AFFA İntizam Komitəsi "Sabah" klubunun futbolçusu Təmkin Xəlilzadəni 5 oyunluq cəzalandırıb. SİA-nın məlumatına görə, buna 26 yaşlı cinah oyunçusunun Premyer Liqanın VIII turunda "Keşlə" ilə görüşün (1:1) sonunda baş hakim Kamal Umudluya qarşı fiziki təsir göstərməyə cəhd etməsi səbəb olub. Klub isə 4 min manat məbləğində cərimələnib.

Azərbaycan millisinin futbolçusuna verilmiş 5 oyunluq cəzanın 3 oyunu şərti tətbiq edilib və 3 ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində Xəlilzadə yenidən cəzalanacağı təqdirdə, sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.

Paytaxt təmsilçisinin digər üzvü Filip İvanoviç həmin qarşılaşmada ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzaya məruz qalıb, klub isə 200 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, Təmkin Xəlilzadə matç başa çatandan sonra baş hakimə kəskin etirazı qarşılığında qırmızı vərəqə alıb. Bundan qəzəblənən futbolçu referini vurmaq istəyib. Onu komanda yoldaşları və polislər sakitləşdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə