"Beşinci kolon" - Satqınlardan ibarət qruplar - TƏHLİL

Ölkəmizin uğurları fonunda "beşinci kolon"un meydanı daralıb



Vüqar Rəhimzadə,

"İki sahil" qəzetinin baş redaktoru


Azərbaycanı antidemokratik ölkə kimi təqdim etmək erməni lobbisinin çirkin əməllərindən qaynaqlanır


20 illik müstəqillik tarixinə malik olan Azərbaycan biri-birindən əhəmiyyətli uğurları ilə dünyanın diqqət mərkəzindədir. Bu uğurları şərtləndirən əsas amil aparılan düzgün siyasət və onun xalq tərəfindən dəstəklənməsidir. Ölkəmizdə həyata keçirilən siyasətin alternativsizliyinin beynəlxalq səviyyədə də təsdiqlənməsi dinamik inkişafın davamlı olmasının məntiqi ifadəsidir.


Lakin bir məqamı da qeyd etməliyik ki, uğurlarımız heç də bütün qüvvələr tərəfindən sevinclə qarşılanmır. Dünyada Azərbaycanın uğurlarını qısqanan bəzi bədnam dairələr də var. Azərbaycanın reallıqlarını danmaq, antidemokratik ölkə kimi dünyaya təqdim etmək cəhdləri ilk növbədə erməni lobbisinin çirkin əməllərindən qaynaqlanır. Bu gün dünyanın diqqətinin Azərbaycana yönəldiyi bir zamanda ermənilərin və ermənipərəst qüvvələrin bunu adi qarşılamaması başa düşüləndir. Riyakar əməllərə adətkar olan ermənilər öz riyakarlıqlarını növbəti dəfə "Eurovision-2012" mahnı yarışmasında iştirakdan imtina etməklə büruzə verdilər. Sonra bu qüvvələrin maliyyəsi ilə dərc olunan bəzi xarici mətbu orqanlarında Azərbaycanın əleyhinə yazılar yer almağa başladı. Bu proseslər ölkə ictimaiyyəti tərəfindən o qədər də təəccüblə qarşılanmadı. Bu baxımdan ki, əsassız torpaq iddiası nəticəsində 20 faiz ərazimizi işğal edən, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətində yaşamasına səbəb olan ermənilərin təbliğatı hər zaman yalan üzərində qurulub. Azərbaycan dövlətinin uğurlu siyasəti nəticəsində bu iftiralar ifşa olunur, ermənilərin iç üzləri dünyaya açıqlanır.


Daxili bədxahları ermənilər və ermənipərəst dairələrlə işbirliyinə nə sövq edir?


Təəssüf doğuran hal daxili bədxahların ermənilərə dəstək olması, ölkəmizin imicinə zərbə vurmaq üçün onlarla birgə dəridən-nabıqdan çıxmazdılar. Hər iki tərəf bu əməkdaşlığa öz marağından yanaşır. Ölkə ictimaiyyəti dəfələrlə dağıdıcı müxalifətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən sui-istifadə etdiyinin, öz maraqlarının təmin olunması üçün milli maraqlarımıza zidd təkliflər irəli sürdüyünün, müxtəlif vaxtlarda erməni lobbisi ilə işbirliyində olan xarici dairələrlə yaxından təmas qurduğunun şahidi olub. Təsadüfi deyil ki, erməni lobbisinin maraqlarına xidmət edən xarici təşkilatlar, siyasətçilər və ekspertlər Müsavat və AXCP-nin istinad nöqtəsinə çevriliblər. Onların dövlətimizə qarşı irəli sürdüyü iddialar dağıdıcı müxalifət mətbuatı tərəfindən gen-bol işıqlandırılır.


Vaxtilə erməni mətbuatında da bu fikir geniş şərh olundu ki, AXCP sədri Əli Kərimli ermənipərəst dairələr qarşısında milli maraqlarımıza zidd öhdəlik götürüb. Bu öhdəlik ondan ibarətdir ki, hakimiyyətə gələcəkləri təqdirdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəli sürülən istənilən milli mənafeyə zidd təklifə hazırdırlar. Bu məlumat ölkə ictimaiyyətini heç də təəccübləndirmədi. O baxımdan ki, bütün fəaliyyətləri boyu milli maraqları arxa plana keçirən AXCP və Müsavat rəhbərləri öz şəxsi maraqları naminə ən çirkin yollara əl atmış, xəyanətkarcasına ermənilərlə işbirliyindən belə utanmamış, əksinə imkan düşdükcə işğalçı Ermənistanı yox, Azərbaycan dövlətini təqsirli bilərək, xarici himayədarlarına xoş gəlmək istəklərini ortaya qoymuşlar. Bu "liderlərin" inhisarında olan mətbu orqanlarda Azərbaycan ordusunun zəif olması barədə dərc olunan yazılar da onların düşmən dəyirmanına su tökmələrindən irəli gəlir. Çünki Ermənistan rəsmiləri Azərbaycan dövlətinin sərt bəyanatlarından narahatlıqlarını gizlətmək üçün hər dəfə bu sərsəm bəyanatla çıxış edirlər ki, münaqişənin həllində müharibə variantına üstünlük verilərsə, uduzan Azərbaycan tərəfi olacaq. Guya Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrindən zəifdir. Daxili bədxahlarımız da onların bu xülyalarını gerçəklik kimi qəbul edərək, əks təbliğat maşınlarını işə salmaqla özlərinin çirkin niyyətlərini büruzə verirlər. Əli Kərimlinin, Müsavat başqanının və digər dağıdıcıların vətənə xəyanət yolu tutduqlarını təsdiqləyən onlarla, yüzlərlə belə faktlar sadalamaq olar.


Almaniyanın Potsdam şəhərində Azərbaycan, Ermənistan və Gürcüstanın siyasi partiyaları arasında birgə bəyannamənin imzalanması, sənədə Müsavat Partiyasının sədri İsa Qəmbər, Erməni Ümummilli Hərəkatının sədri Aram Manukyan və Gürcüstan Respublikaçı Partiyasının sədri David Usupaşvilinin imza atması da məlum olaylardandır. Bəyannamənin mətni tam açıqlanmasa da Müsavatdakı məlumatlı mənbələr sənəddə Dağlıq Qarabağ münaqişəsi və ümumiyyətlə, Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı Azərbaycanın maraqlarına zidd digər məsələlərin də öz əksini tapdığını açıqlayıblar.


Dağlıq Qarabağ probleminin həlli bu dağıdıcıları zərrə qədər də düşündürmür.


"Beşinci kolon" - Satqınlardan ibarət qruplar


Müxalif düşərgənin dağıdıcı qütbünün təmsilçiləri "beşinci kolon" missiyasını yerinə yetirənlərdir. "Beşinci kolon" satqınlardan ibarət qruplardır. Zaman insanlara və onların fəaliyyətinə dəyər vermək baxımından yaddaşdır.


Bir illik hakimiyyətləri dövründə ölkəni bərbad vəziyyətə salan, səriştəsizlikləri və dövlətçilik sahəsində naşılıqları ilə Azərbaycanı vətəndaş müharibəsi, bölünərək məhv olmaq təhlükəsi qarşısında qoyanlar bu gün utanmadan ədalətdən, vətənə sədaqətdən, xalqa yaxın olmaqdan, insan hüquqlarından danışırlar. Vaxtilə insanları aclıq və səfalətə sürükləyən, zülm edən AXC-Müsavat hakimiyyəti və onların əsas simaları olan Əli Kərimli, İsa


Qəmbər və digərləri hələ o illərdə ictimaiyyət tərəfindən boykot edilərək hakimiyyətdən uzaqlaşdırıldıqlarını deyəsən unudublar. Gəncə hadisələri baş verərkən bir qrup silahlının qarşısında acizliklərini istefalar verməklə bildirənlər bu gün "güclü birlik" və "həmrəyliklərindən" danışırlar. Unudurlar ki, yaxın keçmişimizdə baş verən xəyanətlərin səbəbkarları kimi onlar çoxdan siyasət meydanından siliniblər.


"Beşinci kolon"un üzvləri ölkəmizdə guya insan hüquqlarının pozulmasından danışırlar. Niyə bu qüvvələri bir dəfə də olsun ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, bir milyondan artıq soydaşımızın pozulmuş hüquqları düşündürmür? Mütəmadi olaraq beynəlxalq təşkilatlarda, ayrı-ayrı dövlətlərdə Azərbaycanla bağlı dinləmələr təşkil olunur. Bu tədbirlərə qatılan dağıdıcı müxalifət təmsilçiləri bir dəfə də olsun Dağlıq Qarabağ problemini dilə gətirmirlər. Yeganə məqsədləri iqtidarın gördüyü işlərə kölgə salmaq, özlərinin çirkin niyyətlərini həyata keçirməkdir. Dağıdıcıların "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində icazəsiz aksiyalara üstünlük verib, ölkənin imicinə xələl gətirəcək şüarlar səsləndirmələri də bu niyyətlərindən qaynaqlanır. Amma xalq hər zaman olduğu kimi, bu gün də onlara "yox" deyir.


Bu gün hər bir Azərbaycan vətəndaşı kimin kim olduğunu, hansı məqsədə xidmət göstərdiyini ayırd etməyi yaxşı bacarır. "Beşinci kolon"un ictimai fikri özlərinin reallıqdan uzaq, utopiya olan ideyaları ilə korlamağına ehtiyac yoxdur. Reallıqdır ki, bu qüvvələr sivil mübarizədə maraqlı deyil, yeganə çıxış yolunu hakimiyyətə qarşı çirkin kampaniya aparmaqla öz iddialarını reallaşdırmağa cəhd etməkdə görürlər. Belə olmasaydı, dağıdıcı müxalifət liderləri və onların tabeliyində olan mətbu orqanlar Azərbaycanın uğurlarına qara eynəkdən baxmaz, ictimai fikri çaşdırmaq üçün ən çirkin yollara əl atmazdılar. Dünya dövlətləri Azərbaycanda söz azadlığının, insan hüquqlarının kobud şəkildə pozulduğunu iddia edən, müxtəlif beynəlxalq təşkilatlara və ölkələrə yalan və böhtan dolu məlumatlar ötürən dağıdıcı müxalifətin əsl simasını görür, onların siyasi səhnədən uzaqlaşmalarının zəruriliyini bildirirlər. Bu gün onlara dəstək verən yalnız və yalnız ermənilər və ermənipərəst dairələrdir.


Dağıdıcıların mətbu orqanları ermənilər üçün ideoloji mənbədir


Bu gün həm ölkə, həm də dünya ictimaiyyətinin diqqət mərkəzində olan əsas məsələlərdən biri "Eurovision-2012" mahnı yarışmasıdır. "Beşinci kolon"nun üzvlərinin inhisarında olan mətbu orqanlarda "Eurovision-2012" mahnı yarışması ilə bağlı dərc olunan qərəzli yazıların erməni mətbuatında xüsusi yer alması diqqətdən kənarda qalmadı. Hadisələr göstərir ki, AXCP sədri Əli Kərimlinin ermənilərlə mövqeləri daha çox üst-üstə düşür. Bu illərdən bəri mövcud olan və real faktlarla təsdiqlənən AXCP-nin ermənilərlə işbirliyinin davamlı olduğunun göstəricisidir. "Azadlıq" qəzeti ermənilər üçün ideoloji mənbədir. Əli kərimlilərin Azərbaycan əleyhinə çirkin təbliğatı təkcə erməniləri


məlumatlandırmaqla bitmir. Türkiyənin "Oda TV" kanalına verdiyi müsahibəsində ölkəmiz əleyhinə cəfəngiyatlarını həqiqət kimi qələmə verməyə çalışan Ə.Kərimli "Reqnum" agentliyinə açıqlamasında da ölkəmizdə aparılan quruculuq işlərinə qısqanclıqla yanaşaraq Azərbaycanın dinamik inkişafını təhrif yolunu tutdu, ictimai fikirdə qazandığı xəyanətkar, satqın imicini daha da möhkəmləndirdi.


Demokratik cəmiyyətdə yaşayırıq. Hər bir kəs öz fikrini azad ifadə etmək imkanına malikdir. Lakin demokratik şəraitdən sui-istifadə edib hər bir hadisəyə bəzilərinin öz marağı baxımından yanaşması qəbulolunmazdır. Elə məsələlər var ki, orada fərdi yanaşmanı ümumi fikir kimi ortaya qoymaq bəzi problemlər yarada bilər. Azərbaycan dövlətinin uğurlu siyasəti, Azərbaycanın hər bir sahədə qazandığı uğurlar beynəlxalq səviyyədə təqdir olunduğu halda, daxili bədxahlarımız öz çirkin niyyətlərini həyata keçirmək üçün inkar yolunu tutmaqla ictimai fikri çaşdırmağa çalışırlar. Dağıdıcı müxalifət "lider"ləri obyektivliyi fəaliyyətlərinin əsas prinsipinə çevirən, Azərbaycanda inkişafı, tərəqqini heç bir inkara yol vermədən hesabatlarında əks etdirən beynəlxalq təşkilatların açıqlamalarını hakimiyyətə yaxınlıqdan yaranan qeyri-obyektivlik kimi dəyərləndirir, amma ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirən hər hansı bir qurumun, qeyri-hökumət təşkilatının əsassız fikirlərini həqiqət kimi qəbul edərək ətrafında uzun-uzadı müzakirələr aparırlar.


Azərbaycanda aparılan demokratik islahatlar, qazanılan uğurlar göz qabağındadır. Ötən illərdə ölkəmizin demokratik inkişaf yolunda atdığı addımlar təqdir olunur. Ölkədə müstəqil mətbuatın inkişafı istiqamətində görülən işlər, insan hüquqlarının yeni müdafiə mexanizmlərinin yaradılması, seçkilərin demokratikliyini, şəffaflığını təmin edən tədbirlərin həyata keçirilməsi günün reallıqlarıdır. Bu gün Azərbaycan demokratiyası digər ölkələrə nümunə göstərilir. Bunları görməmək yalnız fərdi maraqlardan yaranan addım ola bilər ki, bunu da ümumi fikir kimi qeyd etmək ən azı riyakarlıqdır.


Məxfi görüşlərin "gizli" öhdəlikləri


AXCP və Müsavatın "super-partiyada" birləşməsi ideyasının yenidən gündəmə gətirilməsi tarixi vərəqləməyə zərurət yaratdı. Daim bir-birlərinin ünvanına ittihamları yağış kimi yağdıran, siyasi səhnədən uzaqlaşdırmaq üçün müxtəlif yollara əl atan rəqib "dostlar"ın hansı məqamlarda yandırılmış körpüləri "bərpa etmək" adı altında "birləşmək" istəklərini ortaya qoyduqları, bu "ideya"nın müəllifliyinin kimlərə məxsusluğu yaxşı məlumdur. Xarici himayədarların bu "birliyin" "qəhrəmanları" kimi ancaq Müsavat və AXCP-ni seçmələri diqqətdən kənarda qalmamaqla yanaşı, gizli məqamların mövcudluğuna da aydınlıq gətirir. O baxımdan ki, bu və ya digər ölkələrin, təşkilatların, Azərbaycanda fəaliyyət göstərən bəzi səfirliklərin, nümayəndəliklərin təmsilçiləri də siyasi partiyaların funksionerləri ilə görüş keçirmək barədə düşünəndə ilk olaraq AXCP və Müsavat partiyasının rəhbərliyini seçirlər. Bu seçimi şərtləndirən amillər ictimaiyyətə bəlli


olduğu halda, dağıdıcılar hər zaman ənənələrinə sadiqlik nümayiş etdirərək bunun təsadüfi xarakter daşıdığını bildirir, bununla da qeyri-ciddi fikirlərini həqiqət kimi qəbul etdirdiklərini düşünürlər. Təbii ki, bu düşüncəyə malik olanlar milli mənsubiyyət hisslərindən uzaq olmaqla siyasi savadsızlıqlarını, riyakarlıqlarını da göstərirlər. Bu gün Azərbaycanın uğurlarını qısqanclıqla qarşılayan bəzi xarici dairələrin ölkəmizin imicinə zərbə vurmaq üçün cızdıqları ssenarilərin icrasında "dağıdıcı müxalifət" imicini qazanan bu partiyalardan vasitə kimi istifadə etmələri onların bu günədək hansı yolu tutmalarından irəli gəlir.


Azərbaycan demokratik ölkədir. Demokratiyanın vacib amillərindən biri kimi siyasi partiyaların, ictimai birliklərin fəaliyyətinə normal şəraitin yaradılması dövlətimizin siyasətində əsas istiqamətlərdəndir. Ölkəmizdə 40-dan artıq siyasi partiya qeydiyyatdan keçib. Nə üçün diplomatik korpus nümayəndələri ehtiyac duyduqda digər siyasi partiyalarla danışıqlara önəm verməyərək məhz AXCP və Müsavatla görüşlərə üstünlük verirlər? AXCP sədri Əli Kərimlinin tez-tez Almaniyanın ölkəmizdəki səfiri Herbert Kvelle ilə görüşü də bu seçimin haradan qaynaqlandığına işıq saldı. Lakin dağıdıcılar ictimai diqqəti yayındırmaq üçün müxtəlif yollara əl ataraq, bunun adi bir görüş olduğunu bildirdilər. Bu olaydan sonra Almaniyanın xarici işlər nazirinin ölkəmizə səfəri zamanı fürsət tapıb AXCP və Müsavat başçıları, eyni zamanda erməni müdafiəçisi kimi tanınan Leyla Yunusla görüşməsi bu reallığı bir daha təsdiqlədi ki, Ə.Kərimlinin tez-tez Almaniya səfirliyində görünməsi adi bir görüş deyil.


Bu gün "sülh" və "demokratiya" adı altında öz mənfur niyyətlərini həyata keçirməyə cəhd edən Leyla Yunusun isə danışmağa ümumiyyətlə haqqı yoxdur. Sözsüz ki, onun qaranlıq fəaliyyəti hər kəsə məlumdur. Azərbaycan vətəndaşı olduğu halda hələ də ana dilimizdə normal danışa bilməyən, nitqində daha çox erməni budaq cümlələri müşahidə olunan bu insan Vətəninə olan qərəzi, ermənilərə qarşı sevgisini heç zaman gizlədə bilmir. Erməni müdafiəçisi imicini qazanan L.Yunus kimilərinin ölkəmizdə insan hüquqlarının qorunması sahəsində görülən işlərin əhəmiyyətini azaltmaq üçün tez-tez "siyasi məhbus" məsələsini gündəmə gətirmələri beynəlxalq qurumlar, xüsusilə demokratik prinsiplərin inkişafı ilə məşğul olan Avropa Şurası rəhbərliyi tərəfindən narazılıqla qarşılanır, bu məsələnin Azərbaycan üçün çoxdan qapandığı bildirilir.


Əlləri xarici himayədarlarının cibində olub, onların çaldığı hava ilə oynayan dağıdıcı müxalifət dairələrinin xalqdan dəstək gözləməsi absurddur


Dağıdıcılığı, inkarçılığı fəaliyyətlərinin əsas istiqaməti kimi qəbul edən aqressiv müxalifət partiyalarının maliyyəsinin haradan qaynaqlandığı məlumdur. Müsavat qərargahında ötən ay keçirilən görüşdə Almaniyanın ölkəmizdəki səfiri Herbert Kvelle şəxsi maraqlarının quluna çevrilən, bu səbəbdən də düşmənlə belə işbirliyində olmaqdan çəkinməyən dağıdıcılara "özəl tapşırıqlarını" çatdırmışdı. İctimai Palata ilə Rəsul Quliyevin sədri olduğu Açıq Cəmiyyət


Partiyasını barışdırmaq təklifini irəli sürən Kvelle Əli Kərimli - İsa Qəmbər - Rəsul Quliyev "birliyi"nin yaradılmasını arzu etmişdi. Bu adamların qaranlıq keçmişləri hamıya bəllidir. Səfiri bu arzu ilə yaşamağa nə sövq edir? Artıq geniş təhlilə ehtiyac görmürük. "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində və eyni zamanda yarışma keçirildiyi günlərdə Azərbaycanın imicinə zərbə vurmaq yolunu tutan bütün qüvvələr sanki bir-birləri arasında "dostluq körpüsü" yaradıblar. Bu körpünün yaradılmasında daxili bədxahlarımızın xüsusi canfəşanlıq göstərməsi ikrah doğurur.


Əgər söhbət siyasi partiyaların nümayəndələri ilə görüşdən gedirsə, nə üçün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının təmsilçiləri həmin görüşlərə dəvət olunmurlar? Müxalifət partiyalarından söhbət gedirsə, məgər bu düşərgə yalnız AXCP və Müsavatdan ibarətdirmi?


İctimai Palata aksiyalar keçirir. Bəzi düşərgə mənsublarının da etiraf etdiyi kimi sosial baza baxımından həmişə problemli olan müxaliflər nə qədər çalışsalar da insanları boş vədlərlə aldadıb arxalarınca apara bilmirlər. Ermənilərlə işbirliyində təsdiqlənən, keçmiş silahdaşlarının belə arxa çevirdiyi, İctimai Palataya rəhbərlik edən "islahatçı" sədrlə başqan düşərgədə nüfuzlarını itirmiş "siyasətçilər"dir.


Mitinqlərə toplaşanların sayının azlığını nəzərə alaraq aksiyanın "ictimai rəyə təsiri" barədə danışmağa ehtiyac duymuruq. Hər bir hadisənin səbəbi, onun nəticə və əhəmiyyəti ictimai rəylə ölçüldüyü üçün İctimai Palata mənsublarını narahat edən bu mənzərəni ictimaiyyətin düşərgə mənsublarına etiraz mesajı da adlandırmaq olar. Bir daha bəlli oldu ki, cəmiyyətdə nüfuzu olmayan, xalqa xəyanət yolunu seçən dağıdıcıların yeri arxivlərin küncləridir.


Aksiyalarda diqqət çəkən məqamlardan biri də əcnəbi dillərdə şüarların çoxluq təşkil etməsidir. Aksiyaların daha çox xarici auditoriya üçün nəzərdə tutulduğu açıq-aydın hiss olunur. İctimai Palata Koordinasiya Şurası xarici dillərdəki transparantların mövcudluğunu guya beynəlxalq təşkilatların diqqətini cəlb etmək üçün yazıldığını bildirsə də məqsəd tamam başqadır. Bəllidir ki, ölkə müxalifəti Azərbaycanın müstəqilliyini, ölkənin sürətli inkişafını istəməyən, dünya birliyində möhkəmlənən mövqeyinə qısqanclıqla yanaşan xarici havadarlarından aldıqları qrantlardan məhrum olmamaq üçün belə aksiyalar keçirir, bununla da ictimaiyyətə təsir imkanlarının tükənmədiyi görüntüsünü yaratmağa çalışırlar. Milli mənafe və təəssübdən kənar olan dağıdıcı müxaliflər ağalarının etimadını doğrultmaq üçün şüarlarını da havadarlarının dilində yazmağı özlərinə borc, sədaqət rəmzi hesab edirlər.


Yazılarımızda müxalifət "birinciləri"nin xarici himayədarlarının tapşırıqlarını lazımi səviyyədə yerinə yetirmədiklərinə görə onların tənqidinə tuş gəlmələrindən bəhs etmişik. Hətta bu şərt də dağıdıcı müxalifət təmsilçlilərinin qarşısına qoyulub ki, növbəti aksiyalarda cızılan ssenariləri, verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirməsələr onlara ayrılan maliyyə vəsaiti dayandırılacaq. Bu tapşırıq nədən ibarətdir? Şəhərin mərkəzi meydanlarında aksiya keçirmək, əhaliyə ciddi xəsarət yetirmək, polis-xalq qarşıdurması görüntüsü yaratmaq, bu

görüntülərin çəkilişini apararaq beynəlxaq təşkilatlara, dövlətlərə göndərmək ki, guya, Azərbaycanda demokratik inkişafdan danışmaq qeyri-mümkündür.


Bu gün AXCP və Müsavat partiyalarının apardığı qərəzli təbliğat bir daha ermənilərə və ermənipərəst qüvvələrə xidmət etməklə yanaşı, xarici qrantlardan bəhrələnmək gerçəkliyini təsdiqləyir. Zaman keçəcək, bu beş-üç nəfər Azərbaycana qənim kəsilən antiazərbaycan qüvvələrin əlində alət olduqlarını anlayacaqlar. Onda hər şey gec olacaq...


Xalqa xəyanət yolunu seçən dağıdıcıların yeri arxiv küncləridir


Müxalifəti və onlara havadarlıq edən dairələri bu gün narahat edən məsələ sosial bazanın və nüfuzun yoxluğudur. Bu səbəbdən dağıdıcılar birləşməyə, şəhərin mərkəzi meydanlarında aksiya keçirməyə can atırlar. İki yox, bütün müxalifət partiyaları bir araya gəlib birləşsələr də onların gücü, sosial dayağı ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən, cəmiyyətin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının bir ilk təşkilatının üzvləri qədər də deyil. Ona görə də bu "birləşmələr" ictimaiyyətdə heç də maraqla qarşılanmır. Bu kimi birliklər dağıdıcı müxalif düşərgədə xeyli sayda yaradılıb. Amma onların hamısı arxivin künclərindədir.


Almaniyalı deputat və ya qeyri-peşəkar ssenarist


Hüquqi dövlət quruculuğunda qeyri-hökumət təşkilatlarının roluna xüsusi önəm verən dövlətimiz bu sektorun inkişafı istiqamətində də davamlı addımlar atır. Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyasının hazırlanması, bu sənədə uyğun olaraq Dövlət Dəstəyi Şurasının yaradılması da deyilənlərin təsdiqidir. Bir məqamı da qeyd edək ki, 2005-ci ildə imzalanan seçki sisteminin təkmilləşdirilməsi haqqında sərəncamda qeyri-hökumət təşkilatlarının seçki proseslərini izləmələrinə qoyulan qadağa aradan qaldırıldı və bu, beynəlxalq birlik tərəfindən demokratiyanın inkişafına xidmət edən addım kimi dəyərləndirildi. Səsvermə prosesində "exit-poll"un tətbiqi, veb-kameraların quraşdırılması şəffaflıq və obyektivliyin təminatı baxımından əhəmiyyətli olmaqla Azərbaycanda inkişaf etdirilən demokrtiyanın əsas prinsiplərinə sadiqlik kimi nümunə göstərilir. Ulu öndər Heydər Əliyev bu fikri də önə çəkirdi ki, nə qədər siyasi partiya, ictimai birlik olur-olsun onlar qanunlar, sırf demokratiya prinsipləri çərçivəsində fəaliyyət göstərməli, bir məqsədə - Azərbaycanın müstəqilliyinin qorunmasına, ərazi bütövlüyümüzün təmin edilməsi işinə xidmət etməlidirlər. Bu maddə "Siyasi partiyalar haqqında" qanunda da öz əksini tapıb ki, siyasi partiyaların əsas vəzifəsi Konstitusiyaya, qanunlara, digər hüquqi aktlara və öz nizamnaməsinə riayət etməkdir. Dağıdıcı müxalifət imicini qazanan partiyalar və onlara dəstək olan hüquq müdafiəçiləri isə ölkəmizdə guya insan hüquqlarının kobud şəkildə pozulmasını iddia edir, beynəlxalq təşkilatlara qərəzli müraciətlər ünvanlayırlar.


Bu günlərdə Bakıda "Demokratiya üçün oxu" kampaniyası çərçivəsində keçirilən tədbirlər başa çatdı. Nəticədə bir çox qaranlıq məqamlara aydınlıq gətirildi. Əslində bunu tədbir yox, qurulmuş bir şou adlandırsaq daha düzgün olardı. Hərçənd ki, bu şou alınmadı. Onların arzuları ürəklərində qaldı. Bədxahlara bir çox iştirakçılar tərəfindən tutarlı cavablar verildi və onlar pis vəziyyətdə qalaraq qərəzçiliklərini bir daha büruzə verdilər. Aydın görünürdü ki, bu tədbiri təşkil edənlər onu antiazərbaycan qüvvələrin, ermənilərin və ermənipərəst təşkilatların maliyyəsi ilə reallaşdırıblar. Təşkilatçıların çıxışları, davranışları bunu deməyə əsas verir: Azərbaycana qarşı qərəz, böhtan, aparılan antiazərbaycan təbliğatı.


Almaniya Parlamentinin Yaşıllar Partiyasının üzvü Volker Bekin çıxışı bir daha bu faktı təsdiqlədi ki, bu öncədən hazırlanmış ssenaridir, eyni zamanda ermənilərin müdafiəsinə xidmət edir. Volker Bekin ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə və münaqişə nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın pozulmuş hüquqlarına biganə yanaşması diqqətdən kənarda qala bilməzdi. Azərbaycana böhtan atan belə birisinin çıxışı zamanı təşkilatçıların – sapı özümüzdən olan baltaların - necə də xoşhal olduqları aydın hiss olunurdu. Almaniyalı deputatın ermənilərin müdafiəsinə xidmət edən bu çıxışı dağıdıcı müxalifət partiyalarından və bəzi "hüquq müdafiəçiləri"ndən gələn dəstək onların milli mənsubiyyət hisslərindən uzaq olduqlarını bir daha təsdiqlədi. Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər bir kəs özü seçir. Seçimdə yanlışlığın hansı problemləri yaratdığını "beşinci kolon"un üzvlərinin bugünkü durumundan aydın görmək olar. Şəxsi maraqlarının quluna çevrilən bu qüvvələr xarici antiazərbaycan dairələrin hazırladığı ssenarilərin əsas oyunçusu olmaqla daim özlərinə qarşı mənfi rəyi birə on qat artırır, rüsvayçı vəziyyətə düşürlər.


Siyasət praktik işlərdir


Azərbaycanın inkişafının hansı səviyyədə olduğunu görmək və düzgün dəyərləndirmək üçün müstəqilliyimizin ilk illərindəki durumu bu günün reallıqları ilə müqayisə etməyə böyük zərurət yaranır: xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran 1991-1993-cü illərin əsas xarakteristikası idi. Bu gün Azərbaycan dünyada sabitlik diyarı, dinamik iqtisadi inkişafa malik, demokratik ölkə, etibarlı tərəfdaş kimi tanınır. Bu gerçəklikləri inkar etmək qeyri-mümkündür.


Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Bugünkü uğurlarımız gələcək barədə aydın təsəvvür yaradır. Bunları görməmək siyasi korluqdan, düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...