"Litva yaxşı komandadır, ancaq favorit bizik"

"Litva yaxşı komandadır. Ancaq düşünürəm ki, favorit bizik. Bütün fikrimiz də qələbəyə yönəlib". Bu sözlər Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevə məxsusdur. Sabah "Bakcell Arena"da Litva ilə keçiriləcək yoldaşlıq görüşü öncəsi təşkil edilən mətbuat konfransına qatılan hücumçu fikirlərini bölüşüb. O, bildirb ki, təkcə yaxşı oyun yox, qələbə də vacibdir: "Qalibiyyət Slovakiya və Macarıstanla oyunlar öncəsi yüksək motivasiya yaradar. Baş məşqçi də fikirlərində bizə bunu bildirib".

Şeydayev məşhur karikaturaçı Omar Mamoninin onun Xorvatiya ilə matçda vurduğu qol epizodu ilə bağlı hazırladığı karikatiraya münasibətini də bildirib: "Belə karikatura mənə və heç kimə pis təsir etməz. Kiminsə barəsində heç nə yazılmırsa və ya çəkilmirsə, bunun üçün çox pis oynamaq lazımdır. Mən buna normal yanaşıram".

23 yaşlı forvard "Krılya Sovetov"la müqavilə müddətinin birillik olduğunu və bundan sonra nə edəcəyi ilə bağlı hələ düşünmədiyini söyləyib: "İndidən bu suala cavab vermək çətindir. Qarşıda Rusiya çempionatında 10 oyun var. Yenə qollar vura bilərəm və ya proseslər başqa cür davam edə bilər. Hələlik milli komanda barədə düşünürəm. Qayıtdıqdan sonra klubdakı çıxışıma köklənəcəyəm".

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Litva oyunu saat 18:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...