“San-Juan” sualtı qayığı susur

Argentinaya məxsus “San-Juan” sualtı qayığını tapmaq üçün daha bir ümid puça çıxıb: Ekspertlər hərbçilər tərəfindən qeydə alınan səs siqnalının itən sualtı qayığa aid olmadığını müəyyən ediblər.

Euronews telekanalı xəbər verir ki, bunu Argentina Hərbi Hava Qüvvələrinin nümayəndəsi Enrike Balbi bildirib. Siqnal ABŞ-ın “sualtı qayıq ovçusu” adlandırılan “P-8A Poseidon” təyyarəsi vasitəsilə aşkarlanmış və qeydə alınmışdı. Səs siqnalı hər hansı bir alətlə metal korpusa endirilən zərbələri xatırladırdı.

Xatırladaq ki, noyabrın 15-də “San-Juan” sualtı qayığı Argentina Hərbi Dəniz Qüvvələrinin “Uşuaya” bazasından daimi dislokasiya olunduğu “Mar-del-Plata” bazasına üzən zaman onunla əlaqə kəsilib. Qayığın göyərtəsində 44 nəfər olub. Həmin gün hadisədən bir qədər əvvəl son əlaqə zamanı ekipaj akkumulyatorda qısa qapanma ilə bağlı nasazlıq barədə məlumat verib. Bundan sonra isə sualtı qayıqla bir daha əlaqə qurmaq mümkün olmayıb.

Noyabrın 16-dan başlayan axtarış-xilasetmə əməliyyatlarında hazırda 14 gəmi və 10 təyyarə iştirak edir. Əlverişsiz hava şəraiti, güclü külək və yüksək dalğalar əməliyyatları çətinləşdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə