Almaniya və Fransadan ortaq islahat qərarı

Almaniyanın yeni hökuməti Fransa Prezidenti Emmanuel Makronun Avropa İttifaqında islahatlara dair təkliflərinə “çox səmərəli və çevik” şəkildə baxmaq niyyətindədir. Bunu Almaniyanın yeni xarici işlər naziri Xayko Mas Parisə səfəri zamanı bəyan edib. Mas vurğulayıb ki, XİN-in rəhbəri təyin olunduqdan bir neçə saat sonra Fransa paytaxtına səfərə gəlməyində məqsədi Makronun Avropanın yenilənməsi haqqında təkliflərinə həmrəylik nümayiş etdirməkdir.

Fransanın xarici işlər naziri Jan-İv Le Drian da Berlin və Parisin bir sıra mövzulara dair razılaşdırılmış fəaliyyətinin “xüsusilə zəruri” olduğuna işarə edib. Aİ-da islahatlar məsələsi ilə yanaşı, fransalı nazir “Breksit”i, Suriyada və Ukraynada böhranlı vəziyyəti, İranın nüvə proqramı ilə bağlı sazişi də xatırladıb.

Angela Merkelin AFR-in kansleri vəzifəsinə yenidən seçilməsindən sonra ilk xarici səfəri çərçivəsində martın 16-da Parisə gələcəyi gözlənilir. Yeni vitse-kansler, maliyyə naziri Olaf Şolts da səfər zamanı Almaniya hökumətinin başçısını müşayiət edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə