Fransa millisi 2-ci dəfə dünya çempionu oldu - FOTOLAR - YENİLƏNİB

Qaliblərin mükafatlandırılması mərasimində FIFA prezidenti Canni İnfantino, ev sahibi Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron və Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç iştirak ediblər.

Mükafatlandırma mərasimində 2014-cü ildə futbol üzrə dünya çempionu Almaniya millisinin kapitanı olmuş Filip Lahm mundialın kubokunu arenaya gətirib.

Xorvatiya yığmasının kapitanı Luka Modriç çempionatın ən yaxşı futbolçusu, Fransa millisinin gənc hücumçusu Kaylian Mbappe isə ən yaxşı gənc futbolçusu elan ediliblər. Ən yaxşı qapıçı adına isə Belçika millisinin qolpikeri Tibo Kurtua layiq görülüb.

Sonra dünya çempionatında ikinci yeri tutan Xorvatiya yığmasının futbolçularına mundualın gümüş medalları təqdim edilib.

Daha sonra XXI dünya çempionu Fransa millisinin üzvlərinə qızıl medallar təqdim olunub.

Nəhayət, çempionatın ən çox gözlənilən anı yetişib. FIFA prezidenti Canni İnfantino XXI dünya çempionu olan Fransa yığmasının kapitanı Uqo Lorisə mundialın kubokunu təqdim edib.

Qeyd edək ki, çempionatın ən məhsuldar futbolçusu İngiltərə yığmasının hücumçusu Harri Keyn olub. O, rəqib qapılarına 6 dəfə yol tapıb.

Beləliklə, iyunun 14-də Moskvadakı “Lujniki” stadionunda start götürən XXI dünya çempionatı iyulun 15-də elə həmin arenada da Fransa yığmasının çempionluğu ilə başa çatıb.

Növbəti – XXII dünya çempionatı 2022-ci ildə Qətər Dövlətində keçiriləcək.

20:56

Oyunun qalan dəqiqələrində əlavə qol olmayıb və matç Fransa yığmasının qələbəsi ilə başa çatıb.

Beləliklə, futbol üzrə XXI dünya çempionatın finalında Xorvatiya yığmasına 4:2 hesabı ilə qalib gələn Fransa seçməsi tarixində ikinci dəfə dünya çempionu adını qazanıb.

Fransızlar son 20 ildə oynadığı üçüncü final qarşılaşmasının ikisində qalib gəlməyi bacarıblar.

Fransa yığmasının baş məşqçisi Didye Deşam 1998-ci ildə kapitan kimi qazandığı dünya çempionluğunu bu dəfə baş məşqçi kimi əldə edib.

20:29

Matçın 65-ci dəqiqəsində Kaylian Mbappe Fransa millisinin dördüncü qolunu Xorvatiya yığmasının qapısından keçirib. Luka Hernandesdən ötürmə alan Kaylian Mbappenin qüvvətli zərbəsi qapıçı Daniel Subaşiç üçün əlçatmaz olub – 4:1.

Bu qol Kaylian Mbappe üçün xüsusilə əlamətdar olub. Belə ki, o, braziliyalı Peledən sonra final qarşılaşmasında 20 yaşına çatmamış fərqlənən ikinci futbolçu kimi tarixə düşüb.

Lakin Xorvatiya yığmasının bu qola cavabı çox gecikməyib. Oyunun 69-cu dəqiqəsində qapıçı Uqo Lorisə pressinq tətbiq edən Mario Mandzukiç qolkiperin səhvindən istifadə edərək hesab arasındakı fərqi azaldıb – 4:2.

20:22

Oyunun 52-ci dəqiqəsində Fransa yığmasının sağ cinahdan hücumu zamanı Kaylian Mbappe Domaqoy Vidanı keçərək qapıya zərbə imkanı tapsa da, Daniel Subaşiç topu dəf edə bilib.

Matçın 59-cu dəqiqəsində Fransa seçməsi hesab arasındakı fərqi iki topa çatdırıb. Sürətli əks-hücum zamanı Mbappenin ötürməsindən sonra rəqibin cərimə meydançasında topu qəbul edən Antuan Qrizman onu ram edərək Pol Poqbaya ötürüb. İlk zərbəsi müdafiəçi Lovrendən geri qayıdan Pol Poqba ikinci cəhdində topu qapıya göndərməyi bacarıb – 3:1.

20:10

Hazırda final matçında ikinci hissə oynanılır. Fasilədən sonra ilk təhlükəli vəziyyəti Fransa yığması yaradıb. Matçın 46-cı dəqiqəsində Mbappenin ötürməsindən sonra Antuan Qrizmanın zərbəsini qapıçı Subaşiç tutub.

Bu qoldan 1 dəqiqə sonra Xorvatiya yığmasının hücumu zamanı İvan Perişiçin gözəl ötürməsindən sonra Ante Rebiçin qüvvətli zərbəsini fransalı Uqo Loris çətinliklə dəf edərək auta göndərib.

Oyunun 49-cu dəqiqəsində Xorvatiya millisinin növbəti hücumu zamanı rəqibin cərimə meydançasına daxil olan Mario Madzukiçin qarşısını müdafiəçilər son anda ala biliblər.

19:50

Xorvatiya yığması görüşün 45+1-ci dəqiqəsində hesabı bərabərləşdirmək üçün gözəl imkan yaratsalar da, bundan yararlana bilməyiblər. Domaqoy Vida küncdən zərbədən verilən hava ötürməsindən sonra topa başla istədiyi zərbəni endirə bilməyib.

Beləliklə, matçın ilk hissəsi Fransa yığmasının 2:1 hesablı üstünlüyü ilə başa çatıb. Fransızlar birinci hissədə rəqib qapısına bir dəqiq zərbə endirmələrinə baxmayaraq, öz aktivlərinə iki qol yazdırmağı bacarıblar.

19:38

Matçın 34-cü dəqiqəsində Fransa yığmasının yerinə yetirdiyi küncdən zərbə ilə cərimə meydançasına ötürmə zamanı topun İvan Perşiçin əlinə dəyməsi ilə əlaqədar yaranan mübahisləi vəziyyət VAR sistemi ilə yenidən dəyərləndirilib.

Argentinalı referi Nestor Pitananın matçın 38-ci dəqiqəsində Xorvatiya yığmasının qapısına təyin etdiyi 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Antuan Qrizman Fransanı yenidən hesabda irəli çıxarıb – 2:1.

19:29

Görüşün 27-ci dəqiqəsində xorvatiyalıların sürətli əks-hücumu zamanı İvan Perişiçə qarşı kobudluq edən Nqolo Kante sarı vərəqə ilə cəzalandırılıb.

Xorvatiyalıların yerinə yetirdiyi cərimə zərbəsi ilə başlayan hücumda cərimə meydançasına ötürülən topu Domaqoy Vida İvan Perişiçə göndərib. Topu qüvvətli zərbə ilə qapıya göndərən İvan Perişiç matçda hesabı bərabərləşdirib – 1:1.

19:25

Qoldan sonra hesabı bərabərləşdirmək üçün təzyiqləri daha da artıran Xorvatiya yığmasının matçın 24-cü dəqiqəsində təşkil etdiyi hücum zamanı Mario Mandzukiçdən ötürmə alan İvan Rakitiçin qüvvətli zərbəsindən sonra top qapıdan aralı keçib.

19:19

Matçın 19-cu dəqiqəsində Fransa millisi görüşdə hesab açıb. Oyunun 19-cu dəqiqəsində Antuan Qrizmanın yerinə yetirdiyi cərimə zərbəsindən hava ötürməsindən sonra Rafael Varanın başla qapıya göndərdiyi top Mario Mandzukiçə toxunduqdan sonra qapıya daxil olub – 1:0.

19:15

Xorvatiyalılar oyuna daha fəal başlayıblar. Matçda ilk təhlükəli vəziyyəti də xorvatiyalılar yaradıblar. Matçın 12-ci dəqiqəsində İvan Rakitiçin rəqibin cərimə meydançasına hava ötürməsindən sonra İvan Perişiç topu istədiyi kimi ram edə bilməyib və top meydanı tərk edib.

19:00

İyulun 15-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının finalında Fransa və Xorvatiya milliləri qarşılaşırlar.

SİA xəbər verir ki, Moskvadakı “Lujniki” stadionunda oynanılan görüşdə fransızlar ikiqat dünya çempionu olmaq, xorvatiyalılar isə kuboku ilk dəfə başları üzərinə qaldırmaq üçün mübarizə aparırlar.

XXI dünya çempionatının sonuncu – 64-cü oyununda Fransa yığmasının heyətində meydana Uqo Loris, Samuel Umtiti, Rafael Varan, Benjamen Pavar, Luka Ernandes, Pol Poqba, Nqolo Kante, Blez Matuidi, Antuan Qrizman, Kilyan Mbappe və Olivye Jiru çıxıblar.

Xorvatiya millisinin start heyətində isə meydana Daniel Subaşiç, İvan Striniç, Domaqoy Vida, Deyan Lovren, Şime Vrsalko, İvan Perişiç, Marselo Brozoviç, İvan Rakitiç, Luka Modriç, Ante Rebiç və Mario Mandzukiç yer alıblar.

Oyunu argentinalı referi Nestor Pitana idarə edir.

Bu matç müəyyən mənada Xorvatiya yığması üçün revanş xarakteri daşıyır. Balkan təmsilçisi mundiallarda debüt etdiyi 1998-ci ildəki çempionatın yarımfinalında məhz ev sahibi Fransaya məğlub olub. Həmin görüşdə 1:2 hesabı ilə uduzan xorvatiyalılar üçüncü yer uğrunda matçda Niderlanda qalib gələrək (2:1) bürünc medallara layiq görülüblər. “Fransa 1998”də rəqib qapılarına 6 dəfə yol tapan xorvatiyalı hücumçu Davor Şuker çempionatın ən məhsuldar futbolçusu olub.

Xorvatiyalılar həmin dünya çempionatından sonra 2002-ci, 2006-cı və 2014-cü illərdəki mundiallarda iştirak hüququ qazansa da, mübarizəni qrup mərhələlərində dayandırıb.

1930-cu ildə ilk dünya çempionatında iştirak edən dörd Avropa təmsilçisindən biri olan Fransa yığması isə indiyədək 14 dəfə mundiallarda yer alıb. 1998-ci ildə dünya çempionu adını qazanan Fransa millisi 2006-cı ildə finalda İtaliyaya uduzub. Komanda 1958-ci və 1986-cı illərdə dünya çempionatlarının bürünc medallarını qazanıb. 1958-ci ildə Fransa millisinin hücumçusu Jüst Fonten 13 qolla çempionatın bombardiri olub. O, bir çempionatda ən çox qol vuran futbolçu rekordunu bu günədək özündə saxlayır.

Builki mundialda heyətinin əksəriyyəti gənc futbolçulardan ibarət olan Fransa yığması finala vəsiqə qazanmaqla yeni rekord müəyyənləşdirib. Belə ki, Fransa millisi son 20 il ərzində dünya və Avropa çempionatları da daxil olmaqla ümumilikdə 5 dəfə finalda oynamaq hüququ qazanıb.

“Rusiya 2018”də mübarizəyə “C” qrupunda başlayan Didye Deşamın yetirmələri Avstraliyanı 2:1, Perunu isə 1:0 hesabı ilə məğlub ediblər. Üçüncü görüşdə Danimarka ilə qolsuz heç-heçə edərək qrup birincisi kimi səkkizdəbir finala yüksələn Fransa millisi bu mərhələdə Argentina yığmasını mübarizədən kənarlaşdırıb – 4:3. Fransa yığması dörddəbir finalda Uruqvayı (2:0), yarımfinalda isə Belçikanı (1:0) məğlub edərək tarixində üçüncü dəfə dünya çempionatının finalına yüksəlib.

XXI dünya çempionatının “D” qrupunda Nigeriya (2:0), Argentina (3:0) və İslandiya (2:1) seçmələrinə qalib gələn xorvatiyalılar qrup mərhələsində 9 xal toplayan üç komandadan biri olub. Qrup birincisi kimi səkkizdəbir finala çıxan Xorvatiya yığması finala gedən yolda keçirdiyi bütün görüşlərin əsas vaxtında qalib gələ bilməyib. Səkkizdəbir finalda Danimarka ilə 1:1 hesablı heç-heçə edən Xorvatiya yığması 11 metrlik cərimə zərbələri seriyasında qalib gəlib - 3:2. Balkan təmsilçisi eyni aqibəti dörddəbir finalda Rusiya yığmasına yaşadıb. Belə ki, 2:2 hesablı heç-heçədən sonra xorvatiyalılar yenə də 11 metrlik cərimə zərbələri seriyasında qələbə qazanıblar – 4:3. İngiltərə millisi ilə yarımfinal matçının 4-cü dəqiqəsində öz qapısında top görməsinə baxmayaraq, möhtəşəm geri dönüş edən Balkan təmsilçisi 68-ci dəqiqədə İvan Perişiçin zərbəsi ilə hesabı bərabərləşdirib, 109-cu dəqiqədə isə Mario Mandzukiçin qolu ilə tarixində ilk dəfə finala yüksəlib.

Xatırladaq ki, XXI dünya çempionatında üçüncü yer uğrunda görüşdə Belçika millisi İngiltərə seçməsini 2:0 hesabı ilə məğlub edərək bürünc medallara sahib olub. Çempionatın ən məhsuldar komandası və futbolçusu adları məhz bu iki komandaya məxsusdur. Belə ki, Belçika millisi ən çox qol vuran (16) komanda, ingilislərin hücumçusu Harri Keyn isə ən çox fərqlənən (6 qol) futbolçudur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...