlara malik olduğuna inanır. O cümlədən, ölkə vətəndaşlarının hüquqlarının genişləndirilməsi prosesinin məsələnin həllində ciddi rol oynayacağı inamı vardır.

Bu fikirlərdən ƏİP-in "Böyük millət" anlayışının məzmunu aydın olur. Türkiyə siyasi mənada böyük millət formalaşdırmağı hədəfləyib. Yəni demokratik qanunlarla idarə edilən güclü vətəndaş cəmiyyəti yetişdirmək hakim partiyanın strateji məqsədlərinə daxildir. Burada etnik mənsubluğun ikinci plana atılması müasir tarixi mərhələnin ruhuna uyğundur. Lakin bir incəliyi də qeyd etmək gərəkdir.

Məsələ ondan ibarətdir ki, etnik mənsubluğu arxa plana atmış güclü vətəndaş cəmiyyətinin formlaşması müasir tarixi şərtlərə cavab verən ideoloji konseptin mövcudluğu şəraitində mümkündür. ƏİP belə bir ideoloji konsepsiyaya malikdirmi?

Təcrübə göstərir ki, Türkiyədə İslamla demokratiyanın səmərəli sintezini özündə ehtiva edən ideologiya vardır. Buna müxtəlif adlar vermək olar. Məsələn, Qərb geosiyasi terminologiyasında "mötədil İslam" ifadəsini işlədirlər. Məsələnin mahiyyəti adda deyil.

İslam dini dünyagörüşü ilə müasir siyasi sistem kimi demokratiyanı uzlaşdıran effektiv model yaratmaq başlıca məsələdir. Türkiyənin 2002-ci ildə ƏİP hakimiyyətə gələndən sonra sosial-iqtisadi, mədəni və mənəvi-əxlaqi sahələrdə əldə etdiyi uğurlar, onun həmin vəzifənin öhdəsindən gəldiyini göstərir. Ona görə də bu dövlətin daxili potensialının böyük millət yaratmağa yetərli olacağı nəticəsini çıxarmaq olar.

Problem isə yalnız daxili potensialla məhdudlaşmır. Dünyada lider olmağa can atan çoxlu sayda dövlətlər var. Türkiyə onlarla rəqabətə tap gətirə biləcəkmi? ƏİP-in 4-cü qurultayında baş nazir R.T.Ərdoğanın çıxışında ifadə etdiyi fikirlərdən ölkənin uğurla rəqabət aparacağına əmin olduğu görünür.

"Böyük güc"

Türkiyə 2023-cü ilə qədər əsas sosial-iqtisadi göstıricilər üzrə qabaqcıl ölkələr sırasına yüksəlməyi qarşısına məqsəd kimi qoyub. "Böyük güc" ifadəsi həmin mənada işlənir. 2002-ci ildə 100 milyon dollar kredit verməyə gücü çatmayan Türkiyə, 2012-ci ildə BVF-yə 5 milyard dollar borc verə bilir. R.T.Ərdoğan Avropa İttifaqı ölkələrinin durğunluq keçirdiyi bir mərhələdə Türkiyə iqtisadiyyatının 2013-cü ildə 5% artacağını bəyan etdi. 2023-cü ilə qədər isə dünyanın 5-ci iqtisadiyyatı olmağı hədəfə aldıqlarını bildirdi.

Bunlarla yanaşı, ölkənin idarə edilməsində ciddi islahatlar aparılması nəzərdə tutulur. Vətəndaşların həyat səviyyəsinin yüksəlməsi isə ƏİP-in qarşısında duran əsas vəzifə kimi göstərilir. Onu deyək ki, mütəxəssislər Türkiyənin qarşısına qoyduğu bu məqsədlərə çatmaq imkanlarına sahib olduğunu vurğulayırlar.

Tanınmış politioloq Z.Bjezinski öz proqnozlarında Rusiya ilə Türkiyəni yaxın gələcəyin liderləri sırasında gördüyünü ifadə edir. O, Qərbə hər iki dövləti inteqrasiya proseslərinə daha dərindən cəlb etməyi tövsiyə edir. Bu zaman Türkiyə ümumiyyətlə, Şərq istiqamətində əsas tərəfdaş kimi təqdim edilir. Yəni Z.Bjezinski Türkiyənin dünya miqyasında böyük güc ola biləcəyini istisna etmir.

Hakim partiyanın qurultayında həmin aspektdə Türkiyə-Avropa İttifaqı münasibətləri ilə bağlı deyilən fikirlər çox maraq doğurur. ƏİP strateji hədəfləri sırasında "Aİ-yə daxil olmaq aktuallığını saxlayır" kimi tezisə yer verib.

Lakin bir sıra ekspertlər Türkiyə iqtidarının bunu ümumi olaraq qeyd etdiyinə əmindir. Ciddi səviyyədə Türkiyənin Aİ-yə maraq göstərmədiyi qənaəti vardır. Bunun səbəbi olaraq Aİ-nin böhran içində olması və onun gələcəyinin qeyri-müəyyənliyi göstərilir. Ankara bu cür riskə getməz.

Başqa bir tərəfdən, Aİ-nin geosiyasi güc kimi taleyi məlum deyil. Türkiyə özü böyük güc olmaq niyyətindədirsə, geosiyasi statusu aydın olmayan bir quruma üzv olmağın mənası nədən ibarətdir? Ankara onu da nəzərə alır ki, dünya bir neçə güc mərkəzi olan geosiyasi modelə doğru gedir. Bəzi siyasətçilər və analitiklər hətta "dünyanın yeni nizamının formalaşması prosesinin getdiyi" ifadəsini işlədirlər (məsələn, Rusiyanın keçmiş xarici işlər naziri İqor İvanov bu ifadəni işlədir). Çoxqütblü dünyada bir gücə bağlanmaq Türkiyə kimi dövlətləri qane etməz.

Bütün bunlar ƏİP-in 4-cü qurultayının doğrudan da tarixi xarakter daşıdığını göstərir. Əgər bu strateji kurs 2023-cü ilə qədər davam etdirilsə (yəni ƏİP hakimiyyətdə qala bilsə), qarşıya qoyulan məqsədlərə çatmaq imkanı yüksək qiymətləndirilir.

Lakin bir həqiqəti unutmaq olmaz: müasir dövrdə birmənalı proqnoz vermək xeyli risklidir. Hər an vəziyyət heç kəsin gözləmədiyi bir istiqamətdə dəyişə bilər. Frensis Bekonun bir maraqlı fikri var: "zaman bütün novatorların ən nəhəngidir". Bu, siyasətdə və geosiyasətdə də belədir

Newtimes.az

Bütün xəbərlər Facebook səhifəmizdə