"Düdelanj" ciddi itki ilə üzləşib

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Düdelanj" ciddi itki ilə üzləşib. Qol.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Mişel Qaros ölkə çempionatının son turunda zədələnib. Həkim müyinəsindən sonra dizindəki problemə görə futbolçunun 6-8 həftə meydana çıxa bilməyəcəyi məlum olub. Bu isə onun üçün Avroliqanın başa çatması deməkdir. 31 yaşlı futbolçu "Qarabağ"la Lüksemburqda keçirilən oyunda qırmızı vərəqə aldığından onun növbəti turda "Sevilya" ilə matçı buraxacağı dəqiq idi.
Fransalı futbolçu Lüksemburq mətbuatına açıqlamasında "Qarabağ"la görüşdə qırmızı vərəqə aldığı epizod haqda danışıb. Hakimin düzgün qərar vermədiyini bildirən futbolçu eyni zamanda APOEL-lə "Qarabağ"ı müqayisə edib: “Qırmızı vərəqə aldığım epizodda hakim düzgün qərar vermədi. Mənim ayağım rəqibə toxunmamışdı. Videodan da aydın görünür. Sadəcə, rəqib yaxşı qışqırdı, yaxşı yıxıldı. Hakimin şotlandiyalı olmasına belə şübhəm yarandı. “Qarabağ” APOEL qədər güclü deyil. Amma biz bu qarşılaşmanı əldən verdik”.

Bütün xəbərlər Facebook səhifəmizdə