Boris Conson Kraliçadan icazə aldı

Böyük Britaniya kraliçası II Elizabet yeni hakimiyyəti formalaşdırmaq üçün Boris Consona icazə verib. SİA Britaniya mətbuatına istinadla xəbər verir ki, Boris Conson parlament seçkilərində qalib gələn partiyanın lideri kimi Buckingham sarayını ziyarət edib. Burada seçki qalibinin Nazirlər Kabinetinə rəhbərlik etmək üçün monarxın icazəsini aldığı formal mərasimdən söhbət gedir.

Boris Consonun kraliça ilə görüşü təxminən 30 dəqiqə davam edib. Bundan sonra Baş Nazir rəsmi iqamətgahına qayıdıb.

Dünən keçirilən növbədənkənar seçkilərin nəticələrinə əsasən, Mühafizəkarlar Partiyası İcmalar Palatasında mütləq çoxluğa nail olub. Bu, Boris Consona Brexit prosesini maneəsiz başa çatdırmaq imkanı verəcək.

Son məlumata əsasən, Mühafizəkarlar Partiyası parlamentin 650 yerlik aşağı palatasında 364, leyboristlər 203, Şotlandiya Milli Partiyası 48, Liberal-demokratlar isə 11 yerə sahib olub. Parlamentdə çoxluq əldə etmək üçün mühafizəkarlara 326 yer kifayət edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə