“Bavariya” Koutinyo üçün “Barselona”ya 8,5 milyon avro ödəyib

Braziliyalı yarımmüdafiəçi Filippe Koutinyo cari futbol mövsümünün sonuna qədər Münxenin “Bavariya” klubunun heyətində çıxış edəcək. Klubun saytında yer alan məlumata görə, “Barselona”dan icarəyə götürülən futbolçu tibbi müayinələrdən sonra “Bavariya” ilə 2020-ci il iyunun 30-dək qüvvədə olan müqavilə imzalayıb. “Bavariya”nın birillik icarə üçün “Barselona”ya 8,5 milyon avro ödədiyi bildirilir.

F.Koutinyo bu barədə deyib: “Avropanın ən böyük klublarından birinin heyətində çıxış etmək mənim üçün yeni çağırışdır. Qarşıdakı dövr mənim üçün ciddi əhəmiyyət daşıyır. “Bavariya” klubu kimi mənim də böyük hədəflərim var və yeni komandamla birlikdə onlara nail olacağıma inanıram.

“Bavariya” klubunun baş icraçı direktoru, əfsanəvi futbolçu Karl-Haynts Rummeniqqe isə bu barədə bildirib: “Çox şadıq ki, bu transferi başa çatdıra bildik. Transferlə bağlı razılığa görə “Barselona” klubuna minnətdaram. Filippe yaradıcılığı və qeyri-adi bacarığı ilə bizim hücum xəttimizi dərhal gücləndirə biləcək bir futbolçudur”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...