İranda əsl böhran başlayır ANALİZ

İran Avropa İttifaqı və ABŞ-ın tətbiq etdiyi sanksiyalar nəticəsində külli miqdarda ziyana düşməkdə davam edir. Milli valyutanın rəsmi kursu dəyişilmədən qalsa da, "qara bazar"da onun dəyəri 65% ucuzlaşıb. Vəziyyətə belə ümumi qiymət vermək olar ki, İranda hiperinflyasiya başlayıb. Rialın qiyməti 2010-cu ildə - bu ölkəyə qarşı sanksiyalar tətbiq edildikdən sonra aşağı düşməyə başlayıb. Bu il iyulun 1-də daha sərt sanksiyalar tətbiq edildikdən və Aİ bu embarqoya qoşulduqdan sonra İranın işləri daha da çətinləşib və faktiki olaraq rialın dəyərsizləşməsi prosesinə start verilib.

Hazırda İranın valyuta bazarlarında ikili vəziyyət yaranıb. Belə ki, milli valyuta olan rialın rəsmi məzənnəsi əvvəlki kimi qalıb, yəni 1 dolları 12 365 riala almaq olar. Lakin "qara bazar"da 1 dolları 35 min rialdan ucuz almaq mümkün deyil. Cato İnstitute-nin hesablamalarına görə, fərq təxminən 65% təşkil edir. Xatırladaq ki, ötən ilin noyabrında dolların rəsmi məzənnəsi 13200 rial idi. Təkcə sentyabr ayında yalnız bazar günü ərzində milli valyutanın məzənnəsi İranda 9,5 % ucuzlaşıb.

Dünyanın ən nüfuzlu mətbu nəşrlərindən olan The New York Times sentaybrın sonunda İran milli valyutasının sürətlə dəyərdən düşdüyünü xəbər verib və qəzetin məlumatına əsasən, inflyasiya 40% təşkil edib və bir həftə ərzində dolların məzənnəsi 24600-dən 34800 riala yüsəlib.

Cato-nun eksperti Stiveh Henkenin qənaətincə, rialın birdən-birə sürətlə ucuzlaşması artıq İranda inflyasiaya gətirib çıxarıb. Milli valyutanın dəyərdən düşməsi nəticəsində əhalinin alıcılıq qabiliyyəti də aşağı düşüb, ölkədə ərzaq məhsullarının qiyməti durmadan yüksəlir. Rialın məzənnəsinin dinamikasına əsasən, Henkenin hesablamasına görə, İranda sentyabr ayında inflyasiya 69, 6% təşkil edib. Ekspertlərin qənaətincə isə 50%-dən artıq inflyasiya hiperinflyasiya hesab olunur.

Dəyərsizləşmə və hiperinflyasiya isə ölkədə kütləvi narazılıqlara səbəb olub. Ekspertlərin bu ehtimalını Bloomberq də təsdiqləyib. Cato İnstitute-nin mənbələrinin İrandan verdiyi məlumata əsasən, hal-hazırda Tehranda Qrand Bazardakı valyuta əməliyyatlarını həyata keçirən mağaza və puldəyişmə məntəqələri bağlıdır. Valyuta əməliyyatlarına başlamaq istəyən məntəqələr isə valyutanın məzənnəsini müəyyən edə bilmir.

Mənbənin bildirdiyinə görə, Tehranda dolları yalnız 33 min riala birbaşa motosikllərdən alver edən fərdi dollar alverçilərindən almaq mümkündür, baxmayaraq ki, bu, qanunla qadağandır.

Tehranda etiraz aksiyaları keçirilib. Əhali milli valyutanın birdən-birə kəskin surətdə aşağı düşməsinə öz narazılığını bildirmək üçün ötən çərşənbə günü küçə və meydanlara çıxıb. Hal-hazırda İran paytaxtında polis patrul nəzarətini həyata keçirir. Mənbənin verdiyi xəbərə əsasən, ərzaq malları xeyli bahalaşdığından ət delikates hesab olunur. İranlılar xarici mallar - ət, dərmanlar və taxıl almaq imkanından məhrumdur.

İranda yaranmış iqtisadi böhranı Brown Brothes Harrimanın inkişaf etməkdə olan ölkələrin valyutası bölməsinin rəhbəri Uin Tin belə dəyərləndirir: "İrana qarşı tətbiq edilmiş sanksiyalar olduqca təsirli olub və ölkədə dollar çatışmazlığı və bunun nəticəsi olaraq dollara kəskin tələbat yaranıb. Sanksiyalara Yaponiya, Koreya və başqa ölkələr qoşulduqdan sonra bu ölkədə vəziyyət olduqca pisləşib və az qala kritik həddə gəlib çatmaqdadır".

İnflyasiya sürətlə getməyə başlayıb. Bir faktı ortaya qoymaq vəziyyət barədə aydın təsəvvür yaradar. Belə ki, təkcə bir gün ərzində, yəni ötən çərşənbə günündən cümə axşamınadək süd məhsullarının qiyməti 9% bahalaşıb. Əhali qiymətlərin yenə də artacağından ehtiyatlanaraq özü üçün ərzaq ehtiyatı tədarük görür. Son bir ildə toyuq əti iki dəfə bahalaşıb.

Sanksiyalar İran iqtisadiyyatını çökdürüb

Ekspertlərin yekdil rəyinə görə, rialın dəyərinin aşağı düşməsi ölkənin başının üstünü alan iqtisadi böhranın əlamətidir. Sanksiyalar İranın neft satışını əngəlləyib, özü də burada nəzərə almaq lazımdır ki, indiyədək məhz neftdən gələn gəlirlər sayəsində bu ölkədə əhalinin yüksək həyat səviyyəsi təmin olunurdu. Özü də neft İran ixracatının 80 %-ni təşkil edir.

Bu ilin yayında Aİ İran neftinin alınmasına qadağa qoydu. Bu vaxtadək İran neftini Avropada Yunanıstan, İtaliya və İspaniya alırdı. Burada İranın neft ehtiyatlarına nəzər salmaq yerinə düşərdi. Belə ki, bu sahədə İran dünyada Səudiyyə Ərəbistanından sonra (265 milyard çəllək) ikinci yeri tutur (140-150 çəllək). Neft istehsalı 2011-ci ildə gündə 4 milyon çəlləkdən bu ilin sentyabr ayında 2,85 milyon çəlləyə düşüb. Halbuki, İranın daxili tələbatı gündə 2 milyon çəllək təşkil edir. Elə bu göstərici İranın necə ağır bir vəziyyətə düşdüyünün bariz göstəricisidir.

Əvvəllər İran neftinin əsas alıcıları Çin (İranın neft satışının 21%-i onun payına düşürdü), Yaponiya, Hindistan və Türkiyə( hər biri 9%) idi. Hələ bu azmış kimi, Avropanın sığorta şirkətlərinə də İran tankerlərini sığortalamaq qadağan edilib. Doğrudur, İran neftini idxal edən Yaponiya kimi bəzi ölkələr İran neftinin nəqlinə dövlət zəmanəti verməyə razılaşıblar, lakin bu amil ixracata o qədər də ciddi yardımçı ola bilmir.

Vəziyyət həm də ona görə rəsmi Tehran üçün faciəli hal alıb ki, artıq dünyanın ən iri bankları da nə İranla, nə də ki, bu ölkənin şirkətləri ilə işləmək istəmir. Bundan savayı, Birləşmiş Ştatlar maliyyə institutlarına İranla maliyyə əməliyyatları aparmağı da qadağan edib. Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən, İranda işsizlik ötən il 11% təşkil edib və əgər sanksiyalar gələcəkdə də qüvvədə qalarsa, iqtisadiyyatda vəziyyət daha da pisləşəcək.

Elxan QASIMOV

Bütün xəbərlər Facebook səhifəmizdə