“Qızıl top” mükafatının sahibi məlum olacaq

Dekabrın 2-də FIFA və “France Football” jurnalı ilin ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatının sahibini açıqlayacaqlar. SİA-nın məlumatına görə, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq mərasim Parisdəki “Şatle” teatrında baş tutacaq. Təqdimat mərasiminin aparıcılarından biri “Çelsi”nin sabiq hücumçusu Didye Droqba olacaq.

Mükafatın qalibi üç namizəd - “Barselona” klubunun argentinalı futbolçusu Lionel Messi, “Yuventus”un portuqaliyalı hücumçusu Kriştiano Ronaldo və “Liverpul”un niderlandlı müdafiəçisi Virgil van Deyk arasından seçiləcək.

“France Football” nəşri “Qızıl top” mükafatını 1956-cı ildə təsis edib. İndiyə qədər Kriştiano Ronaldo və argentinalı Lionel Messi hərəsi 5 dəfə, fransız Mişel Platini, həmçinin hollandiyalılar – Yohan Kroyf və Marko van Basten üç dəfə bu mükafata layiq görülüblər. Ötən il “Qızıl top” mükafatı Madridin “Real” komandasının xorvatiyalı yarımmüdafiəçisi Luka Modriçə təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...