"Məxməri inqilab"ın yorğunluğu TƏHLİL

Və ya Saakaşvilinin məğlubiyyətində səkkiz səbəb

Gürcüstan prezidenti Mixail Saakaşvilinin tərəfdarlarının ölkədəki parlament seçkisində məğlubiyyəti gözlənilməz sayıla bilər. Təkcə ona görə yox ki, Saakaşvili uzun müddətdir, Gürcüstana rəhbərliyi həyata keçirir və psixoloji anlamda onun uduzması ilk baxışdan düşüncələrə yol tapmır. Çünki ötən müddətdə prezident necə deyərlər, məmləkəti loru desək, öz əyninə biçməyi bacarıb. Bu isə başqa bir məqamdan M.Saakaşvilinin yaxşı dövlət başçısı olmasından irəli gəlir. O, Eduard Şevarnedzedən qalma köhnə məmur nomenklaturasına kökündən zərbə vurmağın, tamamilə yeni Gürcüstan formalaşdırmağın öhdəsindən gələn siyasətçidir. Mixailin qurduğu Gürcüstan üçün rüşvət, korrupsiya, özbaşınalıq, bürokratik süründürməçilik kimi mənfi cəhətlər tamamilə yaddır. Mövcud proseslərin fonunda müxtəlif templi inkişaf meylləri də özünü göstərib. Amma…

Yenə də sual olunur: Saakaşvili nə üçün uduzdu? Maraqlıdır ki, xarici müşahidəçilərdən fərqli olaraq yerli sakinlər prezidentin tərəfdarlarının məğlubiyyətini sensasiya kimi qiymətləndirmədilər. Çünki birincisi, Gürcüstan iqtisadiyyatı Rusiya ilə ticarət dövriyyəsinin qəfil aşağı düşməsindən böhran mərhələsinə qədəm qoyub. Ölkədə maddi durum aşağı olduqda isə vətəndaşlar hakimiyyətə qarşı çıxırlar. Qonşu dövlət də bu baxımdan istisna olmadı.

İkincisi, Saakaşvilidə yorğunluq var. Ölkəyə artıq doqquz ildi, rəhbərlik edir. Prezident demək olar, hər gün üzdədir, söz-söhbətlərin mərkəzindədir. Gürcülərin hətta belə bir zarafatı da var: "Mişa hər toyda gəlin, hər yasda ölü olmaq istəyir".

Hakimiyyətyönümlü telekanallar onun fəaliyyətini həddən artıq işıqlandırırlar. Saakaşvili də ölkənin hər bölgəsində bitmək-tükənmək bilməyən çıxışları ilə ətrafa "alov saçır". İlk baxışdan, bu, yaxşı haldır ki, dövlət başçısı həmişə üzdədir. Amma əks effektlərin də yaranması mümkündür. Gürcülər mahiyyətcə onlara nəyinsə sırınması ehtimalını yaxın qoyan millət deyillər.

Üçüncüsü, ekspertlərin bildirdiklərinə görə, prezidentin islahatları yarımçıq idi və ardıcıl səciyyə daşımırdı. Saakaşvilinin Gürcüstanı bir növ, restavrasiya olunmuş fasada bənzəyirdi. Köhnə küçələr, prospektlər çox az dəyişilmişdi, rəngarənglik yox idi (kütlə psixologiyası baxımından bunlar önəmli məsələlərdir). Son aylar yaşanmış həbsxana qalmaqalı bu rəngi obrazlı desək, başdan ayağa qırmızıya boyadı.

Dördüncü məqam kimi elə birbaşa məlum həbsxana məsələsi üzərində dayanaq. Qalmaqal müxalifət üçün tam lazım olan vaxtda gündəmə gəldi. Məhz bu olay prezidentin əleyhidarlarının həm bir yerə toplaşmalarında, həm də siyasi cəhətdən təmərküzləşmələrində müstəsna rol oynadı. Ola bilər, Gürcüstanın yeni demokratiyasının millət, xalq yönümlü bəşəri dəyər notları üzərində köklənmiş musiqilərinə zaman-zaman qulaq verən sadə gürcü həbsxanadakı vəhşilik görüntülərindən sonra dövlət başçısının simasında ideallarına xəyanət edən birisini gördü.

Beşincisi, Gürcüstan müxalifətində nəhayət, adekvat lider - Bidzina İvanaşvili obrazı formalaşdı. Mütəxəssislərin bildirdiklərinə görə, o, seçki kampaniyasını çox düzgün qurdu və demək olar, səhvsiz başa vurdu. Bir məsələ də var: seçicilər İvanaşvilinin siyasətə özünün şəxsi vəziyyətini yaxşılaşdırmaq üçün gəlmədiyini anlayırdılar. Yeri gəlmişkən, onun var-dövləti Gürcüstanın illik büdcəsini üstələyir.

Altıncısı, M.Saakaşvili həyata keçirdiyi köklü islahatlarla özünə çoxsaylı tərəfdar qazanmaqla yanaşı, eyni sayda əleyhidar da toplamış oldu. Təkcə onu deyək: polisdəki dəyişikliklər nəticəsində ixtisara düşənlərin sayı minlərlə idi. Mövcud sahədə gənc peşəkarlara üstünlük verilməsi özünü yalnız qismən doğruldurdu. Gürcülərin bir çoxunda belə təəssürat formalaşdı ki, islahatların mənbəyi rolunda hakimiyyətə yaxınlaşmış azlıqlar çıxış edirlər. Azlıqlara güvənərək seçkini udmaq isə çox çətindir.

Yeddinci səbəb. M.Saakaşvili vətənpərvərlik üzərindəki monopoliyasını itirdi. Dövlət başçısının hakimiyyət əleyhidarlarının hamısının Kremlin agenti olduqlarına, Gürcüstanın müstəqilliyi ilə alver etmək niyyətinə düşdüklərinə, Cənubi Osetiya və Abxaziyanı güzəştə gedəcəklərinə dair bəyanatları artıq kütləvi auditoriyaya təsir göstərmədi. Amma bu vəziyyətdə hər hansı Rusiya siyasətçisi də illüziyalara qapılmamalıdır. Heç bir gürcü lideri sözügedən sübyektlərin Gürcüstandan ayrılmasına razılığını bildirməyəcək, onların müstəqilliklərini tanımayacaq. Əslində Kremldəki dairələr də belə düşünürlər. Məsələn, Rusiyanın federasiya şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədri, senator Viktor Ozerov deyir ki, Gürcüstanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması siyasi meyitlik olardı. Senatorun qənaətincə, yeni siyasi reallıqların, yəni bu iki bölgənin Gürcüstandan ayrı olmasının dərki üçün ölkədə nəsil dəyişikliyi baş verməlidir.

Gürcüstanın gələcəyi ilə bağlı verilən proqnozlar içərisində onun Qərbyönümlü siyasətində dəyişiklik aparmayacağı və belə desək, Moskvanın orbitinə qayıtmayacağı da irəli sürülür. Bu mənada B.İvanaşvilinin maksimum edə biləcəyi Rusiya ilə münasibətlərdəki tonallığı aradan qaldırmaqdan, Saakaşvilinin hər addımbaşı Kremli əsəbləşdirmək siyasətindən kənar durmaqdan ibarət olacaq. İvanaşvilinin Gürcüstanın şimal qonşusu ilə dialoq mühitini və iqtisadi münasibətləri bərpa etməsi də mümkündür ki, hazırkı dövrdə bunun özü də az iş sayılmamalıdır.

Qeyd edək ki, M.Saakaşvilinin məğlubiyyətinə qlobal müstəvili baxış da mövcuddur. Gürcüstanda 2003-cü ilin oktyabrında hazırkı prezidentin qələbəsi ilə yekunlaşmış "qızılgül inqilabı"nın Qərbin, xüsusən də ABŞ-ın dəstəyi ilə baş tutduğu birmənalıdır. Keçmiş Yuqoslaviyadan, Yaxın və Orta Şərqdəki uğurlardan sonra birdən-birə Qafqaza girişən ABŞ Mişanın məharətli aktyor oyunu nəticəsində bölgədə sanki bir anklav yaratdı. Cənubi Qafqazın mühüm məntəqəsi dönüb sözün həqiqi mənasında amerikanpərəst düşərgəyə çevrildi. O vaxtlar bütövlükdə regionun cəmiyyətlərində ABŞ demokratiyası hələ bakirəliyini itirməmişdi. Saakaşvilinin ustalığı bu məsumluğu sadə vətəndaşların qəlbində möhkəmləndirməkdən və uzun müddət yaşatmaqdan ibarət oldu. Təbii ki, heç də hər şey özbaşına reallaşmadı. Birləşmiş Ştatlar Gürcüstana kifayət qədər maddi vəsait də yatırdı və həmin vəsait məqsədyönlü xərcləndi də.

Amma ABŞ özünün az qala yeni ştatı statusuna yiyələnmiş Gürcüstanı əlində saxlaya bilmədi və dünyada itirilmiş mövqelərinin bərpasına girişən Rusiya tədricən qolunu Gürcüstanda əldən verdiklərinin bərpasına çırmadı. Üstəlik Vaşinqtonun gücünü Yaxın Şərqdəki maraqlarını gerçəkləşdirməyə yönəltməsi ruslar üçün əlavə imkanlar yaratdı. Müşahidəçilər də doğru olaraq bu qənaətə gəlirlər ki, Tbilisi artıq neçə illərdir, regional müstəvidəki Qərbyönümlü mövqeyini Saakaşvilinin fərdi ustalığı, onun cəmiyyətdə Rusiya əleyhinə yaratdığı antipatiya, Vladimir Putinin administrasiyasının zombi simasını yaratmaq təbliğatı hesabına qoruyurdu. Təbii ki, bu, gürcü liderə heç də asan başa gəlmirdi.

M.Saakaşvili çıxışlarının birində bildirmişdi ki, Abxaziya və Cənubi Osetiyanın Gürcüstana qaytarılması müqabilində hakimiyyətdən getməyə hazırdır. Bu, elə-belədən səslənmiş fikir deyildi. Çünki iqtidara yiyələnməsilə Acarıstandakı Aslan Abaşidze mifini dağıtmış, həmin bölgədəki rusmeylli separatçılıq yuvasını məhv etmiş və bununla da xalqın gözündə yüksəlmiş Saakaşvili Abxaziyanı və Cənubi Osetiyanı əldən verməyi özünə bağışlaya bilməzdi. Bəllidir ki, burada Rusiyanın nəhəngliyi öz sözünü demişdi. Amma Gürcüstan prezidentinin siyasi karyerasının qayəsində məhz Kremllə mübarizə motivi dayanırdı. Peşəkar siyasətçi üçün bu mübarizənin uduzulması məqbul qarşılanmamalıdır. O, rəhbərliyi dönəmində ölkədə mərkəzdənqaçma meyllərinin alovlanmasına yol verən prezident kimi tarixə düşmək istəməzdi. Və bütün bunları nəzərə alaraq M.Saakaşvilinin məğlubiyyətində səkkizinci səbəb kimi məhz qlobal amillərin təsirini də göstərmək mümkündür. ABŞ Gürcüstan liderini meydanda bir növ, tək buraxdı. Saakaşvili isə "məxməri inqilab"da qazandığı imici xərcləməklə bitirdi.

168.az-ın Analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə