Tereza Meyin təklifi ölkədə narazılıq yaradıb

Böyük Britaniyanın baş naziri Tereza Mey kəskin tənqidlərə məruz qalıb. “Report”un Böyük Britaniya bürosu xəbər verir ki, buna səbəb onun “Brexit” danışıqları çərçivəsində Avropa İttifaqı (Aİ) ölkələrindən olan işçilərin ölkəyə girişinin məhdudlaşdırılması ilə bağlı irəli sürdüyü təklifdir.

“İndependent” qəzetinin yazdığına görə, hökumət tərəfindən hazırlanan hesabatdakı təkliflər, demək olar ki, Aİ-dən olan işçilərin Böyük Britaniyaya gəlməsinin qarşısını almaq məqsədi güdür: "Yeni immiqrasiya sistemi isə daha çox yüksək ixtisaslı kadrların ölkəyə gəlişinin cəlb edilməsinə yönəlib. Halbuki həm ictimai, həm də özəl sektordakı işəgötürənlər aşağı səviyyəli işçilərin ölkəyə gəlişinin kəsilməsinin NHS (sağlıq), sosial qayğı, tikinti, ərzaq və xidmət sektorları üçün ağır nəticələrə səbəb olacağı haqqında xəbərdarlıq edib".

Miqrasiya Məsləhət Komitəsinin verdiyi hesabatda isə aşağı səviyyəli kadrların gəlişinə qadağaya istisna hal kimi mövsümi kənd təsərrüfatı işçilərinin gəlişi göstərilib.

Master İnşaatçılar Federasiyasının (Federation of Master Builders) baş icraçı direktoru Brian Berry fəaliyyəti Aİ-dən gələn tikinti işçilərindən asılı olan on minlərlə kiçik tikinti firmalarının bundan zərər görəcəyini bildirib: “Bu nəticə kiçik və mikro tikinti firmaları üçün dəhşətli olacaq".

Qida və İçki Federasiyasından isə bildirilib ki, biznesin böyüməsini məhdudlaşdıran qanunların qoyulması və müxtəlif bacarıqlara sahib işçilərin kənarlaşdırılması Böyük Britaniyada uzun müddətdə ərzaq və içki xərclərini artıra bilər.

Hesabatda maraqlı fakt olaraq Aİ vətəndaşlarının Böyük Britaniyalı işçilərin əmək haqqına az təsir göstərdiyi, onların vergidən daha çox pay verdiyi, ölkədə artan cinayətlərlə heç bir əlaqələrinin olmadığı və sağlıq sisteminə istehlak etdiklərindən daha çox fayda göstərdikləri bildirilib.

“Home Office”in sözçüsünün verdiyi açıqlamada isə Böyük Britaniyanın yeni immiqrasiya sisteminin bütün ölkənin maraqlarını qoruma məqsədi daşıdığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə