Balaca gimnastların fərdi proqramda çoxnövçülük yarışlarına yekun vurulub - FOTOLAR

Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyində balacalar - 2008-2010-cu il təvəllüdlü qızlar arasında çoxnövçülük üzrə fərdi yarışlara yekun vurulub. SİA-nın məlumatına görə, alətsiz, top və halqalarla çıxış edən 2010-cu il təvəllüdlü gimnastlardan İlahə Bahadırova birinci, Şəms Müvəffəqi ikinci, Nəzrin Salmanlı üçüncü yeri tutub. Hər üç gimnast "Ocaq Sport" klubunu təmsil edir. 2009-cu il təvəllüdlü qızlardan Gövhər İbrahimova qızıl, Sofiya Məmmədova gümüş, Məryəm Əliyeva bürünc medala sahib olub. Bu yaş kateqoriyasında da mükafatçılar sırasına düşənlər "Ocaq Sport" klubunun yetirmələridir. 2008-ci il təvəllüdlü gimnastların yarışında isə Nərminə Bayramova ("Ocaq Sport"), Leyli İsmayılova (Bakı Gimnastika Məktəbi) və Tahirə Tağıyeva ("Ocaq Sport") fəxri kürsünün müvafiq olaraq birinci, ikinci və üçüncü pilləsində yer alıblar.

Milli Gimnastika Arenasında 2006-2007-ci il təvəllüdlü yeniyetmə gimnastlar alətsiz və iplə yarışlarda öz məharətlərini göstərməyə başlayıblar. Bu yaş kateqoriyası üzrə fərdi proqramda top və gürzlərlə yarışlar avqustun 11-də keçiriləcək. Dörd hərəkətin ümumi yekununa görə yeniyetmələr arasında fərdi proqramda çoxnövçülük üzrə qalib və mükafatçıların adlarına aydınlıq gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...