Çində baş verən zəlzələdə ölənlərin sayı 12-ə çatıb

Çinin Siçuan vilayətində baş verən 6 bal gücündə zəlzələdə ölənlərin sayı 12-yə çatıb, 122 nəfər müxtəlif dərəcədə bədən xəsarəti alıb. SİA xəbər verir ki, İbin şəhərində iyunun 17-də yerli vaxtla 22:55-də ilk təkan qeydə alınıb. Şəhər fövqəladə halların idarəedilməsi bürosundan verilən məlumata əsasən, şəhərin Çannin, Qonsian, Qaosian qəzalarında növbəti iki saat ərzində 8 yeraltı təkan baş verib. Zəlzələ vilayətin inzibati mərkəzi olan Çendu şəhərində və Çunçin bələdiyyəsi ərazisində də hiss olunub.

Təbii fəlakət bölgəsinə mülki müdafiə qüvvələri cəlb olunub. Evləri zərər görən sakinlər müvəqqəti çadırlarda yerləşdiriliblər. Hazırda bölgədə axtarış-xilasetmə işləri aparılır. Bəzi yerlərdə avtomobil yollarında hərəkət məhdudlaşdırlıb.

Çin Seysmoloji Mərkəzinin məlumatına əsasən, zəlzələ ocağı yer səthindən 16 kilometr dərinlikdə olub.

Qeyd edək ki, Çinin Siçuan vilayəti aktiv zəlzələ zonası hesab olunur. Bölgədə 2008-ci ildə baş verən zəlzələ 69 min nəfərin ölümü ilə nəticələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...