Fransa millisi ikinci dəfə dünya çempionu adını qazanıb

Bu gün Rusiyada keçirilən XXI dünya çempionatına yekun vurulub. SİA-nın məlumatına görə, həlledici qarşılaşmada Fransa və Xorvatiya milliləri üz-üzə gəlib. 4:2 hesabı ilə qalib gələn Fransa DÇ-2018-in qalibi olub.

Bununla da Fransa 20 ildən sonra yenidən dünya çempionatının kubokunu qazanıb. Komanda DÇ-1998-in finalında Braziliyanı 3:0 hesabı ilə məğlub edərək ilk dəfə mundialın qalibi olmuşdu.

19:00. Fransa - Xorvatiya - 4:2

Qollar: Mandzukiç, 18-avtoqol (1:0), Perişiç, 29 (1:1), Qrizmann, 38-pen (2:1), Poqba, 59 (3:1), Mbappe, 65 (4:1), Mandzukiç, 69 (4:2)

Hakimlər: Nestor Pitanya, Ernan Maydana, Xuan Pablo Belatti (hamısı Argentina), Byörn Kuypers, Ervin Zeinstra (hər ikisi Hollandiya)

Moskva, "Lujniki" stadionu.

Qaliblərin mükafatlandırılması mərasimində FIFA prezidenti Canni İnfantino, ev sahibi Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron və Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç iştirak ediblər.

Mükafatlandırma mərasimində 2014-cü ildə futbol üzrə dünya çempionu Almaniya millisinin kapitanı olmuş Filip Lahm mundialın kubokunu arenaya gətirib.

Xorvatiya yığmasının kapitanı Luka Modriç çempionatın ən yaxşı futbolçusu, Fransa millisinin gənc hücumçusu Kaylian Mbappe isə ən yaxşı gənc futbolçusu elan ediliblər. Ən yaxşı qapıçı adına isə Belçika millisinin qolpikeri Tibo Kurtua layiq görülüb.

Sonra dünya çempionatında ikinci yeri tutan Xorvatiya yığmasının futbolçularına mundualın gümüş medalları təqdim edilib.

Daha sonra XXI dünya çempionu Fransa millisinin üzvlərinə qızıl medallar təqdim olunub.

Nəhayət, çempionatın ən çox gözlənilən anı yetişib. FIFA prezidenti Canni İnfantino XXI dünya çempionu olan Fransa yığmasının kapitanı Uqo Lorisə mundialın kubokunu təqdim edib.

Qeyd edək ki, çempionatın ən məhsuldar futbolçusu İngiltərə yığmasının hücumçusu Harri Keyn olub. O, rəqib qapılarına 6 dəfə yol tapıb.

Beləliklə, iyunun 14-də Moskvadakı “Lujniki” stadionunda start götürən XXI dünya çempionatı iyulun 15-də elə həmin arenada da Fransa yığmasının çempionluğu ilə başa çatıb.

Növbəti – XXII dünya çempionatı 2022-ci ildə Qətər Dövlətində keçiriləcək.

XXI dünya çempionatının sonuncu – 64-cü oyununda Fransa yığmasının heyətində meydana Uqo Loris, Samuel Umtiti, Rafael Varan, Benjamen Pavar, Luka Ernandes, Pol Poqba, Nqolo Kante, Blez Matuidi, Antuan Qrizman, Kilyan Mbappe və Olivye Jiru çıxıblar.

Xorvatiya millisinin start heyətində isə meydana Daniel Subaşiç, İvan Striniç, Domaqoy Vida, Deyan Lovren, Şime Vrsalko, İvan Perişiç, Marselo Brozoviç, İvan Rakitiç, Luka Modriç, Ante Rebiç və Mario Mandzukiç yer alıblar.

Oyunu argentinalı referi Nestor Pitana idarə edir.

Bu matç müəyyən mənada Xorvatiya yığması üçün revanş xarakteri daşıyır. Balkan təmsilçisi mundiallarda debüt etdiyi 1998-ci ildəki çempionatın yarımfinalında məhz ev sahibi Fransaya məğlub olub. Həmin görüşdə 1:2 hesabı ilə uduzan xorvatiyalılar üçüncü yer uğrunda matçda Niderlanda qalib gələrək (2:1) bürünc medallara layiq görülüblər. “Fransa 1998”də rəqib qapılarına 6 dəfə yol tapan xorvatiyalı hücumçu Davor Şuker çempionatın ən məhsuldar futbolçusu olub.

Xorvatiyalılar həmin dünya çempionatından sonra 2002-ci, 2006-cı və 2014-cü illərdəki mundiallarda iştirak hüququ qazansa da, mübarizəni qrup mərhələlərində dayandırıb.

1930-cu ildə ilk dünya çempionatında iştirak edən dörd Avropa təmsilçisindən biri olan Fransa yığması isə indiyədək 14 dəfə mundiallarda yer alıb. 1998-ci ildə dünya çempionu adını qazanan Fransa millisi 2006-cı ildə finalda İtaliyaya uduzub. Komanda 1958-ci və 1986-cı illərdə dünya çempionatlarının bürünc medallarını qazanıb. 1958-ci ildə Fransa millisinin hücumçusu Jüst Fonten 13 qolla çempionatın bombardiri olub. O, bir çempionatda ən çox qol vuran futbolçu rekordunu bu günədək özündə saxlayır.

Builki mundialda heyətinin əksəriyyəti gənc futbolçulardan ibarət olan Fransa yığması finala vəsiqə qazanmaqla yeni rekord müəyyənləşdirib. Belə ki, Fransa millisi son 20 il ərzində dünya və Avropa çempionatları da daxil olmaqla ümumilikdə 5 dəfə finalda oynamaq hüququ qazanıb.

“Rusiya 2018”də mübarizəyə “C” qrupunda başlayan Didye Deşamın yetirmələri Avstraliyanı 2:1, Perunu isə 1:0 hesabı ilə məğlub ediblər. Üçüncü görüşdə Danimarka ilə qolsuz heç-heçə edərək qrup birincisi kimi səkkizdəbir finala yüksələn Fransa millisi bu mərhələdə Argentina yığmasını mübarizədən kənarlaşdırıb – 4:3. Fransa yığması dörddəbir finalda Uruqvayı (2:0), yarımfinalda isə Belçikanı (1:0) məğlub edərək tarixində üçüncü dəfə dünya çempionatının finalına yüksəlib.

XXI dünya çempionatının “D” qrupunda Nigeriya (2:0), Argentina (3:0) və İslandiya (2:1) seçmələrinə qalib gələn xorvatiyalılar qrup mərhələsində 9 xal toplayan üç komandadan biri olub. Qrup birincisi kimi səkkizdəbir finala çıxan Xorvatiya yığması finala gedən yolda keçirdiyi bütün görüşlərin əsas vaxtında qalib gələ bilməyib. Səkkizdəbir finalda Danimarka ilə 1:1 hesablı heç-heçə edən Xorvatiya yığması 11 metrlik cərimə zərbələri seriyasında qalib gəlib - 3:2. Balkan təmsilçisi eyni aqibəti dörddəbir finalda Rusiya yığmasına yaşadıb. Belə ki, 2:2 hesablı heç-heçədən sonra xorvatiyalılar yenə də 11 metrlik cərimə zərbələri seriyasında qələbə qazanıblar – 4:3. İngiltərə millisi ilə yarımfinal matçının 4-cü dəqiqəsində öz qapısında top görməsinə baxmayaraq, möhtəşəm geri dönüş edən Balkan təmsilçisi 68-ci dəqiqədə İvan Perişiçin zərbəsi ilə hesabı bərabərləşdirib, 109-cu dəqiqədə isə Mario Mandzukiçin qolu ilə tarixində ilk dəfə finala yüksəlib.

Xatırladaq ki, XXI dünya çempionatında üçüncü yer uğrunda görüşdə Belçika millisi İngiltərə seçməsini 2:0 hesabı ilə məğlub edərək bürünc medallara sahib olub. Çempionatın ən məhsuldar komandası və futbolçusu adları məhz bu iki komandaya məxsusdur. Belə ki, Belçika millisi ən çox qol vuran (16) komanda, ingilislərin hücumçusu Harri Keyn isə ən çox fərqlənən (6 qol) futbolçudur.

Bütün xəbərlər Facebook səhifəmizdə