Cənubi Qafqazın geosiyasi mövqeyi və təhlükəsizlik problemləri ANALİZ

Bzejinskinin "Avrasiyanın Balkanları" kimi dəyərləndirdiyi Cənubi Qafqaz, 20-ci əsrin sonlarından etibarən region və dünya gücü olmaq istəyən dövlətlərin mübarizə meydanı olmuşdur. Qara dəniz və Xəzər dənizi arasında yerləşən bu bölgə cənub-şimal və qərb-şərq enerji və nəqliyyat xətlərinin kəsişməsi və Xəzər hövzəsi enerji mənbələrinə sahib olması baxımından böyük əhəmiyyət kəsb etməkdədir.

Cənubi Qafqaz Asya qitəsində mühüm geosiyasi mövqeyə sahibdir və bu xüsusiyyəti Sovet İttifaqının dağılmasından sonra yeni siyasi, təhlükəsizlik və iqtisadi motivlər ilə zənginləşmişdir. Bölgə təbii coğrafi quruluşuna görə tarixən xalqların və mədəniyyətlərin cənubdan şimala, şərqdən qərbə köç yolu olmuşdur. Bu köçlərin Cənubi Qafqaz xalqlarının siyasi tarixinin formalaşmasında ciddi nəticələri olmuş və dərin izlər buraxmışdır.

Trenin Cənubi Qafqazın şimal imperiyası (Rusiya) və Yaxın Şərqdə müsəlman dövlətlər (Osmanlı imperiyası, İran) arasında tampon bölgə və mübarizə meydanı olduğunu ifadə etmişdir. Bu baxımdan 1990-cı illərdən sonra sadəcə bölgə dövlətləri deyil, qitədən kənar böyük dövlətlər də Cənubi Qafqazda geosiyasi mübarizənin aktyorları olmuşdur.

Bu gün, bölgə ilə əlaqədar aparılan bütün tədqiqatlarda Cənubi Qafqazın yalnızca coğrafi olaraq bir bütünlük göstərdiyi ifadə edilməkdədir. Digər bütün parametrlərə görə (sosial, iqtisadi, siyasi, hərbi, mədəni və təhlükəsizlik anlayışı baxımından) bölgəni fərqli dəyərlər və siyasi-fəlsəfi anlayışlar xarakterizə edir. 1990-cı illərdən etibarən bölgədəki bu fərqli dəyər və fəlsəfələrin ortaq məxrəcə gətirilməsi, bölgə əməkdaşlığının inkişaf etdirilməsi və təhlükəsizliyin təmin edilməsi üçün müxtəlif layihələr hazırlanmışdır.

Cənubi Qafqaz tarixən Osmanlı imperiyası, Rusiya və İran arasında mübarizə meydanı olmuş və bu dövlətlər bölgə üzərində özlərinin mədəni və siyasi izlərini buraxmışdır.

Son 300 illik tarix nəzər salsaq bölgənin bu dövlətlərdən birinin əlində olduğu, Azərbaycan, Ermənistan və Gürcüstanın eyni təhlükəsizlik mexanizmində yer aldıqları üçün təhlükəsizlik problemləri ortaya çıxmamışdır, lakin bölgə hərbi və təhlükəsizlik baxımından ikiyə ayrıldığı zaman ciddi münaqişələr ortaya çıxmışdır.

19-cu əsrin əvvəllərindən etibarən Rusiyanın nəzarətinə keçən Cənubi Qafqazda Rusiya hakimiyyəti 1918-1920-ci illər istisna olmaqla 20-ci əsrin sonlarına qədər (dekabr 1991) davam etmişdir.

1917-ci ildə imzalanan Brest-Litovsk müqaviləsinin şərtlərinə görə, Rusiyanın Cənubi Qafqazdan çıxmasından və Rusiya Dumasının Bolşeviklər tərəfindən buraxılmasından sonra Dumanın Qafqaz təmsilçiləri 23 fevral 1918-ci ildə Qafqaz Komissarlığını qurmuşlar. Ancaq Qafqaz Komissarlığı üzvləri arasında xarici siyasət haqqında ciddi fikir ayrılıqları ortaya çıxmış 22 aprel 1928-ci ildə Qafqaz Müstəqil Federasiya Dövləti qurulmuş, fikir ayrılıqları davam etdiyi üçün 27 may 1918-ci ildə Gürcüstan, 28 mayda isə Azərbaycan və Ermənistan müstəqilliklərini elan etmişdir.

Bölgə dövlətləri 1920-1921-ci illərdə Rusiya tərəfindən işğal edilmiş və 1991-ci ilə qədər Sovet İttifaqının təhlükəsizlik mexanizmində yer almışdır.

Sovet İttifaqının dağılması və bölgədə üç müstəqil dövlətin qurulması Cənubi Qafqazda yeni iqtisadi, hərbi və siyasi tarazlığın formalaşmasına səbəb olmuşdur. Bölgə ölkələri müxtəlif təhlükəsizlik problemləri ilə qarşılaşmış, bölgə və beynəlxalq təhlükəsizlik təşkilatlarına üzv olmağa və əməkdaşlığı genişləndirməyə çalışaraq həll yolları axtarmışdır. Bu mərhələdə Ermənistan xüsusilə iqtisadi və təhlükəsizlik sahəsində Rusiya ilə əməkdaşlığa əhəmiyyət vermişdir.

1980-ci illərin sonlarından başlayaraq bu günə qədər davam edən siyasi, hərbi və etnik zəmində lokal silahlı mübarizələr bölgənin təhlükəsizliyini və gələcək perspektivini ciddi şəkildə təhdid etmişdir. Bu problemlərin həll edilməsi üçün hazırlanan layihələr, böyük dövlətlərin bölgəyə yönəlik həyata keçirmək istədikləri iqtisadi, siyasi və hərbi siyasətləri Cənubi Qafqazda regional və beynəlxalq təhlükəsizliyin əhəmiyyətini artırmışdır. Bu haqda müxtəlif layihələr hazırlansa da, son 20 ildə ortaya çıxan problemlərin heç biri həll edilməmişdir.

1991-ci ildən sonra bölgədə iki təhlükəsizlik təşkilatı hegemon güc olmaq uğrunda mübarizəyə başlamışdır. Birincisi, Rusiyanın liderliyində Müstəqil Dövlətlər Birliyi (MDB) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), ikincisi isə ABŞ liderliyində NATO. Regionun təhlükəsizliyinin təmin edilməsi üçün planlanan təhlükəsizlik mexanizmləri bu və yaxud digər şəkildə Azərbaycan, Ermənistan və Gürcüstanı əhatə etməkdədir.

Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin təmin edilə bilməməsindəki ən əhəmiyyətli səbəblərdən biri də, sadəcə bölgə dövlətlərinin deyil, böyük dövlətlərin özlərinə məxsus iqtisadi, hərbi və siyasi mənfəətlərinin təmin edilməsi istiqamətində təhlükəsizlik mexanizmləri qurmağa təşəbbüs göstərməlidir. Belə ki, Rusiya, ABŞ və Avropa İttifaqı (Aİ) bölgədə öz mənfəətlərinə uyğun gördükləri təhlükəsizlik sistemini qurmağa çalışırlar.

Gürcüstan açıq bir şəkildə NATO təhlükəsizlik sistemi ilə inteqrasiyaya, Azərbaycan NATO ilə münasibətlərini möhkəmləndirməyə və genişləndirməyə çalışsa da, Rusiyaya olan münasibətdə daha tarazlı siyasət həyata keçirməyə cəhd edir, Ermənistan isə birmənalı şəkildə Rusiyanın liderliyində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təhlükəsizlik sisteminə daxil olmuşdur. Ermənistan bununla belə, NATO ilə də münasibətlərini inkişaf etdirmək istəməkdədir.

Bölgə təhlükəsizliyinin təmin edilməsi üçün arayışlar davam edərkən, Azərbaycan və Gürcüstan bölgə və beynəlxalq sistem ilə siyasi və iqtisadi münasibətlərini daha da genişləndirməyə çalışır, Ermənistan isə siyasi və iqtisadi siyasətində Rusiyaya üstünlük verərək bu prosesdən kənarda qalır.

Bölgədəki etnik münaqişələr, təhlükəsizlik problemləri və əməkdaşlıq imkanları dəyərləndirilirkən, bölgədə sülhün və əməkdaşlığın təmini üçün məsələyə bir-biri ilə əlaqədar olan üç ayrı paradiqmadan baxmaq mümkündür.

-bölgə problemlərini həll etmək, təhlükəsizlik sistemini qurmaq, əməkdaşlıq və bütünləşməni sürətləndirmək,

-cəmiyyətin şüurunda əməkdaşlıq dəyərlərinin yerləşməsinə, qarşılıqlı inam və etibarın yaranmasına, qorunmasına və inkişaf etdirilməsinə çalışmaq,

-bölgə və beynəlxalq güclərin bölgəyə yönəlik mənfəətlərini uyğunlaşdırmaq və qloballaşan dünyada Cənubi Qafqazın yerini və rolunu təyin etmək.

Ancaq bölgə problemlərinə bu tərzdə bir yanaşma özlüyündə həll yolu ola bilməz. Bu cür yanaşmanın bölgə dövlətləri və xalqları tərəfindən qəbul edilmədiyi, Rusiya, ABŞ və Avropa dövlətləri tərəfindən maddi və siyasi olaraq dəstəklənmədiyi təqdirdə həyata keçirilməsi olduqca problemli bir məsələdir. Burada əsas məsələ bölgə dövlətlərinin yaşadıqları problemləri soyuqqanlı şəkildə dəyərləndirməmələri və Cənubi Qafqazı bir bütün olaraq görməmələridir. Digər bir səbəb isə, böyük dövlətlərin bölgə siyasətində fərqli iqtisadi, siyasi, hərbi və mədəni dəyərlərin həyata keçirilməsidir.

Son iyirmi ildir ki, bölgədə yuxarıda ifadə edilən problemlər hələ də davam edir; beynəlxalq və bölgə təşkilatlarının, bölgə və bölgədən kənar dövlətlərin həyata keçirməyə çalışdıqları sülh layihələrinin heç biri müvəffəqiyyətlə nəticələnməmiş, əksinə, problemlər daha da ciddiləşmişdir. Problemlərin xarakteri, bölgə və bölgədən kənar dövlətlərin fərqli yanaşmaları və fərqli həll modelləri təklif etmələri, bölgə dövlətləri arasında qarşılıqlı inam və etibarın, güzəştlərin olmaması Cənubi Qafqazdakı problemlərin daha uzun müddət davam edəcəyini göstərməkdədir.

Dr. Hatəm Cabbarlı,

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə